“Ermənistan işğaldan əvvəl Şuşa şəhərində olan 17 məsciddən 16-nı dağıdıb. Yalnız 1 məscid “tolerantlıq” nümunəsi kimi saxlanılıb və İrandan olan “mütəxəssislər”in vasitəçiliyi ilə onu İran məscidi kimi təqdim etməyə cəhd göstərilib”.
Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışında deyib.
Dövlət başçısı işğal edilmiş ərazilərdəki evlərin söküldüyünü, daşların Ermənistan və İranda satıldığını diqqətə çatdırıb: “Ermənistan həmçinin ətraf mühitə də böyük zərər vurub. İşğal dövrü ərzində 60 min hektar meşə sahəsi qırılıb, Ermənistan və İrana satılıb. Qızıl yataqlarının və digər təbii resursların qanunsuz istismarı həyata keçirilib. Bir Avropa şirkətinin iştirakı ilə transsərhəd çayı olan Oxçuçay sistemli şəkildə çirkləndirilib ki, bu da ekoloji faciəyə səbəb olub. Bu faktı artıq nüfuzlu beynəlxalq ekspertlər də təsdiq edirlər”.