Filologiya elmləri doktoru, professor, politoloq Vaqif Arzumanlının anım günüdür. O, 5 mart 1947-ci ildə Quba rayonunda anadan olub. 1964-1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1969-1972-ci illərdə AMEA-nın, Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxuyub. Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi və şöbə müdiri vəzifəsində çalışıb. 1991-2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitutunun direktoru olub, 2002-ci ildən isə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun “Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr” şöbəsinə rəhbərlik edib, direktorun beynəlxalq əlaqələr üzrə müşaviri olub. 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin müəllifi, 60-dan artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir. Vaqif Arzumanlı 2014-cü ilin iyulunda Nabranda dünyasını dəyişib və Xudatın “Şıxlar” qəbiristanlığında dəfn olunub.
Vaqif Arzumanlı elmi fəaliyyəti ilə yanaşı Azərbaycan İctimai həyatında da müstəsna xidmətləri olmuşdur. O, diaspor işində, ölkəmizin xaricdə tanıdılmasında bir çox fəaliyyətlərdə iştirak etmişdir.
Boyukmillet.com İnformasiya Portalının kollektivi adından alimin xatirəsini yad edir, Allahdan rəhmət diləyirik.