“Azərbaycanın təşəbbüskarı olduğu üç istiqamət üzrə danışıqlarda (bütün nəqliyyat kommunikasiyaların açılması, delimitasiya, sülh sazişinin imzalanması) Ermənistanın xoş niyyətlə iştirak etdiyi barədə xarici işlər naziri Mirzoyanın səsələndirdiyi fikirlərin həqiqəti əks etdirmədiyi yaxşı məlumdur. Ermənistan tərəfi sülh gündəliyi üzrə təkliflər irəli sürüləndən sonra aylarla müraciətlərimizə cavab verməməklə yanaşı, prosesin irəliləməsi üçün əməli addımlar atmayıb və müxtəlif bəhanələrlə davamlı olaraq prosesə maneçilik törədib”.
Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Avropa İttifaqı Parlamentinin Xarici Əlaqələr Komitəsində çıxışı ilə bağlı yayılan bəyanatda deyilir.
Qeyd olunub ki, Ermənistan tərəfinin növbəti dəfə guya Azərbaycanın “eksterritorial dəhliz” tələb etdiyi ideyalarını səsləndirməsi əsassızdır:
“Bir daha xatırladırıq ki, Üçtərəfli Bəyanatın 9-cu bəndinə əsasən, Ermənistanın “vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin yaradılması” üzrə öhdəliyi mövcuddur. Ermənistan öz ərazisindən maneəsiz hərəkətin təmin edilməsinə razılıq verib və bu öhdəliyinə əməl etməlidir. Eynilə, Azərbaycanın 8 kəndini və onlarla kv. km ərazilərini hələ də işğal altında saxlayan Ermənistan tərəfinin Azərbaycanın delimitasiya prosesinə sadiq olmadığını bəyan etməsi təəccüb doğurur”.
Məlumatda deyilir ki, Azərbaycanın sülh sazişi imzalamaq təklifinə 8 aydan artıq müddətdə cavab verməyən, daha sonra sülh sazişinin imzalanmasını adətən uzun müddət çəkən delimitasiya prosesi ilə şərtləndirən, müəyyən edilməmiş sərhəd bölgəsində demilitarizasiya zonasının yaradılmasını təklif edən Ermənistanın müxtəlif bəhanələrlə sülh sazişinə maneçilik törətməsi, müəyyən elementləri qabardaraq danışıqlar prosesinin mahiyyəti barədə çaşqınlıq yaratması narahatlıq doğuran məqamdır və Ermənistanın addımlarını bir daha ölçüb-biçməsi zəruridir.