Deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar.
Bunu Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında çıxışında deyib.
Deputatların qarşısında duran vəzifələrdən danışan Prezident İlham Əliyev mövcud qanunların təkmilləşdirilməsinin və qəbul olunmuş qanunların icrasına nəzarətin əhəmiyyətinə toxunub.
Dövlətimizin başçısı vurğulayıb ki, qanunlar qəbul olunarkən iqtisadi inkişafın dərinləşdirilməsi, milli dəyərlərin qorunması, informasiya təhlükəsizliyi, sosial siyasət və gənclər siyasəti nəzərə alınmalıdır.
Prezident İlham Əliyev qeyd etdi ki, deputatlar seçicilərlə daim təmasda olmalı, onların problemləri ilə maraqlanmalıdırlar.
Dövlətimizin başçısı Milli Məclis üzvlərinin beynəlxalq qurumlarda Azərbaycan həqiqətlərini daha geniş şəkildə təbliğ etmələrinin vacibliyindən danışıb, Dağlıq Qarabağ məsələsində ermənilərin tarixi saxtalaşdırmaq cəhdlərinin qarşısının alınmasında fəallığı artırmağın zəruriliyindən söhbət açəb.
O bildirib ki, seçkilər Azərbaycanda aparılan siyasi kursa alternativ olmadığını bir daha sübut etdi. Bu gün ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitində yaşayır. Son 16 ildə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.
Prezident İlham Əliyev beşinci çağırış Milli Məclisin deputatlarına səmərəli fəaliyyətlərinə görə təşəkkür edib. Azərbaycan Prezidenti altıncı çağırış Milli Məclisin də uğurla fəaliyyət göstərəcəyinə, ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. 1300-dən çox namizədin mübarizə apardığı seçkilərin uğurla keçdiyini deyən Prezident İlham Əliyev bütövlükdə seçkilərin xalqımızın iradəsini tam ifadə etdiyini söyləyib.
Prezident onu da vurğulayıb ki, seçkilərdə bütün siyasi qüvvələr iştirak ediblər. Nəticədə, altıncı çağırış Milli Məclis çoxpartiyalı məclis kimi formalaşır. Seçkilərdə Yeni Azərbaycan Partiyasının yerlərin əksəriyyətini əldə etdiyini deyən dövlətimizin başçısı vurğulayıb ki, siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətləri sağlam zəmində inkişaf etdirmək üçün bütün partiyaların nümayəndələri Milli Məclisin rəhbərliyi və komitələrinin rəhbərliyində təmsil olunmalıdırlar.
Sonda Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğuladı. (publika.az)