Boyukmillet.com 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizəd Möhsüm Aslanovla müsahibəni təqdim edir.
– Möhsüm müəllim, 101 saylı Göygöl-Daşkəsən Seçki Dairəsindən deputatlığa namizədliyinizi irəli sürmüsünüz. Belə bir addım atmağınızın əsas qaynağı nədir?
– Bunlar çox təbii prossesdir, hər bir Azərbaycan vətəndaşı öz konistitutsiya hüququndan istifadə edərək belə bir addım ata bilər. Eyni zamanda illərlə təcrübə toplamış yetkin bir insan xidmətini xalqından əsirgəməməlidir. Amma bunun əsas səbəbi başqadır. Cənab Prezidentin son zamanlar apardığı islahatlar mənə bu cəsarəti verdi. Dövlət başçısının da dediyi kimi, Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub və bu islahatlar uğurlu nəticələr verməkdədir. Azərbaycan prezidenti xalqa faydalı və xoş olan hər bir islahata birbaşa özü müəlliflik edir. Həmçinin parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması da bu islahatların tərkib hissəsidir. Cənab İlham Əliyev xalqa bir daha reverans etdi ki, buyur, özünə lazım bildiyini, səni qane edəni özün seç. İndi növbə xalqındır və inanıram ki, o öz rəhbərinin xeyirxah addımını doğru qiymətləndirməyə qadirdir.
– Bəs, nədən 101 saylı Göygöl-Daşkəsən seçki dairəsindən namizədliyinizi verdiniz, başqa dairədən yox?
– Həssas məqamdır. Göygöl-Daşkəsən mənə doğulduğum Göyçə qədər əzizdir. Birincisi, dağların o tayı elə Göyçədir. İkincisi, 1988-ci ildə mənfur düşmənin xain siyasətinin qurbanına çevrilib doğma yurd-yuvamızdan didərgin düşəndə ilk gəldiyimiz yer elə Göygölün Şəhriyar kəndi oldu. Göygöllülər bizə isti qucaq açdılar, son tikələrini paylaşdılar. Neçə qohum-əqrabamız Göygölün, Daşkəsənin kəndlərinə yerləşdilər. Göygöl-Daşkəsən rayonlarında hələ 1948-ci il deportasiyası nəticəsində məskunlaşmış xeyli göyçəli vardı. Biz, Şəhriyara nənəli-babalı, atalı-analı gəlmişdik. Yaşadığımız illər ərzində neçə doğmamız yurd həsrəti ilə dünyadan köçdülər və Göygöl-Daşkəsən torpağına gömüldülər. Yurdlaşdı bu yerlər bizə, isinişdik bu camaata. İllərlə elədikləri yaxşılığı bir an belə unutmadım.
O kənddən həyata vəsiqə alıb ali məktəbə qəbul olundum. Azərbaycan televiziyasında jurnalist kimi fəaliyyət göstərməyə başladım. Düz 10 il orada işlədikdən sonra o Ulu Öndər Heydər Əliyevin tövsiyyəsi ilə televiziyamızın Ukrayna və Şərqi Avropa üzrə xüsusi nümayəndəliyinin rəhbəri təyin olundum. Ümummilli Liderimizin Ukraynaya səfərləri zamanı onu müşayət elədim. Bir an belə onun tövsiyyələrini unutmadım, onun amalları artıq mənim yaşam, düşüncə tərzimdir. Mən 18 il Göyçədə, 12 il Göygöl və Bakıda, düz 18 il də Ukraynada yaşamışam. Ukraynada və Şərqi Avropa ölkələrində Azərbaycan həqiqətlərini yaymaq üçün var-gücümlə çalışmışam. Ukraynada və digər yaxın ölkələrdə Ümummilli Liderimizin tövsiyyəsinə uyğun olaraq, diasporumuzun formalaşmasına, onun bir yumruq kimi birləşməsinə xidmət etmişəm. Sonralar da Ulu Öndərimizin layiqli davamçısı prezident İlham Əliyevin sıravi bir əsgəri kimi tapşırıqlarına, çağırışlarına sadiq olmuşam. Mənim amalım da, nicatım da, həyatım da bu olub. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmiz, insanlarımız üçün həyata keçirdiyi layihələr, böyük zəhmət və sevgi ilə göstərdiyi xidmətə bizim də səs verməyimiz vacibdir. Belə bir xeyirxah missiyaya biganə qalmaq, ən azı, vicdansızlıqdır.
Artıq özümü siyasətlə məşğul ola biləcək yetkin, hazırlıqlı, təcrübəli bir insan hesab edirəm. Ölkə başçısının islahatlarından qüvvət alaraq, Göygölə, göygöllülərə və daşkəsənlilərə öz mənəvi borcumu xidmətimlə qaytarmaq istəyirəm. Əgər Göygöl və Daşkəsən seçiciləri məni seçərsə, yenə də cənab prezidentin sadiq əsgəri kimi ölkəmizə, xalqımıza faydalı olmağa çalışacağam.
-Bayaq söylədiniz ki, 18 il Ukraynada yaşamısınız. Deyirlər, Vətən qıraqdan daha yaxşı görünür. Bu müddətdə ölkəmizdə hansı dəyişikliklərin baş verdiyinin şahidisiniz?
– Tam səmimi deyim ki, mən ilk dəfə 1998-ci ildə Kiyev şəhərinə gedəndə,özümü qaranlıq bir kənddən, işıqlı bir şəhərə düşmüş kimi hiss edirdim. Barispol hava limanından paytaxt Kiyevə doğru şütüyəndə şəhərin işıqları, şüşə kimi yolları gözlərimi qamaşdırmaqla, içimdə bir həsəd hissi oyatmışdı. Həqiqətən də o vaxtlar ölkəmiz ağır müharibədən 4-5 il olardı çıxmışdı. Ukrayna isə beynəlxalq sammitlərin keçirildiyi mərkəz rolunu oynayırdı. Bir milyondan çox qaçqın problemi, verdiyimiz minlərlə şəhid harayının fonunda ölkəmiz yeni-yeni dirçəlməyə başlayırdı.Böyük sınaqlarla arxada qoyduğumuz bu illər sonunda, gözəl bir gələcəyə gətirib çıxardı bizi. İndi mən Kiyevdən Bakıya qayıdanda tam başqa təəssüratlar yaşayıram. Pırıl-pırıl yanan bir şəhər, günəş kimi bərq vuran bir ölkə görürəm. Azərbaycan 20 il ərzində 40-50 illik bir inkişaf yolu keçib, Ukrayna isə qərbin bu ölkəyə ixrac etdiyi rəngli inqilabların dağıdıcı təsirindən 20-30 il geriyə düşüb. Ölkə əhalisi 56 milyondan 38 milyon nəfərə qədər azalıb.Tam səmimi deyim ki, bu gün ölkəmizin ən ucqar kənd və qəsəbələrimizin yolları Kiyev şəhərinin yollarından qat-qat keyfiyyətlidir. Məncə, bunlar kifayət qədər ciddi müqayisədir.
– Təbliğat-təşviqat kampaniyanız necə davam edir? Bu istiqamətdə hansı işləri planlaşdırırsınız?
-Çalışıram ki, daha çox görüşlər keçirim. Bu kampaniyada əsas işimiz seçicilərimlə görüşərək, onları tanımaq, seçki platformamı açıqlamaq və əlbəttə ki, onları narahat edən məsələləri öyrənməkdir. Səmimi görüşlərimiz olur, lazım gələndə bir kəndə bir neçə dəfə gedirəm. Sizi əmin edim ki, bəzən yolda maşınlarımızı görəndə əl edib ayaq saxlamağımızı istəyirlər. Sual verirlər, açıq, bəzən də çətin. Amma bizim alnımız açıq, üzümüz ağdır, dövlətimizə də arxalanırıq. Sözümüzü, vədimizi, seçilmək istəyimizi bütün sevgimizlə açıq çatdırırıq.
– Sizin dairədə 12 deputatlığa namizəd qeydə alınıb. Onların da öz platforması, seçicilərə vədləri var. Maraqlıdır, nəyə görə seçici məhz sizə səs verməlidir? Sizi başqa namizədlərdən fərqləndirən cəhət nədir?
– Opponentlərimin hamısına hörmətlə yanaşıram. Təbii ki, hər kəs bu marafonun qalibi olmağa çalışır. Mənim mübarizə yolum siyasi mədəniyyət çərçivəsindədir. Ancaq öz təmiz tərcümeyi-halım və görə biləcəyim işlərin vədi ilə bu yarışa qoşulmuşam. Bundan başqa, birinci, seçicilərimiz kifayət qədər ayıqdılar. Namizəd olduğum dairədə bayaq ərz etdiyim kimi, məni kifayət qədər yaxşı tanıyırlar. Biz də deyirik ki, gəl, gör, tanı, seç! Təcrübəm yetərincədir, xalqımı çox sevirəm, dövlətçiliyin nə olduğunu yaxşı bilirəm, islahatlara tam meyilli adamam. Göygöl, Daşkəsən rayonları həm aqrar sahə, həm istehsal müəssiələri, həm də turizm üçün çox əlverişli bölgədir. Avropadan çoxlu təcrübə qazanmışam, region üçün öz planlarım, konsepsiyam var. Cənab Prezidentin çağırışlarına çevik reaksiya verməyi bacaracağıma əminəm. İşləmək üçün də kifayət qədər enerjim və əzmim var. İndi mən sual edirəm, seçici məni niyə seçməsin ki?
– Möhsüm müəllim, təbii ki, bunu seçici seçkilərdə özü müəyyənləşdirəcək. Öz seçicilərinizə nə kimi tövsiyələriniz var?
– Güclü Azərbaycan naminə seçicilərimi bu seçkilərdə aktiv iştirak etməyə çağırıram. Yaxşı bilirəm, hansı məsuliyyətin altına çiyinlərimi vermişəm. Şuarım bundan ibarətdir : “Parlamentdə sözünüz və özünüz olacağam!” Seçicilərim mənə səs verdikləri halda, əmin ola bilərlər ki, mən onları layiqincə təmsil edəcəm.
– Son olaraq, öz tərcümeyi-halınızdan da bəzi məqamları söylərdiniz…
– 1970-ci il aprel ayının 23-də Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində ziyalı ailsində anadan olmuşam. 1991-1997-ci illərdə Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsində, 2014-2017-ci illərdə isə Taras Şevçenko adına Kiyev Milli Universitetinin “Dövlət qulluğu” ixtisası üzrə ali təhsil almışam. 1997-ci ildən 2002-ci ilədək “Azərbaycan Dövlət Teleradio Verlişləri QSC”-nin xəbərlər redaksiyasında redaktor vəzifəsində fəaliyyət göstərib. 2002-ci ildən 2019-cu ilədək həmin qurumun mərkəzi Kiyev şəhərində olmaqla Ukrayna və Şərqi avropa ölkələri üzrə nümayəndəliyinin rəhbəri vəzifəsində çalışmışam. Ukraynada Ukrayna Azərbaycanlıları Konqresinin, Belarus Respublikasında Belarus Azərbaycan İcmaları Konqresinin , Moldova Respublikasında Moldova Azərbaycanlıları Konqresinin qurulmasında və formalaşmasında, o cümlədən sözü gedən ölkələrdə Azərbaycan Gənclər Birliyinin yaradılmasında yaxından iştirak etmişəm. 2003-cü ildən başlayaraq “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Ermənistanın Ukraynadakı səfirliyinin, BMT-nin və ATƏT–in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz aksiyalarının əsas təşkilatçılarından biri olmuşam. Ukrayna və Şərqi Avropa ölkələrində fəaliyyət göstərdiyi illərdə ssenarilərim əsasında Ukraynada və Moldovada “Heydər Əliyev: İki Əsrin Fenomeni” sənədli filmi (1-ci və 2-ci hissə), Ulu Öndərin xatirəsinə həsr olunmuş “Heydər Əliyev – İnsanlığa Bağışlanan Ömür”, “Oddan Doğulan Xalq”, “Azərbaycan – Minilliklərin tarixinə yeddi günlük səyahət” , ”Qarabağ tarixin burulğanında ” və bir sıra sənədli filmlər çəkilərək Azərbaycan, Ukrayna və Moldovanın dövlət televiziyalarında efirə verilib. Bu filmlərinə görə, Ukraynanın “Qızıl Pero”, Moldova Respublikasının “Dostluq Medalı“-na, Belarus Jurnalistlər İttifaqının “Fəxri Diplomu“-na mükafatlarına layiq görülmüşəm. Azərbaycan və Ukraynanın Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər birliyinin üzvüyəm. Ailəliyəm və 3 övladım var .
(Qafqazinfo)