Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” adlı süjet hazırlanıb.
Boyukmillet.com xəbər verir ki, verilişdə ermənilərin türklərə məxsus İrəvan şəhərinin istehkamı sayılan qalanın yer üzündən silməsindən bəhs olunur.
Bildirilib ki, 27 il rus ordusuna və generallarına müqavimət göstərən İrəvan qalası həm də qəhrəmanlıq rəmzi idi:
“İrəvan qalasının işğal edilməsi şərəfinə 1827-ci il noyabrın səkkizində Sankt-Peterburqdakı Qış sarayının kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi keçirilib. İrəvan xanının qardaşı Həsən xanın hazırda Kremlin “Silahlar Palatası”nda saxlanılan qılıncı çara təqdim edilir. İrəvan qalasının açarları və qənimət götürülmüş dörd bayraq təntənəli surətdə paytaxt küçələrində gəzdirilir. İrəvan qalasını zəbt edən general İ.Paskeviçin titullarına isə “İrəvan qrafı” titulu əlavə edilir. Nəhayət, Rusiya çarı I Nikolay Şimali Azərbaycan xanlıqlarının sonuncu istehkamı olan əfsanəvi İrəvan qalasını görmək arzusu ilə 1837-ci ildə İrəvana gəlir. Xan sarayında qalan Rusiya çarı şəhərin müxtəlif təbəqələrinin nümayəndələrini qəbul edir. İmperator buyruğu ilə arxiyepiskop Nerses İrəvan xanlığının işğalı zamanı xidmətlərinə görə Müqəddəs Aleksandr Nevski ordeni ilə təltif edilir”.
Diqqətə çatdırılıb ki, müxtəlif dövrlərdə erməni tarixçiləri T.X.Hakopyan “İrəvan tarixinin oçerkləri” kitabında, eləcə də tarixçi Tovma Metsopetçi öz əsərlərində İrəvanın türk şəhəri və gözəl olmasını qeyd ediblər:
“Elə buna görə də sığındıqları bu gözəl şəhərə yiyələnmək, onu erməniləşdirmək niyyəti ilə xəyanətə, vandalizmə əl atıblar. Təbii ki, heç də həmişə bütün izlər silinmir”.
İrəvan şəhəri tarix muzeyinin baş elmi işçisi Susanna Harutyunyan, professor Haykaz Hovhannisyan və bir neçə tarixçinin qalanın izləri ilə bağlı fikirlərinə yer verilən süjetdə vurğulanıb ki, imkanlı ermənilər İrəvana türk şəhəri olduğu üçün sərmayə qoymurdular:
“İrəvan türk şəhəri idi və ermənilərin bura ilə bağlı heç arzuları yox idi. Özlərinə çarəsizlikdən paytaxt seçən ermənilər qısa müddətdə türk şəhərini erməni şəhərinə çevirdilər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində: