“Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Ermənistan barədə dedikləri işğalçı ölkədə xunta rejiminin yaranmasını, onun hakimiyyətdə möhkəmlənməsini, qonşularına qarşı təcavüzkar və soyqırımı, istilaçılıq siyasətinə başlamasını, bu ölkənin regional dalana və sosial-iqtisadi cəhətdən məhv olma həddinə qədər gəlib çatmasını, eləcə də 30 ildə dünya birliyini necə aldatmasını və bundan sonrakı dövlət siyasətini inkişaf və tərəqqi yollarına çıxarmaq üçün nə etməli olduqlarını öyrənmək baxımından əhəmiyyətlidir.”
Bu sözləri “İki sahil”ə açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redeaktoru Aydın Quliyev deyib.
A.Quliyev bildirib ki, Prezidentin mətbuat konfransında jurnalistlərin suallarına cavabları geniş məlumatlar verən çıxışlar idi: “Bunlar təkcə 30 ildə Ermənistanda gedən prosesləri və onun nəticələrini dəyərləndirmək baxımından əhəmiyyətli deyil, eyni zamanda, Ermənistanın özü üçün də maraqlı və perspektivli mesajlarla zəngin olması nöqteyi-nəzərindən diqqəti cəlb edir. Xüsusilə də Ermənistanın indiyə qədər Azərbaycana qarşı apardığı təcavüzkar istilaçı və soyqırımı müharibəsindən hansı ziyanları gördüyü barədə deyilən fikirlər Ermənistana çox ciddi siqnal olmalıdı və əgər onlar bir dövlət olaraq özlərinin mövcudluğunu saxlamaq və əsl müstəqil dövlətə çevrilmək istəyirlərsə, mütləq şəkildə bunları nəzərə almalıdırlar. Çünki əgər Azərbaycana qarşı təcavüzkar siyasəti davam etdirmək niyyətləri olsa sözsüz ki, əvvəlkindən daha artıq və ciddi problemlərlə üzləşəcəklər.”
Aydın Quliyev qeyd edib ki, xüsusilə ölkə başçımızın Ermənistandakı revanş götürmək, Azərbaycandan qisas almaq və hansısa müddətdən sonra Azərbaycana qarşı köhnə əməlləri yenidən təkrarlamaq istəyən qüvvələrə verdiyi mesajlar diqqəti cəlb edir: “Düşünürəm ki, bunlar sadəcə dünya birliyi üçün yox, Ermənistandakı mütərəqqi ictimai və siyasi kəsimin ağıllı hissəsi üçün yox, eyni zamanda, mütərəqqi dünya qüvvələri üçün də maraqlı oldu. Çünki Prezident İlham Əliyevin Ermənistanda faşizmin və revanşizmin dövlət siyasətinə çevrilməsi barədə dediyi fikirlər vaxtilə Hitlerin Almaniyada hakimiyyətə gələrkən onun nələr edə biləcəyi barədə ağıllı qüvvələrin verdiyi mesajlarla oxşardır. Çünki 30-cu illərdə Hitler hakimiyyətə gələndə dünyanın və Almaniyanın ağıllı qüvvələri bu faşist partiyasının bəşəriyyəti hara aparıb çıxara biləcəyi barədə zamanında xəbərdarlıq etmişdilər. Ancaq təəssüf ki, o zaman nəinki buna məhəl qoyulmadı, mütərəqqi dünya Hitlerin mültəci siyasətinə göz yumdu. Bu da bəşəriyyəti ağır nəticələrlə üzləşdirdi.”
Həmsöhbətimiz son olaraq onu da bildirib ki, Azərbaycan Prezidentinin Ermənistanda faşizmin dirçəlməsi barədə dediyi fikirlər də dünya üçün ciddi qəbul edilmədiyi təqdirdə regionumuzda gələcəkdə sülh və təhlükəsizlik üçün böyük təhdidə çevrilə bilər: “Bu mənada Azərbaycan Prezidentinin dediyi fikirlər həm Ermənistanın indiyə qədər apardığı təcavüzkar siyasətin mahiyyətini başa düşmək , həm işğalçı ölkəni düçar olduğu sosial-iqtisadi fəlakətin səbəblərini düzgün qiymətləndirmək, həm də onu dalandan çıxarıb, inkişaf edən bir dövlətə çevirmək yollarını düzgün müəyyənləşdirməkdə əhəmiyyətlidir.”