“Öncə bütün azarkeşlərimizi, xalqımızı, millətimizi təbrik edirik. Həqiqətən də idman tariximizdə ilk dəfə ən azı pley-off mərhələsinə vəsiqəni təmin etdik”.
Bunu “Qarabağ”ın futbolçusu Qara Qarayev Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı “Report”a müsahibəsində deyib. 29 yaşlı yarımmüdafiəçi Qazaxıstanda “Kayrat”ı 2:1 hesabı ilə yenərək, UEFA Konfrans Liqasının IV tur matçından vacib qələbə ilə ayrıldıqlarını bildirib:
“Oyuna ciddi hazırlaşmışdıq. Konfrans Liqasında mübarizəyə başladıqdan sonra hədəfimiz daha yaxşı oynayaraq, daha çox xal qazanmaqdan ibarət olub. Dünənki görüş də bizim üçün vacib qarşılaşmalardan idi. Çox sevinirik ki, Vətənə qalibiyyətlə dönə, çətin şərtlərə rəğmən, bu vəzifənin öhdəsindən gələ bildik. Qurban Qurbanov başda olmaqla, komanda yoldaşlarıma, rəhbərliyə təşəkkürümü bildirirəm. Hər birimiz sərfəli nəticə ilə qayıda biləcəyimizə inanırdıq. Bu inamı gerçəkləşdirməyi bacardıq”.
Qeyd edək ki, “Qarabağ” Konfrans Liqasında 4 turdan sonra 10 xalla H qrupuna başçılıq edir. İkinci pillədəki İsveçrə “Bazel”inin 8 xalı var. Hər iki komanda sona 2 tur qalmış 2 xala malik Kipr “Omoniya”sı və 1 xalı olan Qazaxıstan “Kayrat”ı üçün əlçatmaz vəziyyətdədir və qrupdan çıxmağı təmin edib.