Çərşənbə , 3 İyul 2024
Drone Cameras

QARABAĞ QAZİSİ MƏMUR ÖZBAŞINALIĞINDAN GİLEYLƏNİR:”BU HAL VƏTƏNPƏRVƏRLİK RUHUNU AŞAĞI SALIR”

“Məmurların, icra başçılarının şəhid ailələrinə, Qarabağ qazilərinə qarşı xoşagəlməz münasibəti insanların, xüsusilə gənclərin vətənpərvərlik ruhunu aşağı salır”.
 
Bu barədə “Sherg.az”a xüsusi təyinatlı hərbiçi, Qarabağ qazisi Natiq Mehdiyev bildirib. O söyləyib ki, bu hadisələrin tək elektron mediada, qəzet və jurnallarda dərc olunması kifayət etmir:
 
“Şəhid ailələrinə, qazilərə qarşı hərəkətləri televiziyalarda daha geniş tənqid olunmalıdır. Bu özbaşınalıqlara qarşı xüsusi mərkəz olmalıdır ki, insanlar məmurlardan şikayətlərini bura ünvanlasın. Şəhid ailələri, qazilər yalnız media vasitəsi ilə müraciət edə bilir, halbuki özümüz deyir, özümüz də eşidirik. Sırf bu şikayətlərə baxacaq orqan yaradılmalıdır. Hər kəs yaxşı bilir ki, şəhidlərin, qazilərin sayəsində belə rahat yaşaya bilirik. Onlar öz canından keçməsə idi, ermənilər bəlkə də çox ərazilərimizi işğal edərdi. Şəhid ailələrini, qaziləri incidən məmurlar bunu anlamır. Ona görə, bu qədər əziyyət çəkməli oluruq”.
 
Zərdab rayonunun icra başçısının şəhid ailəsinə verilən qanpulunu mənimsəməsinə toxunan Qarabağ qazisi bunun araşdırılmasını tövsiyə edir:
 
“Həmin pulun ailəyə çatıb, çatmaması sübut olunmalıdır. Ümumiyyətlə, məmurların belə özbaşınalığı ilə əlaqədar tədbir görülməlidir. Bir müddət əvvəl xəbər yayılmışdı ki, Daşkəsən rayon icra başçısı Qarabağ qazisi Arzu Məmmədovun 20 min manat pulunu mənimsəyib. Həmin məsələ də mübahisəli olaraq qaldı. Hansı tərəfin haqlı olduğu üzə çıxarılmadır. Ortada olan isə, belə hadisənin insanlarda yaratdığı ruh düşkünlüyüdür”.
 
Qeyd edək ki, aprel şəhidi Nurlan Abdullayevin atası Rasim Abdullayev mətbuata müraciətində ailəsinin yaşayışının yaxşı olmadığını, kiçik daxmada yaşadıqlarını məsələ ilə bağlı rayon icra başçısına müraciətlərinin cavabsız qaldığını və Böyükdəkkə kənd orta məktəbinə şəhidinin adının verilməsi məsələsinə müsbət yanaşılmadığını və məzarın üzərindəki bayrağın götürülməsinə etiraz etdiyini vurğulayıb.
 
Zərdab rayonunun icra başçısı Lütvəli Babayev isə şəhid atasının ittihamlarına cavab verib. Onun sözlərinə görə, Rasim Abdullayevin müraciətində qeyd edilən fikirlərin heç bir əsası yoxdur, şantaj və böhtan xarakterlidir. Belə ki, şəhid ailəsi kimi Rasim Abdullayevin etdiyi bütün müraciətlərə Rayon İcra Hakimiyyəti tərəfindən diqqətlə yanaşılıb və qaldırdığı məsələlərin həlli üçün zəruri olan bütün tədbirlər görülüb.
 
 
Xatırladaq ki, 2012-ci ildən Naxçıvanda əsgəri xidmət keçən, xidməti başa vurduqdan sonra könüllü olaraq müddətdən artıq hərbi xidmət edən Zərdab rayonunun Böyük Dəkkə kənd sakini, 1994-cü il təvəllüdlü, gizir Abdullazadə Nurlan Rasim oğlu 2016-cı ilin aprel ayında Tərtər bölgəsində gedən döyüşlərdə şəhid olub.
 
(Aysel Aslan, sherq.az)

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir