Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə və dəhşətlərə düçar olmuşdur. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar min illərboyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskənləri dağıdılıb viran edilmişdir. Təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı iki yüz ilə yaxın bir dövrdə yeridilən soyqırımı siyasətinin məqsədi azərbaycanlıları tarixi torpaqlarından qovmaq, xarici havadarlarının köməyi ilə həmin yerlərdə Ermənistan dövləti yaratmaq olub. Bu mənfur ideyanı reallaşdırmaq istiqamətində ardıcıl olaraq hərbi, ideoloji və təşkilati xarakterli tədbirlər həyata keçirilib. Azərbaycanlılar, tədricən, doğma torpaqlarından qovulub, onların ərazilərində başqa ölkələrdən köçürülmüş ermənilər məskunlaşdırılıb.
Azərbaycanlılara qarşı yeridilən soyqırımı siyasəti tarixi əsrləri əhatə edir və hadisələri ardıcıllıqla izləsək, görərik ki, hadisələr eyni ssenari əsasında baş verib. Hələ XIX əsrdə Çar Rusiyası tərəfindən Osmanlı və İran ərazisindən ermənilərin kütləvi şəkildə Cənubi Qafqaza köçürülməsi ilə azərbaycanlıların öz tarixi torpaqlarında sıxışdırılması prosesinə başlanılıb. XX əsrin əvvəllərində azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərlə, faciələrlə üzləşib. 1918-1920-ci illərdə yüz minlərlə azərbaycanlı qətlə yetirilib, öz yurdlarını tərk etmək məcburiyyətində qalaraq qaçqına çevrilib, yüzlərlə Azərbaycan kəndi yer üzündən silinib. Ötən əsrdə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Azərbaycanın bir sıra torpaqlarını sovet hakimiyyətinin köməyi ilə Ermənistan SSR-in ərazisinə daxil etməyə nail olublar. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə tarixi torpağımız olan Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər. Ölkə Prezidenti cənab İlham Əliyev bunu xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirərək deyib: “Zəngəzurun Ermənistana verilməsi bir daha onu göstərir ki, bu, çox yanlış, səhv addım idi və dediyim kimi xəyanət idi”.
1948-1953-cü illərdə xalqımız növbəti deportasiyaya məruz qalıb. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il “Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail olublar.
Ermənilərin İrandan Cənubi Qafqaza, indiki Ermənistan ərazisinə köçürülməsinin bilavasitə rəhbəri olmuş A.S.Qriboyedov yazır: “Ermənilər gətirilib müsəlman mülkədarların torpaqlarında yerləşdirilmişlər… müsəlmanları sıxışdırırlar, onlar da hey əsaslı olaraq narazılıq edib şikayətlənirlər. Biz müsəlmanları indiki sıxışdırmalara qatlaşmaq, bu sıxışdırmaların uzun sürməyəcəyinə inandırmaq, onların torpaqlarına ilk dəfə buraxılan ermənilərin bu torpaqlara həmişəlik yiyələnəcəkləri barədə nigarançılığı müsəlmanların beynindən çıxarmaq üçün onlara edilməli olan təlqinlər barədə çox düşündük… Ermənilər indiki Ermənistan ərazisində məskunlaşdırıldıqdan dərhal sonra öz tarixi torpaqlarında yaşayan azərbaycanlıları planlı surətdə doğma yurdlarından çıxarmağa, qırmağa, milli soyqırımına başladılar”.
S. P. Zelinski isə yazır: “Zəngəzur qəzasında Axlatian, Prnakot və Şinətaq adlı cəmi üç erməni kəndi yerlidir, qalan erməni kəndləri 1826–1828-ci illərdən sonra təşkil olmuşdur”.
N.Şavrov belə etiraf edir: “XX əsrin əvvəllərində Zaqafqaziyada məskunlaşan 1 milyon 300 min nəfər erməninin 1 milyonundan çoxu ərazinin yerli sakinləri olmayıb, bizim tərəfimizdən məskunlaşdırılmışdır”.
Bəli, bütün bu faktlar onu deməyə əsas verir ki, Qərbi Azərbaycan tarixi türk torpaqları, köklü sakinləri Azərbaycan türkləri olmuş, ermənilər isə xaricdən bu ərazilərə köçürülmüşlər. Məhz bunun nəticəsidir ki, tarixən, yəni 1991-ci ilə kimi ərazinin toponimlərinin 90 faizdən çoxunu türk mənşəli toponimlər təşkil edirdi. XIX əsrin əvvəllərindən başlayaraq 1994-cü ilə kimi Qərbi Azərbaycan ərazisində olan türk mənşəli oykonimlərin, oronimlərin və hidronimlərin adları dəyişdirilərək erməniləşdirilmiş və ya ruslaşdırılmışdır. 1828-ci ildə bağlanan Türkmənçay müqaviləsinin nəticəsi olaraq ermənilər İrandan, Türkiyədən bu ərazilərə köçürülmüşdür. Bu tarixi faktlar erməni və rus mənbələrində öz əksini aydın şəkildə tapmışdır. Burada yaşayan azərbaycanlılar isə zaman-zaman – 1905-1906, 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə tarixi-etnik torpaqlarından deportasiya olunmuşlar. 1988-1991-ci illərdə SSRİ dövlətinin himayəsi altında Ermənistan dövləti Qərbi Azərbaycandan 250 mindən artıq azərbaycanlını ata-baba torpaqlarından deportasiya etmişdir. Ümumiyyətlə, XX əsrdə 2 milyondan çox azərbaycanlı indiki Ermənistanda soyqırımına məruz qalmışdır. 27 may 1997-ci ildə Müstəqillik Günü münasibətilə təntənəli yığıncaqda nitq söyləyən Ümummilli Lider Heydər Əliyev azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiya olunmalarından danışarkən demişdir: “O vaxt yaşayan insanlar və doğma yerlərindən deportasiya olunanlar yaxşı xatırlayırlar: Ermənistan çox gözəl iqlimə, yəni bu torpaqlar vaxtilə Azərbaycan torpaqları olub. Malik olan yaşayış yerlərindən insanları gətirib evsiz-eşiksiz Mil-Muğan çöllərinə salanda, əlbəttə ki, onlar o şəraitdə yaşaya bilməyəcəkdilər. Məlumdur ki, o vaxt bir çox insanlar qırıldı, tələf oldu, əzab-əziyyət çəkdilər. Hətta məlumdur ki, bəziləri burada yaşaya bilmədilər, gizli olaraq qayıdıb öz yerlərinə, evlərinə getdilər. Hesab edirəm ki, bu da bizim xalqımıza qarşı edilən ən böyük ədalətsizlikdir. Beləliklə, o vaxt Ermənistandan azərbaycanlıların çıxarılması, etnik təmizləmə baş veribdir. Onları öz yerlərindən, yurdlarından, doğma torpaqlarından o vaxt didərgin salıblar. Təəssüflər olsun ki, biz tarixin cürbəcür mərhələlərində belə hadisələri lazımi qədər təhlil edə bilməmişik və xalqımıza edilən bu ədalətsizliklərə qarşı öz səsimizi lazımi qədər qaldırmamışıq. Məhz bunların nəticəsində də 1988-ci ildə Ermənistan Azərbaycana artıq açıq təcavüz edibdir. O dövrdə Ermənistan ərazisində qalmış azərbaycanlılar qısa müddətdə Ermənistandan zorla çıxarıldılar. Ermənistan deyəndə, o ərazinin keçmişdə kimə mənsub olduğu məlumdur. O ərazinin çox hissəsi azərbaycanlıların əsrlərdən-əsrlərə yaşadıqları doğma diyar olubdur. Onları öz dədə-baba yurdlarından, tədricən, çıxardıblar və bunlar hamısı da 1988-ci ildə Ermənistanın Azərbaycana artıq hərbi təcavüzünün başlanmasına gətirib çıxarıbdır”.
Qərbi Azərbaycan ərazisindəki türk mənşəli adların dəyişdirilməsi siyasəti 1828-ci il fevralın 10-da bağlanan Türkmənçay müqaviləsindən sonra XIX əsrin 30-cu illərindən sistemli formada və məqsədli şəkildə həyata keçirilmiş və adların dəyişdirilməsi siyasəti inqilabdan sonra yeni vüsət almış, minlərlə kənd adı məhv edilmiş, rəsmi qərarlarla adların bir qismi ruslaşdırılmış, bir qismi isə qondarma erməni adları ilə əvəz edilmişdir. Bu gün Qərbi Azərbaycan ərazisindəki etnotoponimlərin öyrənilməsi xüsusi əhəmiyyət daşıyan məsələdir. Qərbi Azərbaycan ərazisində azərbaycanlıların etnogenezində müxtəlif qədim türk tayfaları iştirak etmişlər. Həmin tayfalar, təbii ki, Şimali və Cənubi Azərbaycan ərazilərindəki toponimlərdə də iz qoymuşlar. Tarixi faktlar hələ eramızdan əvvəl VIII əsrdə türk etnoslarının Qərbi Azərbaycan ərazisində yaşamasını təsdiq edir. Qərbi Azərbaycan ərazisindəki toponimlər arasında etnotoponimlərin sayı az deyildir. Onların hər biri müxtəlif türk etnoslarının, xüsusilə oğuzların bu ərazilərin aborigen sakinləri olduğunu sübuta yetirir.
Sevindirici haldır ki, bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilib, azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq səviyyəyə çıxarılıb. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı Prezident cənab İlham Əliyev dövlətimizin milli maraqlarına və Azərbaycançılıq ruhuna sadiq qalaraq Azərbaycan torpaqlarının tarixinə və mədəniyyətinə sahib çıxılmasının önəmini hər zaman vurğulayıb, Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu bütün beynəlxalq kürsülərdən bəyan edib.
2020-ci ildə Azərbaycan Prezidentinin siyasi iradəsi, diplomatik gücü və hərbi sərkərdəlik bacarığı nəticəsində 30 il işğal altında qalan torpaqlarımız 44 gün ərzində düşməndən azad edildi. 44 günlük Vətən müharibəsində Azərbaycan qazandığı Zəfər tariximizə yeni bir salnaməni həkk etdi. Azərbaycan dövlətinin və xalqının qüdrətini, sarsılmaz iradəsini, ordumuzun gücünü beynəlxalq səviyyədə nümayiş etdirən möhtəşəm Qələbə yeni reallıqlar yaradıb. Azərbaycanın ağrılı problemlərindən olan Qarabağ məsələsi birdəfəlik həll edildi. Hazırda Azərbaycanın yeganə problemi öz əzəli və əbədi torpaqları olan Qərbi Azərbaycan torpaqlarının həqiqi sahiblərinə geri qaytarılması, vaxtilə bu torpaqlarda yaşamış Azərbaycan əhalisinin hüquqlarının bərpa olunmasıdır. İllərlə həsrətlə gözlədiyimiz böyük qayıdış tarixi hadisəsi reallığa çevrildi. Ölkə rəhbərinin də qeyd etdiyi kimi: “Hazırda isə tarixi qələbəmizdən sonra yaranan yeni reallıqda ən mühüm vəzifələrdən biri Qərbi Azərbaycandan qaçqın düşmüş vətəndaşlarımızın öz yurdlarına qayıtması məsələsidir”.
Qələbəmizdən doğan tarixi reallıqların nəticəsidir ki, qarşıda soydaşlarımızı Qərbi Azərbaycana böyük qayıdış gözləyir. Bu hədəfi Prezident cənab İlham Əliyev 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqində bəyan etdi. “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar”, – deyə dövlətimizin başçısı vurğulayıb. Prezident cənab İlham Əliyev soydaşlarımızın Qərbi Azərbaycana qayıdacaqları ilə bağlı hədəfi bəyan edərkən azərbaycanlıların xarakterində olan çox mühüm bir amilə – xalqımızın tarixi yaddaşına istinad edib. Müqayisə aparan dövlətimizin başçısı bildirib: “Bu gün Zəngilan rayonunun Ağalı kəndində yaşayan insanların böyük əksəriyyəti, eyni zamanda uşaqlar, gənclər onlar üçün doğma olan o torpaqları heç vaxt görməmişlər. Torpaq həsrəti və Vətən sevgisi onları oraya getməyə vadar etdi. Onların arasında hətta Bakıdan, Sumqayıtdan gedənlər də az deyil. Yəni bu, xalqımızın xüsusiyyətidir, torpaq həmişə çəkir. Əminəm ki, Qərbi azərbaycanlılar da bu fikirlə, bu arzu ilə yaşayırlar”. Görüşdə Möhtərəm Prezident tarixi faktlara nəzər salaraq Qərbi Azərbaycanın əzəli və əbədi tarixi torpaqlarımız olduğunu dünya ictimaiyyətinə bir daha bəyan etdi: “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq, əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerləyeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarixboyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə Qərbi azərbaycanlıların qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qaldığını bildirən cənab Prezident müasir dövrümüzdə onların hüquqlarının bərpa edilməli və əzəli torpaqlarına qayıtmalı olduqlarını bildirdi: “Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”.
Qeyd edək ki, Prezident Qərbi azərbaycanlı ziyalılarla görüşdə Qərbi Azərbaycana qayıdış Konsepsiyasının hazırlanması vəzifəsini də qarşıya qoydu. Bir ay müddətində Konsepsiya hazırlandı. Sənəddə son 200 ildə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın tarixi torpaqlarına qayıtması prosesində İcmanın fəaliyyətinin ümumi prinsipləri öz əksini tapdı. Konsepsiya bu il yanvar ayının 25-də Müşahidə Şurasında təsdiq edildi.
Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi demək olacaq. Hər kəsin öz əzəli Vətənində yaşamaq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün artıq qeyd edilən istiqamətdə hərtərəfli işlərə başlanılıb. Bu istiqamətdə BMT-yə müraciət ünvanlanıb.
Müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb və ispan) olmaqla adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb. Müraciətin yayılması indiki Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsinin beynəlxalq müstəviyə gətirilməsi sahəsində böyük uğurdur. Məsələnin BMT-nin ən mötəbər orqanlarının gündəliyinin qeyd edilən bəndləri ilə əlaqələndirilməsi azərbaycanlıların öz evlərinə qayıtmasının təməl insan hüquqlarının qorunması, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın bərqərar edilməsi üçün zəruri olmasının beynəlxalq müstəvidə təsdiqidir. Beynəlxalq platformada bu məsələnin gündəmdə saxlanılması vacib əhəmiyyət daşıyır. BMT-də yayılan sənəd göstərir ki, artıq beynəlxalq müstəvidə də işlərə başlanılıb. Çünki qeyd etdiyimiz kimi, Azərbaycan dinc şəkildə, sülhlə soydaşlarımızın qayıdış məsələsini gündəmə gətirib.
Bu gün, heç şübhəsiz ki, xalqımız Müzəffər Ali Baş Komandanın qüdrəti və apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların da öz doğma torpaqlarına qayıdacağı günün uzaq olmadığına tam əmindir və öz liderinin ətrafında sıx birləşərək yeni qələbələrə zəmin yaradır.
Arzu ABDULLAYEV
Naxçıvan Dövlət Universitetinin sosial məsələlər və
ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru