Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

QƏRB DÜNYANI ANQLOSAKSONİZMİN KÖLƏSİNƏ ÇEVİRMƏK NİYYƏTİ GÜDÜR!

Bu prosesdə Azərbaycanın rolu və İlham Əliyevin mükəmməl xarici siyasəti

ABŞ başda olmaqla Qərb dünyasının mənfur siyasəti və onların siyasi marioneti rolunu üstlənən hazırkı Ukrayna hakim dairələrinin səbatsızlığı üzündən III Dünya Savaşı qapını döyür. Çin və Türkiyə kimi söz sahibi, siyasi situasiyaya təsir etmə imkanı olan önəmli aktyorların sayəsində hələlik böyük savaşdan uzaq dura bilirik. Lakin bu, nə qədər davam edə biləcək, Qərb imperializminin kaprizlərinin qarşısı sonuna qədər alınacaq, ya yox, buna birmənalı cavab vermək o qədər də asan deyil.

Hər halda, görünən o ki, nə Türkiyə, nə də Çin bütün böyük güclərin fəal şəkildə prosesə qoşulmasında, nəticədə münaqişə dairəsinin genişləndirilməsində maraqlı deyil. Çünki hər iki ölkə son illərdə iqtisadi cəhətdən inkişaf etməkdədir, iqtisadi inkişaf tempinə görə qabaqcıl yerləri tuturlar.

Çin, ümumiyyətlə, iqtisadi möcüzə gerçəkləşdirib, hal-hazırda dünyanın ən böyük iqtisadi gücüdür və inkişafını durmadan artırır… Türkiyə də, əsasən, son 6-7 ildə, daha doğrusu, ABŞ-ın sayəsində Rusiya ilə korlanan münasibətlərini sahmana saldıqdan sonra xeyli inkişaf yolu keçib – sabit iqtisadi inkişafa nail olub, hərbi gücünü artırıb, müdafiə sənayesini gücləndirib, sabit enerji təminatına sahibdir və bunu daha da inkişaf etdirmək üçün Rusiya ilə müştərək nüvə texnologiyası layihəsi üzərində işləyirlər. Türkiyə Rusiya ilə digər meqa layihələr üzərində də işləyir. Yəni sabit, qurulu bir düzənə sahibdir. Ən əsası da, Türkiyə hər 10-15 ildən bir üzləşdiyi və hər dəfə onu ən az 30-40 il geriyə salan hərbi çevrilişlər epoxasını artıq geridə qoyub.

Sadalanan bu səbəblərdən dolayı, həm Türkiyə, həm də Çin Rusiya ilə konfliktlərin dərinləşməsində qətiyyən maraqlı görünmür. Hər iki dövlət çox gözəl anlayır ki, dünyaya öz maraqları doğrultusunda yeni çəki-düzən gətirmək istəyində olan Qərb imperializminin növbəti hədəfi bu iki dövlət olacaq. Qərb ilk öncə Rusiyanı təkləyərək, onu dünyadan təcrid etmək, buna nail olduqdan sonra isə eyni metodla Türkiyəni və Çini ortadan qaldırıb, bütün dünyanı anqlosaksonizm ideologiyasının köləsinə çevirmək niyyətini güdür. Bunu görməmək üçün gərək ya kor, ya da Qərb tərəfindən 300 dollar aylıqla lakeyə çevrilən satılıq ələman olasan.

Hadisələrin bu kontekstdə inkişafı Azərbaycanı da kənarda qoymur, əksinə, strateji əhəmiyyət daşıyan coğrafi mövqeyinə görə, onu birbaşa hadisələrin episentrinə yerləşdirir. Bu durumda biz hansı mövqeni tutmalıyıq? 300 dollar aylıqla Qərbə lakeylik edən liberal kəsimin nümayəndələrinin dediyi kimi, açıq şəkildə Rusiyaya qarşı çıxmalı, ona tətbiq edilən sanksiyalara qoşulmalıyıq, yoxsa şimal qonşumuz tərəfindən münaqişəyə girməliyik? Məncə, bu iki versiyanın heç biri olmamalıdı. Çox sevindirici haldır ki, ölkə rəhbərliyi də balanslaşdırılmış xarici siyasət kursu ilə məhz ən doğru olanı edir.

Burda diqqət çəkən bir mühüm məqam da var: qarşı-qarşıya duran iki tərəf, həm Qərb, həm də Rusiyanın bizdən “olmazsa-olmaz” tələbi var. Qərb bizdən tələb edir ki, açıq şəkildə bizim tərəfimizdə dur, sanksiyalara qoşul, hətta bəhs etdiyim ucuz qiymətə aldığı lakeylərinin diliylə deyir ki, Azərbaycan Ukraynanın tərəfindən savaşa qoşulsun. Xatırlayın, bu lakey sürüsü gecə-gündüz bağırışır: Ukrayna bizim əvəzimizdən də döyüşür!

Rusiyanın bizdən yalnız bir tələbi var: mən sənə mənim tərəfimdə olmağı, mənim tərəfimdən savaşa qatılmağı tələb etmirəm, bitərəf qal, öz marağından çıxış et, düşmənimin tərəfində olma, mənə yetər!

Ağlı başında olan adam üçün bu iki variantdan hansının Azərbaycanın maraqları ilə üst-üstə düşdüyünü təsəvvür etmək o qədər də çətin deyil. Qərb bizi hərbi çatışmanın mərkəzinə çevirmək, bir güllə ilə 2 yox, 3 quş vurmaq istəyir. Əgər biz də hadisələrə qoşulub, açıq şəkildə anti Rusiya mövqeyi tutarıqsa, birbaşa savaşın içinə girəriksə… Əmin olun, ABŞ, ümumilikdə Qərb dünyası məhz bunu istəyir. Bir anlıq təsəvvür edin: Azərbaycan satılıq liboşların istəyinə uyğun olaraq, birbaşa hadisələrin içinə girir, anti Rusiya mövqeyi tutur, bunun nəticəsi olaraq da qarşı tərəf özünümüdafiə instinktilə Cənubi Qafqaza, birbaşa Azərbaycanın özünə hərbi müdaxilə edir. Buna onun həm mənəvi, həm də hüquqi haqqı çatır. Nədən? Çünki Rusiyanın yerinə biz də olsaq belə edərik. Kim razı olar ki, rəqibi burnunun dibinə qədər gəlib girsin, hərbi bazalarını qursun, raketlərini quraşdırsın və onu hədəfə alsın?

Azərbaycanın münaqişəyə cəlb edildiyi belə bir durumda ABŞ və Qərb Ukraynada etmədiyi hərbi-siyasi gedişlər edər, açıq şəkildə silahlı qarşıdurmaya girməsələr də, qısa müddətdə dünyanın müxtəlif bölgələrindən böyük legionerlər ordusu toplayıb, onları təpədən-dırnağa silahlandırar və Azərbaycana göndərər. Nəticədə savaş Avropadan Qafqaza transfer olar və ABŞ-ın yox etmək istədiyi Türkiyə və İran da istər-istəməz bu savaşın içərisinə girər. Təbii ki, nə Türkiyə, nə də İran Ukrayna deyil, hər iki qonşu dövlətin uzun illərin təcrübəsinə dayanan peşəkar ordusu və yetərincə güclü silahları var. Diqqət çəkən mühüm bir məqam da ondan ibarətdir ki, Ukraynadan fərqli olaraq, Qafqaz dağlıq bölgədi və partizan müharibəsi üçün spesifik xüsusiyyətləri var. Amerikanın bölgəyə göndərə biləcəyi ehtimal olunan legionerlər qrupu da məhz bu hərbi keyfiyyətlərə malik olacaq. 8 illik Əfqanıstan savaşı göstərdi ki, Rusiya ordusu dağlıq ərazilərdə savaşmaq gücündə deyil. Belə olduğu təqdirdə, məcburiyyət qarşısında qalıb, disbalansı ağır silahları ilə pozacaq. Bu, bilirsiniz nə deməkdir? Türkiyə və İran bir neçə qəbilə dövlətinə parçalanar, Rusiya isə hərbi gücünü tamamilə itirərək, artıq Qərbə rəqib olmayacaq duruma düşər. Azərbaycandan isə danışmağa dəyməz – belə bir dövlət xəritədən silinər! Onun yerində Amerikan forpostu olacaq “Böyük Ermənistan” qurular. Beləliklə, ABŞ-ın Orta Asiyaya, oradan da Çinə doğru yolu açılar!

Dəyərli dostlar, liberal kəsimin gecə-gündüz təbliğ etdiyi də budur: nəyin bahasına olursa-olsun Azərbaycanın anti Rusiya mövqeyində olmasına nail olmaq. Çünki öz ağalarından belə tapşırıq alıblar. Məqsəd Azərbaycanı, onun vasitəsilə də Türkiyə və İranı münaqişəyə cəlb edib, savaşın episentrini Avropadan Qafqaza transfer etməkdir. Bu, açıq şəkildə görünür.

Etiraf edək ki, iqtidarda qərbyönümlü bir hakimiyyət olsaydı, bizim də içərimizdən Zelenski kimi gerizəkalı və ya Qərbin hazırladığı siyasi aktyor çıxsaydı, ehtimal ki, çizilən təhlükəli proje həyata keçirilə bilərdi. Sevindirici haldır ki, Azərbaycana İlham Əliyev kimi yüksək intellektə, diplomatik bacarığa sahib xarizmatik liderlik xüsusiyyətləri olan şəxs rəhbərlik edir. Məhz cənab İlham Əliyevin sayəsində Azərbaycan sıfır yanlışlıqla mükəmməl xarici siyasət kursu həyata keçirir. Onun bitərəflik və bloklara qoşulmama prinsiplərinə əsaslanan balanslaşdırma siyasəti Azərbaycanı ehtimal təhlükələrdən sığortalayır.

Azərbaycan prezidentinin yürütdüyü xarici siyasət kursu və bu kursdan əsla vaz keçməməsi xarici qüvvələri vadar edir ki, diqqəti daxili problemlərə cəlb etsin. Bəli, daxili siyasətdə kifayət qədər çox problemlər var. Bunun özü də obyektiv və subyektiv səbəblərə dayanır. Belə ki, mövcud şərtlər və Qarabağla bağlı tam həllini tapmayan problem cənab prezident üçün xarici siyasət kursunu əsas prioritet kimi götürmək məcburiyyəti yaradıb. Daxildə baş verən ciddi problemlər – ilk növbədə iqtisadiyyatda monopoliyanın mövcudluğu, rüşvət və korrupsiya halları, kadr siyasəti ilə bağlı yanlışlıqlar heç şübhəsiz ki, cənab prezidentə məlumdur. Onun zaman-zaman bununla bağlı açıqlamaları, hətta sərt iradları da olub. Lakin mövcud şərtlər diqtə edir ki, Qarabağ məsələsi ilə bağlı sülh müqaviləsi imzalanana qədər bu problemlər bəzən görməzdən gəlinsin. Əks təqdirdə prezidentin siyasətinə zidd olan harınlamış məmurlar ordusu xarici qüvvələr tərəfindən ona qarşı istifadə olunar və əsas məqsəddən yayına bilərik.

Bütün bu sadalanan daxili problemlərə baxmayaraq, cənab prezident heç bir zaman bu problemləri gözardı etmir və zamanı yetişəndə gərəkli tədbirlər üçün indidən hazırlıqlar görülür. Cənab prezidentin mövqeyini möhkəmləndirən ən güclü amil də odur ki, dövlətin iki mühüm strukturuna rəhbərlik edən şəxs birbaşa onun öz kadrlarıdır – DİN rəhbəri Vilayət Eyvazov və DTX rəhbəri Əli Nağıyev!

İki güc strukturuna rəhbərlik edən bu generallar hal-hazırda cənab prezidentə ən sadiq kadrlardı. Onlar kiminsə tövsiyyəsi ilə deyil, birbaşa prezidentin şəxsi istəyi əsasında vəzifəyə təyin olunublar. Yuxarıda da qeyd etdiyim kimi, cənab prezident daxildə mövcud problemlərdən xəbərdardı. Bu problemlərin daha da böyüməməsi və nəzarətdə saxlanması üçün DİN və DTX kimi önəmli iki struktura ona sədaqətli şəxslərin rəhbərlik etməsi vazkeçilməz şərtlərdəndi.

Əgər biz prosesi analiz edib anlaya biliriksə, şübhəsiz, əlinin altında xüsusi xidmət orqanlarının məlumatları, bu məlumatlar əsasında təhlillər aparan yüzlərcə analitik qrupları, böyük-böyük institutları olan Qərb də anlayır. Elə bu səbəbdəndir ki, cənab İlham Əliyevin yürütdüyü xarici siyasətdən narazı qalan Qərb onu daxili problemlərlə vurmaq niyyəti güdür. Hədəf olaraq da, onun əsas gücü olan DİN və DTX seçilir.

DTX daha çox qapalı qurum olduğuna görə, ona yetərincə təsir imkanları da azdır. Lakin polisin fəaliyyəti göz önündədir, birbaşa ictimaiyyətlə əlaqəli strukturdu, yaradıla biləcək istənilən xaos durumunda ən öndə olacaq, prezidentin ən çox güvəndiyi güc strukturudu. Elə bu səbəbdən də DİN, ələlxüsus da bu quruma rəhbərlik edən cənab Vilayət Eyvazov düşünülmüş şəkildə hədəfə gətirilir. Son vaxtlar baş verən bütün kritik olaylar – Tofiq Yaqublu və Bəxtiyar Hacıyevlə bağlı məsələlər, özlərini feminist hərəkatının nümayəndələri hesab edən, əslində isə, küçə fahişələrinin aksiyaları, 14 may aksiyası, bu aksiyaya Britaniya Krallığı səfirliyinin qərəzli münasibəti, LGBT+ hərəkatının genişləndirilməsi, ABŞ-ın qoca, sarsaq prezidentinin guya İlham Əliyevə 8 gün öncədən ünvanladığı təbrik mətnində sətiraltı ittihamlar… bütün bunlar hamısı düşünülmüş məkrli siyasətin tərkib hissəsidi. Məqsəd Azərbaycan prezidentini daxildə yaradılması planlanan xaosun qarşısını almaq imkanından məhrum etməkdir. Bunun üçün də ictimai sabitliyin qorunmasında əsas faktor olan DİN sistemi və bu sistemi peşəkarcasına idarə edən general-polkovnik Vilayət Eyvazov hədəfə alınır.

Son olaraq, mərhum Heydər Əliyevdən mühüm bir xatırlatma edim. Jurnalistlərlə görüşdə mərhum liderimiz dedi ki, “Ramil Usubovdan çox yazırsınız, onu haqlı-haqsız mühakimə edirsiniz, amma düşünmürsünüz ki, onun haqqında mənim fikrim nədir? Mən ondan çox məmnunam, qətiyyən vəzifədən götürmək fikrim də yoxdur. Nə qədər mən prezidentəm, Ramil Usubov nazir olaraq qalacaq!”

İndi mən üzümü liberal kəsimə tutub deyirəm: əmin olun, cənab prezident nazir Eyvazovdan məmnundur, həm də çox məmnundur! Onu sizləırin etirazına görə, dəyişməyəcək. Çünki cənab prezident prinsipləri olan xarizmatik liderdi. O, xarici təsirə görə öz prinsiplərindən əsla vaz keçməz! Bunu birdəfəlik olaraq kafanıza yerləşdirin…

Fərəməz Novruzoğlu

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …