“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin Ümumi Yığıncağı keçirilib.
Bu barədə “Report”a təşkilatdan məlumat verilib.
Bildirilib ki, yığıncağın gündəliyinə “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili), “Qərbi Azərbaycan İcması”nın Nizamnaməsinin təsdiq olunması, “Qərbi Azərbaycan İcması”nın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi məsələləri daxil edilib.
Səsvermə nəticəsində “Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyinin “Qərbi Azərbaycan İcması” adı ilə qeyri-kommersiya təşkilatına çevrilməsi (yenidən təşkili) təsdiq olunub.
İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətinə görə Ermənistan ərazisindən kütləvi şəkildə deportasiya olunmuş azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası, Ermənistan ərazisində Azərbaycan xalqının yaratdığı zəngin tarixi-mədəni irsin öyrənilməsi, təbliğ olunması və tam məhv olunmasının qarşısının alınması, həmin insanların öz ata-baba yurdlarına qayıtmaq hüququnun təmin edilməsi və birgəyaşayışa nail olunmasından ibarətdir. Bu məqsədlə İcmanın vəzifələri və hüquqları müəyyən edilib.
Eyni zamanda, İcmanın İdarə Heyəti, Müşahidə Şurası və Nəzarət-Təftiş Komissiyasının üzvləri və rəhbərləri seçilib.