“Kürdəmir rayonunun kəndlərində mövcud olan problemlər təhlil edilməlidir. İcra başçısı bütün kəndlərə getməlidir, insanlarla görüşməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, onda demək olar ki, bütün problemlər həll olunar. O cümlədən Nizami və Nərimanov rayonlarının bütün guşələrində işlər elə getməlidir ki, bu rayonlar nümunəvi olsun”.
Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
“Yerlərdə həlli mümkün olmayan problemlərin, – elə problemlər təbii ki, var, – həlli üçün siz mərkəzi icra orqanlarına müraciət etməlisiniz, həlli mümkün olan problemləri isə özünüz həll etməlisiniz ki, insanlar sizdən razı olsun. İnsanlar sizdən razı olsalar, mən də sizin işinizdən razı olacağam.
Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Bu təyinatı mən ictimaiyyət üçün açıq edirəm ki, hər kəs bir daha görsün mənim tövsiyələrimi və sizin məsuliyyətinizi. Sizə uğurlar diləyirəm”, – Prezident vurğulayıb.