“Quql örs” (Google Earth) və “Quql məps” (Google maps) adlı proqramda Gədəbəyin Başkənd kəndi ermənicə “Arcvaşen” kimi qeyd olunub. Bununla yanaşı, sözügedən kəndin tarixi ilə bağlı ingilis və rusdilli Vikipediyada onun 1992-ci ildə Azərbaycan tərəfindən işğal edilməsi qeyd edilib.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlovanın sözlərinə görə, şirkət nazirliyin müraciətinə cavab olaraq qeyd edib ki, sözügüdən proqramlar istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir:
“Azərbaycan rayonlarının adlarının “Quql məps” elektron xəritəsində Azərbaycan dili ilə yanaşı, erməni dilində göstərilməsi ilə bağlı tərəfimizdən (NRYTN, XİN) dəfələrlə Quql şirkətinin mərkəzi ofisinə müraciətlər göndərilib və rəsmi diplomatik kanallarla birgə məsələ şirkət qarşısında qaldırılıb. Şirkətdən verilən cavab isə ondan ibarət olub ki, “Quql məps” istifadəçilərin fərdi yaradıcılığı prinsipi əsasında fəaliyyət göstərir. Bu halda isə vətəndaşlarımız fəal şəkildə adıçəkilən elektron xəritədə bu kimi neqativ halların qarşısını almaq üçün öz səylərini əsirgəməməlidirlər”.
Nazirlik rəsmisi Vikipediyada da Azərbaycanın işğalçı adlandırılmasına qarşı tədbir görülməsi üçün vətəndaşlarımızın fəal olması lazım olduğunu qeyd edib:
“Vikipediyada da eyni qaydadır. Vətəndaşlarımız fəallıq göstərməli və düzəliş tələb etməlidirlər. Yalnız rəsmi qurumlardan addım gözləmək kifayət deyil”.