Şahmatın rapid və blits növləri üzrə kişilər arasında Azərbaycan çempionatına yekun vurulub.
Federasiyadan verilən məlumata görə, Bakı Şahmat Klubunda təşkil olunan yarışda şahmatçılar əvvəlcə rapid, son gündə isə blitsdə mübarizə aparıblar.
Yekunda hər iki növdə nəticələrin cəmi üzrə qaliblər müəyyənləşib. İki yarışın yekununa əsasən, 11 xal toplayan Qədir Hüseynov Azərbaycan çempionatının qalibi olub.
Abdulla Qədimbəyli 9,5 xalla ikinci yeri tutub. Hərəyə 9 xal toplayan Kənan Qarayevlə Əhməd Xaqan müvafiq olaraq 3-4-cü yerləri bölüşdürüblər. Əlavə göstəricilərdə üstün olan K.Qarayev turniri üçüncü yerdə başa vurub.
Kişilər arasında rapid və blits üzrə Azərbaycan çempionatının mükafat fondu 5000 manat təşkil edib.
Qeyd edək ki, Azərbaycan çempionatı dekabrda Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarına seçmə xarakter daşıyıb. Reqlamentə əsasən, ilk üç yeri tutan şahmatçılar ölkəmizi mundialda təmsil etmək hüququ qazanıblar.