“Əziz dostlar, təxminən, 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında – iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi”.
Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunan Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı deyib.
“Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif poeziya günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri ki, hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və yenidən biz nəfəs almağa başlamışıq”, – dövlət başçısı bildirib.