Cümə , 27 Dekabr 2024
Drone Cameras

“Qarabağ”ın “ölüm qrupu”- qolları payızda saymaq vaxtı…

Bir neçə ölkənin adlı-sanlı klubunun Avropadakı bu böyük futbol yarışmasından kənarda qaldığını görəndə “Qarabağ”ın uğuru daha da parlaq görünür…

Monakoda Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılan saatlarda Türkiyənin adlı-sanlı “Fənərbaxça” klubu Makedoniyanın “Vardar”ı ilə cavab qarşılaşması keçirirdi. “Vardar” rəqib meydanında 1:2 qalib gələrək Türkiyə klubunu Avroliqdan da kənarda qaldı. Türk idman yazarları “Fənəri” “sökdüyü” saatlarda isə Azərbaycanda “Qarabağ”ın Çempionlar Liqasında rəqibləri artıq məlum olmuşdu və saytlarda rəqiblərimizin təhlili gedirdi.

Püşkatmadan öncə dostlara demişdim ki, “Qarabağ”ın ən çətin qrupa düşməsini, “Spartak”la isə qarşılaşmasını heç, heç istəmirəm. “Qarabağ” elə “ölüm qrup”una düşdü desək, yanılmarıq. Üç Avropa nəhəngi- “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma” (İtaliya). Bu yerdə mənim həmişə ləzzətli pauza kimi işlətdimi bir ifadəni də yazmaq istəyirəm: “Of bə İstanbul…” Biz hardan hara gəldik, “Qarabağ” gözümüzün qarşısında necə böyüdü… Necə bu rəqiblərlə bir “zənbildə” olmağa sevinməyəsən axı…”Qarabağ”ın gənc meneceri Asif Əsgərovun “bu komandaların adlarını eşidəndə adam həyəcanlanır” deməsi yaşadığımız hisslərin dəqiq izahıdır.

Mən qardaş Türkiyə klublarına azarkeşlik etməmişəm, elə anlaşılmasın ki, “Fənər”in Avroliqaya, “Başakşəhər”in ÇL-ə düşməməsinə sevinirəm. Yox. Sadəcə, bir neçə ölkənin adlı-sanlı klubunun Avropadakı bu böyük futbol yarışmasından kənarda qaldığını görəndə “Qarabağ”ın uğuru daha da parlaq görünür.

“Roma”nın yerinə bir Almaniya klubu düşə bilsəydi, lap əla olardı.

celsi.jpg (87 KB)

Çünki İspaniya ilə İtaliya futbolunun bənzərliyi çoxdur, Almaniya isə bu “dördlüyə” daha fərqli rəng qata bilərdi. “Roma” əvvəlki kimi güclü deyil, baxmayaraq ki, püşk atılandan elə “Qarabağ”ın qeybətini edirlər. “Roma”nın əfsanəvi qolçusu Françesko Totti isə baltanı “kökündən vurub”. “Bilirik ki, ”Çelsi”, “Atletiko” və “Qarabağ” hörmətə layiqdir. Biz hər zaman rəqibə hörmətlə yanaşırıq. Amma “Roma”ya qarşı oyunlar isə hər 3 komanda üçün uğursuz olacaq” deyə, Totti bildirib. “Roma”nın baş məşqçisi Eusebio di Françesko daha obyektiv danışıb. O deyib ki, “Qarabağ” qrupun ən zəifi hesab oluna bilər. Amma onların oyununu qiymətləndirməmək olmaz”.

Mən də deyirəm ki, elə bu qrupda “Qarabağ” üçün ən uyğun rəqib “Roma”dır. Onlardan dörd xal qoparmaq olar. (İştah diş altındadır burda deyiblər).

DIAnIWRW0AEE9oa.jpg (210 KB)

“Qarabağ”ın transfer pəncərəsi qapanana qədər(31 avqust) heyətini necə yeniləyəcəyindən çox şey asılı olacaq. Bu üç Avropa nəhəngi ilə yarışmaq əvvəldə qeyd etdiyim kimi artıq uğurdur, böyük bir təcrübədir. Neçə vaxtdır yazırlar, filan klub Bakıya gələcək, filan klubla yoldaşlıq görüşü keçirəcək və sair. Ortada isə heç nə yox. Buyurun, üç Avropa nəhəngi özü öz ayağı ilə Bakıya gələcək. Düzdür, “Roma”nın meneceri Umberto Qandini deyib ki, “altı ağır matç oynayacağıq və bunun içində Azərbaycana uzun səfər var”. Sonradan əlavə edib ki, “Azərbaycana səyahət bizi narahat edən amildir”. Səyahət e… Məncə, bu adam “Qarabağ”ın oyunundan və Azərbaycanın harada yerləşdiyindən tam xəbərdar deyil. İspaniya, İngiltərə İtaliyaya məsafəcən yaxındır, Azərbaycan onlara baxanda uzaqdır. Amma biz də İtaliyaya gedəcəyik axı… Həm də səyahətə yox…

atletiko.jpg (74 KB)

“Atletiko” sağ olsunlar, köhnə haqq-salamı (daha doğrusu reklamı) ututmayıblar, öz Tvitter səhifələrində Ağdam klubunu tarixi nailiyyət münasibəti ilə təbrik edib. Qol.az-ın Madrid təmsilçisinin Tvitter səhifəsinə istinadən yaydığı xəbərə görə, təbrik mesajında deyilir: “İlk dəfə Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcəyiniz üçün sizi təbrik edirik. Biz Azərbaycanın paytaxtı Bakıya qayıdacağımızdan şadıq”. Sayt yada salır ki, “Atletiko” “Bakı” klubu ilə əməkdaşlıq çərçivəsində 2013-cü ildə Bakıya gələrək paytaxt təmsilçisi ilə yoldaşlıq oyunu keçirib.

roma.jpg (41 KB)

Yeri gəlmişkən, “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsində yer aldığı C qrupunun oyunlarının tam təqvimini təqdim edək. Kəsib gözünüzün qarşısında saxlayın, həm də tarix üçün…

12 sentyabr

“Çelsi” (İngiltərə) – “Qarabağ” (Azərbaycan)
“Roma” (İtaliya) – “Atletiko” (İspaniya)

27 sentyabr

“Qarabağ” (Azərbaycan) – “Roma” (İtaliya)
“Atletiko” (İspaniya) – “Çelsi” (İngiltərə)

18 oktyabr

“Qarabağ” (Azərbaycan) – “Atletiko” (İspaniya)
“Çelsi” (İngiltərə) – “Roma” (İtaliya)

31 oktyabr

“Roma” (İtaliya) – “Çelsi” (İngiltərə)
“Atletiko” (İspaniya) – “Qarabağ” (Azərbaycan)

22 noyabr

“Qarabağ” (Azərbaycan) – “Çelsi” (İngiltərə)
“Atletiko” (İspaniya) – “Roma” (İtaliya)

5 dekabr

“Roma” (İtaliya) – “Qarabağ” (Azərbaycan)
“Çelsi” (İngiltərə) – “Atletiko” (İspaniya)

“Qarabağ”ın ev və səfər oyunlarını keçirəcəyi stadionların adları da məlum olub. Belə ki, “Qarabağ” rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

“Qarabağ”ın rəqiblərindən olan “Atletiko” ev oyunlarını “Estadio Metropolitano”, “Çelsi” əvvəlkitək “Stemford Bric”, “Roma” isə “Olimpiko” stadionunda keçirəcək.

Digər qrupları da isə bu klublar mübarizə aparacaq.

A qrupu

“Benfika” (Portuqaliya)
“Mançester Yunayted” (İngiltərə)
“Bazel” (İsveçrə)
MOİK (Moskva, Rusiya)

B qrupu

“Bavariya” (Almaniya)
PSJ (Fransa)
“Anderlext” (Belçika)
“Seltik” “(şotlandiya)

F qrupu

“Şaxtyor” (Ukrayna)
“Mançester Siti” (İngiltərə)
“Napoli” (İtaliya)
“Feyenoord” (Hollandiya)

E qrupu

“Spartak” (Moskva, Rusiya)
“Sevilya” (İspaniya)
“Liverpul” (İngiltərə)
“Maribor” (Sloveniya)

G qrupu

“Monako” (Fransa)
“Portu” (Portuqaliya)
“Beşiktaş” (Türkiyə)
“Leyptsiq” (Almaniya)

D qrupu

“Yuventus” (İtaliya)
“Barselona” (İspaniya)
“Olimpiakos” (Yunanıstan)
“Sportinq” (Portuqaliya)

H qrupu

“Real” (İspaniya)
“Borussiya” (Dortmund, Almaniya)
“Tottenhem” (İngiltərə)
APOEL (Kipr)

Beləliklə, payızda “Qarabağ”ı çətin rəqiblər, bizi isə həyəcanlı qarşılaşmalar gözləyir…Qolları payızda saymaq vaxtıdır, bizə də vuracaqlar, biz də vuracağıq…

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir