Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Qarabağın hər parçasına igidlərimizin ayağının dəyməsi ora yeni müqəddəslik bəxş edir

Atəşkəsdən düz 22 il sonra, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin işğaldan azad olunmasıyla Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıdışın reallaşdırılması hamımızda böyük ruh yüksəkliyi yaratdı. Kiçik kəndə də olsa 22 il sonra yurdumuza dönməyimiz, vətənimizin bir guşəsində yenidən bayrağımızın ucaldılması, orada yaşayışın bərpa olunması içimizdə böyük qayıdışın başlanmasına inamın alovunu əhəmiyyətli ölçüdə gücləndirdi. Çox sevincliydik. Çünki xalqımızın ənənəvi qələbə ruhu sanki cismimizə geri döndü, özgüvənimiz artdı. Cəmiyyətimiz məğlubluq sindiromundan çıxdı. Toparlanmağımız və böyük revanşa hazırlaşmağımız isə 4 il yarıma yaxın vaxt apardı.


İndi isə tamam fərqli tarix hadisələrin şahidi və iştirakçısıyıq. Hər günü əsrə bərabər olan çox qiymətli tarixi mərhələdən keçirik. 1988-1994-cü illərdəki birinci Qarabağ savaşında itirdiyimiz torpaqların önəmli bir qismini cəmi 35 gün ərzində işğalçılardan təmizləmişik. Maşallah, qəhrəman əsgər, gizir və zabitlərimiz az qala hər gün 10 kəndi işğaldan azad edirlər. Düşmənin hərbi bazaları, silah anbarları, hərbi texnikası, döyüş təyyarələri və canlı qüvvəsinin məhv olunması ilə bağlı video görüntülər və real statistika Azərbaycan Ordusunun nə qədər peşəkar və qüdrətli olduğunu bütün dünyaya göstərir.


Bütün bunlara baxmayaraq bir çoxları cəbhədən daha böyük uğurlar barədə xəbərlər gözləyir. Rəsmi məlumatlardakı sevinc payına yaxşı mənada qane olmurlar. Ordumuzun silahıyla necə qiymətli bir tarix yazdığının, regionun geosiyasi arxitekturasında nələri dəyişdirdiyinin fərqində olmayan, ətrafında baş verən hadisənin mahiyyətini olduğu kimi dərk etməyən, məsuliyyətsiz şəxslərin sosial şəbəkə hesablarında yaydığı postlar və şəkillər isə ayrıca müzakirə olunmalıdır. Döyüşlərlə bağlı internetdə hər rastına çıxan materialı yayımlamağın yolverilməzliyini, məxfiliyi qorumağın vacibliyini anlamayan, rəsmi qurumların çağırışlarını riayət etməyən və beləliklə ön cəbhədəki əsgərlərimizin həyatını riskə atan şəxslərlə bağlı münasibətim birmənalı olaraq mənfidir və onları belə davranışdan çəkindirməyin bütün formalarını məqbul hesab edirəm.


Əlbəttə ki, hər qarış Vətən torpağının murdar düşməndən azad olunması Ali Baş Komandanın dediyi kimi əsgər və zabitlərimizin qanı-canı bahasına başa gəlir. Ona görə də 30 ildir həsrət olduğumuz Qarabağ torpağının hər parçasına igidlərimizin ayağının dəyməsi ora yeni müqəddəslik bəxş edir. Bu cəhətdən ön cəbhədən gələn hər kiçik xəbərə də qəlbən sevinirəm, ürəkdən fərəhlənirəm.


Burda digər bir önəmli məsələ də son iki yüz ilədək regionun şəriksiz sahibi olan xalqımızın ruhunun təzələnməsi, əski qüdrətinin bərpa olunmağa başlanmasıdır. Bu baxımdan azərbaycanlıların daha böyük qələbələrə can atması, hamının bunun üçün səfərbər olması, bütün cəmiyyətin Prezident İlham Əliyevin, müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək misilsiz həmrəylik nümayiş etdirməsi həm də itirdiyimiz tarixi haqlarımızın bərpası üçün mücadiləmizin zəfərlə başa çatanadək davam etdirilməsinə olan israrından, qətiyyətindən xəbər verir. Əminəm ki, bu ruhla, belə əzmkarlıqla işğalda olan inzibati vahidlərin hamısı (Xocavənd, Xocalı, Ağdam, Laçın, Kəlbəcər, Şuşa və Xankəndi) azad olunduqdan, ölkənin bütün ərazisində suverenliyimiz bərpa edildikdən sonra tarixi torpaqlarımız (İrəvan, Zəngəzur, Ağbaba, Göyçə, Dərələyəz, Lori-Pəmbək və s.) üzərində mənəvi sahibliyimizin bərpa olunması başlayacaq. Diqqətimiz tarixi haqlarımızın bərpasına yönələcək…

27 sentyabrdan etibarən hər gün böyük gələcəyə doğru addım-addım yol gedirik. Özü də daha güclü, daha inamlı, daha arxayın, daha dik şəkildə. Yolumuz açıq olsun! Tanrı haqqın, ədalətin bərpası üçün birliyimizi əbədi etsin, Ordumuzu, dövlətimizi, xalqımızı qorusun!

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …