Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Rahib Qərib yazır: Böyük Qələbənin qısa düsturu

Vətən müharibəsindəki Qələbə haqda düşünərkən, ilk növbədə, silahlı qüvvələrimizin irimiqyaslı təlimlərini xatırlayıram.

Ordumuzun sıra nəfəri olan zabit kimi, hərbi jurnalist kimi illərlə iştirakçısı olduğum o təlimlərdə də elə qələbəmiz gözümün önünə gələrdi. Çünki bütün qoşun növlərinin cəlb olunduğu o təlimlər mənə müharibə meydanını xatırladar və elə sonda da verilən döyüş tapşırıqlarının uğurlu icrası, xəyali, şərti qələbə ilə sona çatardı.

Ali Baş Komandanın müşahidə qülləsindən o təlimləri diqqətlə izləyərkən keçirdiyi razılıq, qürur hissi də, sonda təlimlərin nəticəsi olaraq zabit və əsgərlərimizə ünvanladığı alqış da qulağımda “Qələbə çox yaxındadır!” deyə əks-səda verərdi. Bəli, silahlı qüvvələrimiz ardıcıl keçirilən məhz o təlimlərdə bizi qələbəyə addım-addım yaxınlaşdırırdı. İndi irimiqyaslı təlimlər şanlı qələbəmizin baş məşqi Vətən müharibəsinə hazırlıq tədbirləri kimi tarixləşib. Tarixə yazılan 44 günlük müharibəmizsə bütün dünya ordularına örnək, nümunə olub. İilk növbədə, ona görə ki, tarixdə belə bir qısa vaxtda işğalçı qüvvələri əzərək bir an belə dayanmadan qələbəyə doğru irəliləyən ordu olmayıb.

Bu irəliləməni təmin edənsə, necə deyərlər, yüz ölçülüb bir biçilən taktika, səbirli, aldadıcı manevrlər, bəzən də düşmənin gözləmədiyi təchizatla edilən gözlənilməz,qəfil həmlələr oldu…Hər bir döyüş, ümumilikdə, müharibələr artilleriya hazırlığı ilə başlayır. Artilleriyaçılarımıza da, tankçılarımıza da, hərbi hava qüvvələrimizə də, bir sözlə bütün qüvvələrə ilham verən, irəliləməsini təmin edən ilk amilsə mənim fikrimcə, aparılan dəqiq, dürüst kəşfiyyat əməliyyatları ilə öncədən düşmən qüvvələrin bütün hiylə və məkrlərini aşkar edərək, onu necə aldatmaq olar deyə, qurulan döyüş taktikası oldu.

Bu taktikaya əsasən müharibə meydanında qüvvələrin yeri, hərəkət istiqaməti zərgər dəqiqliyi ilə müəyyənləşdirilmişdi. Vətən müharibəsinin ilk anlarından ardıcıl olaraq düşmənin qərargahlarına, dayaq məntəqələrinə, silah-sursat anbarlarına vurulan dəqiq artilleriya zərbələri kəşfiyyat işinin illərlə nə dərəcədə dəqiq aparıldığını göstərirdi. Döyüşlərin gedişatında kəşfiyyat aparmaq nümunəsi isə köhnəlmiş sovetdən qalma təyyarələri aldadıcı hədəf kimi istifadə etmək oldu.

Pilotsuz uçuş aparatı halına gətirilən bu təyyarələri sevincək halda taktiki raketlərlə vuran düşmənin yeri aşkar olunaraq anında darmadağın edilirdi. Beləcə Gəncədən, Bərdədən başqa digər yaşayış məntəqələrimizə də atıla biləcək və çoxlu günahsız insanımızın itkisinə səbəb olacaq raket qurguları, insanlıqdan uzaq heyətləri ilə bir yerdə ard-arda məhv edilirdi. Müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının istifadəsi taktikası isə unikallığı ilə bizdən də əvvəl illərlə müxtəlif münaqişə bölgələrində bu hərbi texnikadan istifadə edən ölkələrin ordusuna belə nümunə oldu.

İşğalçı qüvvələri döyüş meydanına girmədən zərərsizləşdirməklə, yaşayış məntəqələrimizi raket atəşinə tutan düşmən hədəflərini anında təsbit edib məhv etməklə PUA-ları idarə edən döyüşçülərimiz irəliləyən qüvvələrimizə əvəzolunmaz atəş dəstəyi verdilər. Bir sözlə, Ali Baş Komandanın, ordu komandanlığı ilə birgə cızdığı qələbəyə aparan döyüş yolunda irəliləyən qüvvələr bir yumruq halında ləngimədən, gözlənilmədən düşmənin başının üstünə enirdilər.

Bizi Qələbəyə aparan yolda dəstək olmadan irəliləyən qüvvələrimiz də oldu—xüsusi təyinatlılarımız. Şuşa fatehləri, qəhrəmanlıq dastanı yazan, elə silahlı qüvvələrimizin sıralarında da qürur mənbəyi, igidlik nümunəsi,örnək olan xüsusi təyinatlı döyüşçülərimiz. Onlar kiçik atıçı silahlarla on kilometrlərlə məsafəni qısa vaxtda irəliləyib, dağlar qayalar aşaraq, işğalçıların gözləmədikləri anda sinəsinə çökdülər. Bəzən də əlbəyaxa döyüşdə ermənilərin xüsusi olaraq bu istiqamətdə topladığı qüvvələri boğub öldürən bu oğullar hələ də işğalçı düşmənin qorxulu yuxusudurlar… Bəli, düşmən hələ də qorxu içindədir.

Bizsə şanlı Qələbəmizin sevincini yaşayırıq. Bu böyük Qələbə sevincini bizə yaşadan, tarix yazan şəhidlərimizin əziz xatirəsini ehtiramla anaraq, silahlı qüvvələrimizin zabit və əsgərlərini, Vətənə sevgisi, qələbəyə inamı ilə silahlanıb işğalçıları ərazilərimizdən qovub çıxaran və hələ də bu yolda olan qəhrəmanları alqışlayaraq. “DÖYÜŞ VƏ QƏLƏBƏ!” — deyir Azərbaycan! Qələbə sorağı ilə dünyaya səs salmışıq. Böyük Qələbəmizinsə qısa bir düsturu var – DÖVLƏT-XALQ-ORDU birliyi.

Rahib QƏRİB, hərbi jurnalist,

ehtiyatda olan mayor.

Check Also

Qəsdən dərsi zəif keçirlər ki uşaqlar kənarda hazırlığa getsinlər

Hara baxırsan rüşvət, yalan, əliəyrilik. Millət vəkilindən tutmuş ən kiçik məmura kimi belədir.Seçicini yağlı vədlərlə …