Rusiya prezidentinin illik brifinqdə söylədiyi bu sözlər Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı son günün ən populyar bəyanatıdır.
Boyukmillet.com-un xəbərinə görə, bunu özünün Facebook hesabında “Bakı Xəbər” media qrupunun baş redaktoru, politoloq Aydın Quliyev RF prezidenti Vladimir Putinin Qarabağıın Azərbaycana aid olması barədə yarımçıq sayıla biləcək açıqlamasını şərh edərkən deyib. Politoloq şərhində yazır:
“KİV-in istisnasız olaraq tirajladığı bəyanatın Azərbaycanda ictimai məmnunluq doğurduğu mübahisəsiz məlumdur. Lakin münaqişənin keçmişini, cari vəziyyətini və Azərbaycan-Ermənistan münasibətlərinin ehtimal olunan gələcəyini bir yerdə düşünsək (bunsuz mümkün deyil), Rusiya prezidentinin bəyanatını tam kamil hesab etmək olmaz. Niyə?
Çünki Dağlıq Qarabağ tək beynəlxalq hüquqa görə Azərbaycanın deyil. O həm də tarixə və təcavüzə məruz qaldığımız 30 illik fasiləni çıxmaq şərti ilə bütün dövrlərin siyasi reallıqlarına görə AZƏRBAYCANINDIR… Unutmayaq ki, beynəlxalq hüquq normaları dəyişəndir. 50-100 il sonra beynəlxalq hüquq dəyişə bilər və dəyişəcək. Tarixi həqiqətlər və siyasi reallıqlar isə heç vaxt dəyişməyəcək.
Ona görə də belə demək lazımdır – Dağlıq Qarabağ beynəlxalq hüquqa, tarixə və siyasi reallıqlara görə Azərbaycanındır!”