Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident: “İtaliya Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır”

“Xəzər dənizi və Aralıq dənizi arasında Azərbaycanın körpü rolunu oynaması digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək ki, bu da Avropa İttifaqı enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir.

Bu siyasəti xarakterizə edən seçimləri hər zaman dəstəkləyən İtaliya Brüssel ilə yeni tərəfdaşlıq sazişinin imzalanması vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət baxır. Eyni istiqamətdə Bakı və Atlantik Tərəfdaşlıq Şurası arasındakı Aralıq dənizi sahəsində bütün maraqlı ölkələr üçün həyati əhəmiyyətə malik olan və stabilləşməyə töhfə verən sərfəli əməkdaşlıq davam edir”.

Boyukmillet.com-un xəbərinə görə, bunu fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarella deyib.

İtaliya Prezidenti bildirib ki, Azərbaycan və Avropa arasında əlaqələrin möhkəmlənməsi fərqli mədəniyyətlər və dinlərin daha ahəngli birgəyaşayışı üçün əlverişli şəraitin yaranmasına imkan verə bilər: “Cənab Prezident, Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsirdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu. Bu gün İtaliya Respublikası Sizin rəhbərliyiniz altında Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hisslərlə baxır.

Qlobal səviyyədə birinci ticari tərəfdaş kimi Roma Sizin idarəetməniz sayəsində başladılan iqtisadiyyatın şaxələndirilməsi prosesində Azərbaycan Respublikasının yanında olmaq niyyətindədir və ətraf aləmin qorunmasına yönəldilmiş texnoloji innovasiyalara açıq elmi və sənaye yenilikləri ilə töhfə verməyə hazırdır.

Bundan əlavə, illərdir ki, ölkələrimiz çoxtərəfli sahələrdə, xüsusən də ikitərəfli əməkdaşlığımızda əhəmiyyətli şəkildə seçilən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atmışdır.

Xüsusi məmnunluq hissi duyaraq qeyd etmək istərdim ki, italyan dili və mədəniyyəti artan marağa səbəb olur və mən inanıram ki, elmi, texnoloji və universitetlər sahələrində bağlanmış sazişlər bizim xalqlarımız arasında mövcud olan qarşılıqlı anlaşma və dostluğu daha da gücləndirəcək.

Bu axşamkı konsert yalnız Azərbaycan yaradıcılığının qeyri-adiliyini deyil, həmçinin Azərbaycan və İtaliya arasında mövcud dərin mədəni oxşarlıqları bir daha sübut edir.

Təsadüfü deyil ki, proqram İslam dünyasında ilk opera olan, keçən əsrin əvvəllərində Bakıda səhnələşdirilən və elə o dövrdən etibarən bizim mədəniyyətlərin yüksək sintezini ifadə edən “Leyli və Məcnun” əsərinin bəstəkarı olan Üzeyir Hacıbəylinin məşhur bir parçası ilə başlayır.

Cənab Prezident, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Sizin tarixi əhəmiyyətli dövlət səfəriniz də əminəm ki, bunu daha da gücləndirib, strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək”.

Qeyd edək ki, Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib. Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …