Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Rəqibləri Azay Quliyevi təbrik etdilər: “Seçicilər tərəfindən haqlı olaraq dəstəkləndi…” – FOTOLAR

Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkisində 8 saylı Binəqədi birinci seçki dairəsindən Milli Məclis deputatlığına seçilmiş Azay Quliyevin rəqibi olmuş namizədlər ona təbrik məktubları ünvanlayıblar.

Namizədlərdən Rafiq İmanovun təbrik məktubunda deyilir:

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər uğurla baş tutmuşdur. Əminliklə hər birinizə deyə bilərəm ki, 9 fevral seçkiləri 8 saylı Binəqədi birinci seçki dairəsində azad, şəffaf və demokratik şəkildə keçirildi və bu baxımdan bizim dairə ən nümunəvi dairələrdən biri oldu. Siyasi mədəniyyət sərgiləyərək mən də 8 saylı dairədən seçkilərdə qələbə qazanmış Azay Quliyevə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Seçki prosesinin ilk günündən sonadək Azay müəllim öz siyasi təcrübəsini, səbrini və yüksək mədəniyyət səviyyəsini nümayiş etdirərək dairə üzrə digər namizədlərə qarşı hər hansı bir etikadan kənar hərəkətlərə yol vermədi, bəzi rəqiblər tərəfindən onun həyata keçirdiyi seçki kampaniyasına maneəçilik törədmək cəhdlərinə baxmayaraq, seçicilərlə coşqulu görüşlərini müntəzəm şəkildə davam etdirdi və bunun da nəticəsində seçiciləri tərəfindən haqlı olaraq dəstəkləndi.

Mən Azay Quliyevi 8 saylı Binəqədi birinci seçki dairəsindən yenidən deputat seçilməsi münasibətilə təbrik edir və ümid edirəm ki, Azay müəllim seçiciləri tərəfindən layiq görüldüyü bu yüksək etimadı görəcəyi işlərlə, keçirəcəyi görüşlərlə və seçicilərin üzləşdikləri problemləri həll etməklə doğruldacaq.

Digər namizəd Cabbar Bayramov isə Azay Quliyevi belə təbrik edib:

Builki parlament seçkilərinə ən gec qatılan namizədlərdən biri mən idim. Dekabr ayının 25-də ərizəmi təqdim etdim, ayın 30-da imza vərəqələrini götürdüm. Yanvarın 10-da imza vərəqələrini digər sənədlərlə birlikdə DSK-nə təqdim etdim, ayın 16-da isə namizədliyim qeydə alındı.
İmza toplama prosesində mənə dəstək olan, paylaşımları öz səhifələrində repost edən, votsap statuslarında şəkillərimi paylaşan və başqa cür mənə dəstək olan bütün dostlarıma sonsuz təşəkkür edirəm!
Nəticə isə məlumdur, mən seçilmədim. Daha doğrusu, lazım olan qədər səs toplaya bilmədim. Normal qəbul edirəm. 20 ilə yaxın hüquqşünas işləsəm də, ictimaiyyət arasında çox tanınmıram. Mənim üçün yeni olan bu sahədə kifayət qədər təcrübə toplaya bildim və prosesə qoşulmağımdan peşman deyiləm. İnsanların etimadını hiss etmək isə böyük zövqdür.
Qeydə alındığım 8 saylı Binəqədi birinci seçki dairəsindən, Milli Məclisin 5-ci çarışırışında həmin dairədən deputat olmuş Azay Quliyev seçildi. Bunu da normal qəbul edirəm. Cənab Quliyev buna qədər 3 çağırış deputat seçilib. Həm respublika daxilində, həm də ölkə xaricində kifayət qədər ictimai fəaliyyəti olub. Seçicilər tərəfindən onun daha çox tanınması başa düşüləndir.
Məğlubiyyəti kompleks etmirəm və qısqanc biri deyiləm. Buna görə də Azay Quliyevi təbrik edir, ona parlamentdəki fəaliyyətində uğurlar arzulayıram!
Sağlıq olsun, növbəti parlament seçkilərində özümü hazır hesab etsəm, yenə də seçkilərə qoşulacağam.

Check Also

NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…

Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …