1999-cu ildən bu yana üzərində düz 79 dəfə düzəliş əməliyyatlarının aparıldığı “KİV haqda” köhnə qanunla vidalaşmaq üçün daha bir addım da atıldı. Buna ciddi ehtiyac var. Çünki 79 əməliyyata baxmayaraq KİV haqda qanun yenə də biz istəyən formaya düşə bilmədi.
Milli Məclisin iki komitəsinin birgə iclasında media rəhbərlərinin iştirakı ilə yeni qanunun layihəsini geniş müzakirə etdik. Doğrusu, bilmirəm ki, başqa qanun layihələrinin də müzakirəsinə həmin sahənin təmsilçiləri cəlb olunur, ya yox. Bütün hallarda ölkənin tam yeni Media qanununun bu sahənin tanınmış nümayəndələri ilə müzakirə edilməsi məqbul iş təcrübəsidir.
Media haqqında yeni qanunun qəbulu prosedurunun başlanması nəzərəçarpan media və qanunvericilik hadisəsidir. Ən azı ona görə ki, öz məzmununa görə, yeni qanun sadəcə qanun yox, həm də məcəllə xüsusiyyətləri daşımaqla daha çox istiqamətdə prosesləri tənzimləyəcək gücdədir.
Nəzərə alaq ki, Vətən müharibəsindən sonra dövlət başçısının fundamental olaraq islahatların yeni mərhələsini açdığı sahə məhz mediadır. Prezidentin postmüharibə dövrünün köklü islahatlarını mediadan başlaması təsadüf deyil. Belə ki, media proseslərini tənzimləyən yeni dövlət qurumu yaradıldı, yeni qanunun hazırlanması üçün tapşırıq verildi və sair. Bu arqumentlər milli informasiya məkanımızda dərin və dinamik inkişafın nə qədər prioritet olduğunu bir daha təsdiqləyir.
Bu bir siyasi iradə məsələsidir, medianı köklü dəyişməyə, içinin havasından çölünün formasına qədər dəyişdirməyə hesablanmış iradə məsələsidir. Əks halda aylarla dövlət orqanlarını, media resurslarını cəlb edərək tam yeni qanun hazırlamağa nə ehtiyac qalardı ki… Sadəcə köhnə qanunun üstündə növbəti “80-ci” düzəliş əməliyyatını da aparmaqla kosmetik yenilənmiş bir şeyi üzə çıxarmaq da olardı. Ancaq söhbət tam yeniliyə yönəlmiş siyasi iradədən gedirsə, burada köhnənin üstündə kosmetik əməliyyatlar ən uğursuz variant olardı və səmərəli ola biləcək heç bir nəticəyə yetişə bilməzdik.
Yeni Media qanunu Vətən müharibəsindən sonrakı reallıqların qaçılmaz diktəsidir. Məlumdur ki, istənilən bir dövlət müharibədən zəifləyərək çıxdığı halda, Azərbaycan öz beynəlxalq mövqeyini və daxili dayanıqlılığını daha da möhkəmləndirdi. “Daha da güclənmiş dövlətin daha güclü mediası niyə də olmasın” məntiqi burada tam gücü ilə işlədi. Bəzi modabaz analitiklər Vətən müharibəsində Vətən mediasının guya “heç bir rol oynamadığı” barədə qəti fikirlər irəli sürür, beləliklə yerində istifadə edə bilmədikləri “özünü tənqid və özünü təftiş” kimi qiymətli xüsusiyyəti “özünü inkar və özünü dəyərsizləşdirmə” həddinə endirmiş olurlar. Özünü təftiş hissindən özünü dəyərsizləşdirməyə keçənlərin lüzumsuz ehtiyatlanması belə bir mənasız məntiqə söykənir ki, Vətən mediasının müharibədəki rolu barədə guya hansısa müsbət bir fikir işlətsələr ölkə Prezidentinin qlobal informasiya müharibəsindəki roluna kölgə sala bilərlər… Qətiyyən doğru düşüncə deyil və dərindən düşünəndə hətta olduqca ziyanlı düşüncədir. Əvvəla, Prezidentin müharibə günlərində xarici TV-lərə saysız müsahibələrinin əhəmiyyəti o qədər böyük və əhatəlidir ki, onu danmaq, azacıq şərik qoşmaq belə mümkünsüzdür. Ancaq bu müsahibələr bir şəxsiyyət və Prezident olaraq İlham Əliyevin malik olduğu çoxsaylı Zəfər resurslarının yalnız biridir, doğrudur, həlledici resursdur, ancaq yeganə resurs deyil. Başqa resursları sərf-nəzər edərək Prezidentin böyük qələbəsini tək bircə resursun hesabına yazmaq nə qədər doğrudur? Həm də qələbədə rol oynamış digər resursların da yaradıcısı, müəllifi elə Prezidentin özü deyilmi? Davam edirik. Həmin qələbənin resurslarından biri ordumuz oldu. Bəs ordunu belə güclü səviyyədə kim qurmuşdu? Prezident deyildimi? Qələbənin resurslarından biri də düz 44 gün gözünü Prezidentin dilindən ayırmayan mütəşəkkil cəmiyyətimiz oldu. Prezidentə bağlı olan cəmiyyətin dəstəyi Prezidentin qələbə resurslarına daxil deyilmi?…
İndi gələk Prezidentin qələbə resursları içərisində özünün güc və imkanlarına uyğun yeri olan medianın üstünə. Müharibə günlərində cəmiyyətimiz informasiya müharibəsinin bütün ideoloji-faktoloji arqumentlərini təbii ki, Prezidentin TV müsahibələrindən alırdı. Ancaq Prezidentin həmin arqumentləri ilə cəmiyyətimizin arasında bağlayıcı və əlaqələndirici vəsilə rolunu bəs kim oynadı? Cəmiyyətimizi parçalamağa yönəlik bəzi siyasi müxalif və erməni ideya təxribatlarının ictimai ziyanlı təsirlərinin neytrallaşdırılmasında kim vəsilə oldu? Bəlkə deyəsiz ki, bu böyük hədəfləri vurmağa heç ehtiyac yox idi? Niyə çəkinirik ki, Prezidentin böyük qələbəsinin resursları sırasında Vətən mediası da oldu” hökmünü verək? Axı bu həqiqətdir və axı Vətən mediasının özünün də yaradıcısı məhz ölkə Prezidentidir. Necə demək olar ki, Prezident bu illər ərzində özünün Zəfəri üçün həlledici olan bütün resursları qurub yarada bildi, təkcə medianı yarada bilmədi? Xeyr, Prezident müharibəyə qədərki hazırlıq illərində içi media qarışıq özünün böyük Qarabağ zəfəri üçün gərək olan bütün resursları planlı şəkildə yaratdı və məhz yarada bildiyi üçün qələbəni təmin etdi. Prezident “təkbaşına qalib gəldi” fikri yox, “Zəfər üçün zəruri olan bütün resursları yarada bildi” fikri ən doğru olandır. Qətiyyətlə deyirəm ki, media – mətbuat da bu resursların ayrılmaz hissəsi oldu. O başqa məsələdir ki, milli mediamızın bir qələbə resursu olaraq, özünü daha yüksək səviyyədə göstərə biləcəyi üzərində mübahisələr etmək olar. Ancaq “Vətən müharibəsində Vətən mediası heç nə etmədi” fikri könüllü müharibəyə gedərək xəsarət alan, 44 gün ərzində özünə aid informasiyaların üstündə əsən yüzlərlə jurnalistin haqqına sayqısızlıqdır.
Beləliklə, müharibədən sonra Prezident fundamental media islahatlarına ona görə meydan açmadı ki, milli informasiya sistemimiz sıfır səviyyədə idi, ona görə meydan açdı ki, müharibədən güclənərək çıxmış dövlətin mediası “daha da güclənməlidir” məntiqinə söykəndi. Bir müqayisə aparaq. Müharibədən sonra ordu quruculuğumuzda da yeni mərhələ açıldı, yeni daha müasir silahlar və texnika alındı. Bu o demək deyil ki, ordumuz müharibədə zəiflik göstərdiyi üçün müharibədən sonra yeni silahlanma dövrü açıldı. Əksinə, bu o deməkdir ki, müharibə güclü ordunun nə qədər həlledici faktor olduğunu sübut etdiyi üçün müharibədən sonra ordumuzu daha da gücləndirmək bir imperativ kimi ortaya çıxdı. Prezident bu imperativi də əla tutdu. “Büdcəmizi artırıb ordunu gücləndirəcəyik, çünki revanşist düşmən yenidən baş qaldırmağa çalışır” dedi. Müharibədən sonra milli informasiya sistemimizi daha da möhkəmləndirmək üçün dövlət başçısının iradəsi kimi media islahatlarının yeni mərhələsinə start verilməsinə də məhz bu məntiqlə yanaşmaq lazımdır. Hərbçilər ordusu kimi informasiya ordumuz da güclənməlidir.
Media islahatının yeni mərhələsini labüd edən başqa bir amil də var. Yeni fundamental qanunun postmüharibə reallıqlarından irəli gəldiyini unutmaq olmaz. Avantürüstlərin yalnız anarxist çağırışlarına sorğu-sualsız inanan bir toplum halından öz Prezidentinin etdiklərinə inanılmaz dərəcədə güvənən cəmiyyət halına gəldik. 2020-ci ilin son sentyabr günlərində dərin ictimai ümidsizlik içində “Prezident nə etmək istəyir?” sualını azmı eşitdik? İlk müharibə günlərində Prezidentin nə etmək istədiyini çoxmu adam bilib inanırdı? İlk kəndin, ilk qəsəbənin alınma xəbərinə qədər cəmiyyətimiz total qeyri- müəyyənlikdə deyildimi? Etiraf edək ki, Vətən müharibəsi heç vaxt, hətta 88-89-cu illərdə də görmədiyimiz yeni azərbaycanlıların cəmiyyətini doğurdu. O illər üçün xarakterik olan kommunistlər-cəbhəçilər qarşıdurmasına oxşar hər hansı parçalanmadan əsər-əlamət belə qalmamışdı. Belə yenilənmiş cəmiyyətimizin dövlət-media, media- insanlar və dövlət-toplum münasibətlərində də köklü dəyişikliklər baş verdi. Medianı – mətbuatı hər tərəfdən bürüyən bu dəyişikliklər yeni qanunu labüd edən təkzibedilməz amilə çevrildi.
Yeni Media qanununda yenilik və dəyişikliklər çoxdur. Media və informasiya nədir? sualından tutmuş jurnalist kimdir sualına qədər indiyədək görünməyən çox şeylərin tərifi verilir. Çap və onlayn media orqanı qurmaq üçün rəsmi icazə proseduru aradan qalxır, internet TV-lər üçün lisenziya tələbi yoxdur, jurnalist anlayışı xidməti müqavilə ilə işləyənlərə də şamil edilir, “vətəndaş jurnalistikası” deyilən ölçü-biçi tanımayan məşğuliyyət növü peşə fəaliyyəti yox, bir xobbi işi olaraq qanundan kənarda saxlanılır. Medianın intellektual məhsulu üzərində müəlliflik hüququnun daha etibarlı hüquqi müdafiə mexanizminin təsbit edildiyini də nəzərə alsaq, yeni qanunun informasiya mühitimizi daha da milliləşdirəcəyinə və təhlükəsizliyə daha möhkəm zəmin olacağına şübhə yoxdur. Əsil jurnalistlərin və əsil media orqanlarının real sayının dəqiq bilinmədiyi bir şəraitdə onların etibarlı himayə və müdafiə problemlərini yüksək səviyyədə həll etmək də yeni qanunun hədəfidir…
Aydın QULİYEV