Bu gün Çempionlar Liqasında pley-offun cavab oyunlarına start veriləcək. Ölkə olaraq bizi maraqlandıran görüş isə sabah, yəni avqustun 23-də baş tutacaq.
Musavat.com xəbər verir ki, tarixində ilk dəfə bu mərhələdə təmsil olunan Azərbaycanın çempionu “Qarabağ” sabah səfərdə “Kopenhagen”in qonağı olacaq. Danimarka təmsilçisini evdə 1:0 hesabı ilə yenən Qurban Qurbanovun yetirmələri üstünlüyünü qorumağa çalışacaq.
Azərbaycan futbol tarixinə qitənin ən nüfuzlu klub turnirindəki ilk komanda kimi düşmək şansı əldə edən “Qarabağ”a istənilən hesablı bərabərlik də kifayət edir. “Qarabağ”a hətta minimal fərqli, amma qollu məğlubiyyət də sərf edir.
Lakin səfərə yüksək əhval-ruhiyyə ilə yollanan Qurbanovun komandası rəqibi yenə məğlub etməyə çalışacaq. Tarix yazmaq şansı qazandığımız matç həm də diqqətçəkən məqamlarla yadda qalacaq. Belə ki, Azərbaycan klubları avrokuboklar tarixində 300-cü, Çempionlar Liqasında 60-cı sınağına çıxacaq.
Mühüm matçla bağlı hər zaman olduğu kimi, yenə də idman jurnalistləri arasında sorğu keçirdik.
Elmar Abdullazadə (Futbol11.az): “Hələ püşkatmadan dərhal sonra “Qarabağ”ın ÇL-in qrup mərhələsi yolunda son maneəsinin “Kopenhagen” olacağını biləndən sonra əksəriyyəti danimarkalıları cütün favoriti saysa da, bu özünü doğrultmadı. Bakıdakı ilk matçdan sonra göründü ki, bu komandanı keçmək olar. Bunun üçün ilk dəqiqələrdə həyəcanı boğmaq lazımdır. Ən əsası isə ilk 15 dəqiqədə top buraxmamaqdır. Fikrimcə, ağdamlılar ötən ilin noyabrında PAOK-la Yunanıstandakı kimi matça başlasalar uğur qazanmaq şansları yetərincədir. O zaman oyun intizamını əldən verməyən, səbirlə müdafiə olunan Qurbanovun yetirmələri öz məqamını gözləmiş və sonda istəyinə çatmışdı.
Düşünürəm ki, bu dəfə də bir “qəza” baş verməsə belə olacaq. Bu mənada ilk oyundakı nəticə təmsilçimizin xeyrinə olan amildir. Qol vurmaq üçün irəli atılan rəqibi əks-hücumlarda yaxalamaq olar. Elə ilk matçda da “Qarabağ” məhz rəqibi əks-hücumda yaxalayaraq istəyinə çatmışdı. Bunun üçün “Qarabağ”ın Dino Ndlovu, Donald Gerye kimi çox sürətli və texnikalı oyunçuları var. Hər nə qədər tənqid olunsa da Əfran İsmayılovun da adını qeyd etmək olar. Rəqibin ən qorxulu cəhəti isə bütün skandinav komandalarında olduğu kimi standart vəziyyətlərdir. Amma “Qarabağ” məhz bu amildən üstünlük kimi istifadə edib, qeyd etdiyim əks həmləni reallaşdıra bilər. Çünki “Kopenhagen” futbolçuları künc və cərimə zərbələri zamanı çox oyunçu ilə irəli çıxıb, arxada böyük boşluqlar yaradırdı.
“Qarabağ” isə ilk matçda bu cür vəziyyətlərdə ən azı 3-4 futbolçunu arxada saxlayıb, şimallıların onları arxada azlıqda tutmasına imkan vermirdi. Ümumiyyətlə, “Qarabağ” məhz bu cür ölkə təmsilçiləri ilə matçda qol şansları daha çox əldə edir, nəinki aşkar üstün olduğu matçlarda. Çünki rəqib bir nömrə kimi çıxış edəndə “Qarabağ” dərhal boşluqlar tapa bilir. Bunu əsasən də 2-ci eşelon ölkələri ilə matçlarda ağdamlılar daha rahat edir. Fikrimcə, səfərdəki matçda “Qarabağ”ın çox gözəl şansı var, sadəcə, ələ düşən şanslardan maksimum yararlanmaq lazımdır”.
İlkin Sultanlı (Bombardir.az): “Hazırda “Qarabağ” kağız üzərində üstündür. İlk oyunda məğlub olan “Kopenhagen”i zəif hesab etmək olmaz. Onlar III təsnifat mərhələsinin cavab matçında “Vardar”a qırmızı vərəqələri ola-ola 30 dəqiqəyə 4 top vurmağı bacardılar. Düşünürəm ki, hər iki komandanın şansları bərabərdir. Fikrimcə, 120 dəqiqəlik qarşılaşma da izləyə bilərik. Qurban Qurbanov o diqqətli oyun tərzini oyunçulara aşılaya bilsə, tarixdə ilk dəfə Azərbaycan klubu Çempionlar Liqasının qrup mərhələsində mübarizə apara bilər”.
Elsevər Məmmədov (Qafqazinfo.az): “”Kopenhagen” nə “Şerif”dir, nə də “Samtredia”… Bu komandaya qarşı səfər oyunu həddən çox çətin olacaq. Xüsusən matçın ilk 20 dəqiqəsi. Qara Qarayev demişkən həmin dəqiqələr ən həyəcanlı dəqiqələrdir. Bu vaxtda “Qarabağ” qol buraxsa, çətin məsələdir. Digər tərəfdən “Qarabağ” əgər Bakıda yerinə yetirdiklərini səfərdə göstərə bilsə, mükəmməl olacaq. Kiçik ötürmələrlə oyunu qurmaq rəqibi özündən çıxara bilər və bizim lehimizə işləyəcək. Digər tərəfdən “Kopenhagen” kimi komandalar adətən evdə daha sürətli futbol oynayırlar. Amma bu dəfə məsələ bir az başqadır. “Qarabağ” evdə udub və “Kopenhagen”in hücuma atılması Ağdam klubunun işinə gələ bilər. Şansları bərabər sayıram 50-50. Amma ümid edirəm ki, “Qarabağ” tarix yazacaq”.
Zaur Xudiyev (Apasport.az): “Evdə qazanılmış minimal hesablı qələbə “Qarabağ”a səfərdə az da olsa üstünlük yaradır. Ağdamlıların Danimarkada əsas hədəfi qol buraxmamaq olacaq. Və təbii ki, imkan olarsa, bir və ya bir neçə qol vurmaq da əla olar. İstənilən halda, əsas məsələ qol buraxmamaqdır. Bunun üçün Qurban Qurbanovun komandasının təmkinli oynayacağını düşünürəm. Əgər rəqibin ilk 15-20 dəqiqədəki təzyiqini xətasız sovuşdura bilsələr, sonrakı dəqiqələr çempionumuzun xeyrinə işləyəcək.
Əgər işlər plan üzrə getməsə, komanda bir qol buraxsa belə, təlaşa qapılmaq, oyun nizamından qopmaq olmaz. “Qarabağ”a istənilən halda 1 qol lazım olacaq ki, hətta rəqib iki dəfə də fərqlənsə, bu, dəyişməyəcək. Yekun olaraq, səfər oyunu öncəsi, “Qarabağ”ın 55-45 faiz nisbətində üstün olduğunu düşünürəm. Yetər ki, komanda ən yaxşı bacardığı işi – top saxlamağı və təmkinli olmağı bu dəfə də qüsursuz yerinə yetirsin”.
Emin Səfərov (Yeniçağ.az): “”Qarabağ” Bakıda “Kopenhagen”ə necə od qoyubsa, danimarkalıların canına vəlvələ düşüb. Rəqibin meydandankənar amillərlə təmsilçimizə psixoloji təzyiq etmə cəhdləri də bunun sübutudur. Hər halda onlar cavab matçında da uğursuzluğa düçar olacağından bərk narahatdırlar. Bunun qarşılığının layiqli bir cavabı varsa, o da 90 dəqiqənin tamamında “Qarabağ”ın məğlub olmamağıdır. Qurban Qurbanovun yetirmələri artıq ən yeni tarixin bir addımlığındadırlar. Hələ indiyədək belə şansımız olmamışdı. Odur ki, bu fürsətdən maksimum yararlanmaq lazımdır. Ki, “Qarabağ”ın da bunu bacaracağına inanıram. Baş məşqçi Qurbanovun bu mənada yetərincə təcrübəsi var. Əminəm ki, futbolçularını ölüm-qalım oyununa kökləyə bilib”.
Qeyd edək ki, “Kopenhagen” – “Qarabağ” matçı avqustun 23-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.