Bazar ertəsi , 2 Mart 2026
Drone Cameras

Problemli kreditlərin 78 faizi Bakının payına düşür: regionların mənzərəsi

2026-cı ilin ilk ayında ölkə iqtisadiyyatına kredit qoyuluşlarında azalma müşahidə olunub. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, banklar və bank olmayan kredit təşkilatları (BOKT) tərəfindən verilən kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 83 milyon manat azalaraq 31,8 milyard manata düşüb.

Ümumi kredit qoyuluşları azaldığı halda, problemli kreditlərin həcmində 6,3 faiz (33 milyon manat) artım qeydə alınıb. Belə ki, 2025-ci ilin sonunda vaxtı keçmiş kreditlər 524,5 milyon manat təşkil etdiyi halda, cəmi bir ay ərzində 557,5 milyon manata yüksəlib. İqtisadçıların fikrincə, bir ay üçün bu, kifayət qədər ciddi artımdır. Onlar hesab edirlər ki, kredit portfelinin kiçilməsi fonunda problemli kreditlərin artması əhalinin ödəmə qabiliyyətinin zəiflədiyini göstərir. Nəticədə ümumi portfeldə vaxtı keçmiş kreditlərin payı 1,64 faizdən 1,75 faizə qalxıb.

Yanvar ayına olan məlumata əsasən, vaxtı keçmiş kreditlərin 510 milyon manatı kommersiya banklarının, 47,5 milyon manatı isə BOKT-lərin payına düşür.

Digər tərəfdən, yanvar ayında problemli kreditlərdə qeydə alınan 33 milyon manatlıq artımın böyük hissəsi xarici valyutada (dollar) olan kreditlərin payına düşüb. Belə ki, 2025-ci ilin əvvəlinə xarici valyutada olan vaxtı keçmiş kreditlər 79,8 milyon manat təşkil edirdisə, 2026-cı ilin yanvarında bu rəqəm 105 milyon manata çatıb. Artım 25,1 milyon manatdır ki, bu da 31,5 faizlik sıçrayış deməkdir.  Ümumi kredit portfelində xarici valyutada olan kreditlərin həcmi yanvar ayına olan məlumata görə, 4,3 milyard manat (13,6 faiz) olsa da, məhz bu valyutada verilən kreditlər üzrə risklərin artdığı müşahidə edilir. Sonuncu dəfə kommersiya banklarında dollar kreditləşməsi ilə bağlı ciddi problemlər 2016-cı ildə yaranmışdı. Həmin dövrdə portfeldə xarici valyuta ilə verilən kreditlər üstünlük təşkil etdiyindən, devalvasiyadan sonra ödənişlərdə ciddi çətinliklər yarandı, dollarla verilən kreditlərin geri qaytarılmasında ləngimələr baş verdi. Nəticədə banklar böyük zərərlə üzləşdi, bəziləri isə bazarı tərk etdi. Bugünkü vəziyyətə gəlincə, xarici valyutada kreditlərin portfeldəki payı cəmi 13,6 faiz olsa da, bunu da iqtisadiyyatda müəyyən risklərin mövcudluğunu xəbər verən siqnal hesab etmək olar.

Manatla verilən kreditlər üzrə vaxtı keçmiş borcların həcmi isə ilin əvvəli ilə müqayisədə 1,8 faiz və ya 8 milyon manat artaraq 452,6 milyon manata yüksəlib.

Rayon və şəhərlər üzrə göstəricilərə əsasən, vaxtı keçmiş kreditlərin 78 faizi (400 milyon manatı) paytaxt Bakı şəhərinin payına düşür. Bu da ümumi kredit qoyuluşlarının 80 faizdən çoxunun paytaxtın payına düşməsi ilə əlaqədardır.

Check Also

AQC ilə TİKA arasında işgüzar görüş keçirilib

Bakıda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbərliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı koordinatorluğu arasında …