Cümə , 22 Noyabr 2024
Drone Cameras

Qərbi Kaspi Universitetində Gənc Tərcüməçilərin I elmi konfransı keçirilib

Qərbi Kaspi Universitetində Gənc Tərcüməçilərin I elmi konfransı keçirilib.

Boyukmillet.com xəbər verir ki, tədbirdə “Report” İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev, Agentliyin Tərcümə şöbəsinin redaktoru Vüsal İsayev, ali təhsil müəssisəsinin Filologiya və tərcümə fakültəsinin müəllimləri və tələbələri iştirak ediblər.

Tədbiri Qərbi Kaspi Universitetinin İngilis dili və tərcümə kafedrasının müdiri Tahirə Əliyeva açıb və konfransın əhəmiyyətindən danışıb.

Sonra “Report” İnformasiya Agentliyinin Baş redaktoru Murad Əliyev çıxış edərək 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında tərcüməçilərin rolundan danışıb: “Tərcüməçilərin sayəsində Azərbaycan həqiqətləri, o cümlədən müharibə ilə bağlı doğru və dolğun məlumatlar bütün dünyaya çatdırıldı. Xarici dillərdə informasiya yaymağa önəm verən “Report” İnformasiya Agentliyinin yarandığı gündən rus və ingilis dilində versiyaları fəaliyyət göstərir. Müharibə dövründə də tərcüməçilərimiz bütün sutkanı fasiləsiz işlədilər və Azərbaycanın həqiqətlərini xarici oxuculara çatdırdılar”.

O, gələcəkdə tərcüməçi olmaq istəyən tələbələrə tövsiyələr də verib: “Hesab edirəm ki, gələcəkdə media təcrübənizin də olması böyük üstünlük olar. Bəzən ölkə əhəmiyyətli tədbirlərdə və hadisələrdə həmin şəxslərin təcrübəsinə ehtiyac duyulur”.

Qərbi Kaspi Universitetinin müəllimi Günel Qasımova isə çıxışında tərcüməçilərin qarşılaşdığı problemlərdən danışıb: “Bəzən bir sözün düzgün çatdırılması üçün saatlarla araşdırma aparmaq lazım olur. Çox məsuliyyətli olmaq lazımdır. Bu səbəbdən tərcüməçi həm də araşdırmaçı olmalıdır”.

Daha sonra Qərbi Kaspi Universitetinin Filologiya və Tərcümə Məktəbinin müəllimi Səfurə İsayeva çıxış edərək bildirib ki, tərcümə sənəti məsuliyyətli peşə olduğu kimi peşəkar tərcüməçiləri yetişdirmək də çətin və məsuliyyətlidir: “Bu baxımdan müəllimlərin üzərinə böyük öhdəliklər düşür. Məlumdur ki, hədəf dili öyrənməklə yanaşı, onun mədəniyyətinə və milli mənəvi irsinə də bir o qədər bələd olmaq vacibdir. Dil və mədəniyyətin vəhdətdə aşılanması məqsədilə universitetdə tərcümə fənlərini tədris ədən müəllimlər tələbələrə yalnız dil bacarıqlarını aşılamaqla kifayətlənmirlər. Hədəf dil daşıyıcılarının mədəniyyətləri, milli adət-ənənələri ilə yaxından tanış olmaq da tədrisimizin çox mühüm hissəsidir. Tərcüməçilərin beynəlxalq və siyasi arenada fəaliyyəti danılmazdır. Xüsusən Vətən müharibəsi zamanı Qarabağla bağlı həqiqətləri dünyaya çatdırmaqda tərcüməçilərin rolu əvəzsiz olub. Bu baxımdan onları arxa cəbhə döyüşçüləri də adlandıra bilərik”.

Tədbirin sonunda tələbələr müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.

Check Also

Əhməd İsmayılov: Medianın yeni formalaşan trendləri özü ilə birlikdə texnoloji təhdidlərə də səbəb olur

Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi …