Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların yeni başçısı Araik Arutyunyanı qəbul edib. Erməni mediasının verdiyi məlumata görə, İrəvanda baş tutan görüşdə işğal bölgəsindəki son durum müzakirə edilib. Araik Arutyunyan baş nazirə həyata keçiriləcək proqramları və tədbirlər planını təqdim edib. Maraqlıdır ki, dünya birliyi və xüsusən də vasitəçilər bu biabırçı mənzərə ilə bağlı hər hansı mövqe ortaya qoymur.
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdə olduğu bu iki il ərzində atdığı addımlara nəzər salsaq, pandemiyanın onun işinə necə yaradığına şahidlik edərik:
Samir Adıgözəlli:“Bu cür açıq saxtakarlığa susan vasitəçilərdən hansı ədalətli mövqeni gözləmək olar?”
“Məhz bütün dünyada koronavirusla bağlı kütləvi tədbirlərin təxirə salındığı zamanda Paşinyanın təkidi və planı əsasında qondarma “DQR”-də saxta “parlament və prezident” seçkiləri keçirildi. Paşinyan öz adamını ora rəhbər təyin etmək üçün hətta ikinci tur şousuna belə getdi. Ermənistan kimi kiçik ölkədə karantinlə vəziyyətə nəzarət mümkün olduğu halda, o, ölkədə fövqəladə vəziyyət elan etdi. Son qərarı isə siyasi rəqiblərini bu adla işdən azad etmək oldu. Həmin biabırçı seçkini ən nüfuzlu beynəlxalq təşkilatlar və dövlətlər tanımadı. Ancaq təəssüflə qeyd etməliyəm ki, bu bəyanatlar yalnız kağız üzərində qalır. Azğınlaşmış ermənilər öz bildiklərini edirlər. ATƏT-in Minsk Qrupu, demək olar ki, təsir gücü olmayan təsisata çevrilib. Biz dəfələrlə vurğulamışıq ki, erməniləri çirkin əməllərindən hansısa bəynatlar vasitəsilə çəkindirmək olmur. Uzun illərdi ki, onlar qondarma rejimdə müxtəlif adlarla “seçki” keçirirlər. Heç birində də həmin şouya dəstək verən tapılmayıb. Ancaq proses davam edir. Separatçıların məqsədi də budur ki, adları daha çox hallansın. Hətta seçkini tanımamaqla bağlı verilən bəyanatlar belə onların adını gündəmdə saxlamış olur. Bu səbəbdən də, həmin prosesi dayandırmaqla bağlı effektli mexanizmlər fikirləşmək lazımdır. Biz bunu dəfələrlə təklif etmişik. Demişik ki, saxta “seçkiləri” keçirən Ermənistandır və ona qarşı konkret sanksiyalar tətbiq edilsin. Bunlar olmayıb. Nəticə göz qabağındadır. “Seçkilərdən” dərhal sonra saxta “prezident” Paşinyanın qəbuluna gedib. Bu faktın özü beynəlxalq aləmə verilən saymazlıq mesajıdır. Təəssüflər olsun ki, sülh prosesinin nizamlanmasında vasitəçi olan dövlətlər bu rəzilliyə susur. Onların birbaşa borcudur ki, Paşinyanı “saxta seçkinin” qalibini qəbul etdiyinə görə sərt tənqid etsinlər. Buna da münasibət bildirməyəcəklərsə, bəs onda nə zaman danışacaqlar? Bizə ütülü, diplomatik ifadələrlə bəzədilmiş bəyanatlar gərək deyil. Konkret, sadə dildə bu məsələyə münasibət bildirsinlər. Niyə Ermənistan başqasının ərazisində “seçki” keçirir, amma cəzasını almır? Bu cür açıq saxtakarlığa susan vasitəçilərdən hansı ədalətli mövqeyi gözləmək olar?”
Məhəmmədəli QƏRİBLİ