Cümə axşamı , 2 May 2024
Drone Cameras

Rahib Qərib yazır: “Kiçik bir mahnının böyük qəm yükü”…

“Şuşanın dagarı başı dumanlı” deyə yazmışdım bu yazını illərlə əvvəl…

Və belə yazmışdım. “Kiçik bir mahnının böyük qəm yükü”… Ya bəlkə Şuşa bu gün düşmən əlində olduğundan o belə qəmli səslənir?! Bilmirəm… Şuşa deyəndə nədənsə bu mahnı yadıma düşür həmişə… “Şuşanın dağları başı dumanlı”. 100 il, 200 il öncə, ya kim bilir nə vaxt, yaranan bu mahnıda niyə belə deyilir görəsən?! Uca dağların başı həmişə duman olur. Adi təbiət təsviridir bu, yoxsa,.. Yoxsa, bu, ən xoşbəxt günlərdə qarşıdan gələn dərdi-bəlanı duyanların həyəcan təbilidi…

Bu mahnı yenə qulağımda səslənir, Şuşa adı gələndə… Və mənə Şuşanın əvəzolunmaz təbiətini, xoş günlərini yox, müharibənin bu yerlərə gətirdiyi bəlanı, səngimək bilməyən döyüşləri, çarəsiz qaldığımız çətin günləri xatırladır. Əslində, xatırlanası çox şey var…Cıdır duzu, İsa bulağı, Xan bağı, Xan əminin səsi, Azərbaycanımızın xanlara, bəylərə layiq bir guşəsi. Və nədənsə, daha çox bulaq üstə gəzib-tozan sarışın turist qızlar, bir də nə vaxtsa bu yerləri eyş-işrət, istirahət ünvanı bilən tosun əmilər, dayılar yadıma düşür…
Daha çox da yada düşənsə, bir vaxtlar elə Şuşanın başının üstün alan dumanı qovmaqçün işlədilən, “alınmaz qala”nın çətin günlərində isə onun müdafiəçilərinin silahına çevrilən buluddağıdan toplar olur. Mən hələ Şuşada olmamışam, Şuşanın qayım-qədim sakinləri ora köçməyənə qədər ora getmək istəmədim. Mən Şuşanın da, Qarabağın da ağır günlərin yaşayan, çarəsiz, köməksiz qaldığımız o günləri görən bir azərbaycanlı, hərbi jurnalist kimi ancaq şuşalıları 1992-ci ildə olduğu kimi öz yurdunda, evində, ocağında görmək istəyirəm…

Vaxt, zaman dayanmalı idi Şuşa alınan gün. Əslində daxili və xarici xəyanətlərin qarşısında təkləndiyimiz, gücsüz qaldığımız o anlar zaman bizə işləmədi, elə dayandı da… Bizsə getdik… Və indi geri qayıtmışıq, Şuşadayıq… Düz 30 il sonra geri döndük. Hələliksə, xəyalən geriyə, 1992-ci ilin bu gününə dönək…
Şuşa daxili xəyanətlərin ucbatından güdaza getdi. Ordu idarə olunmadı. Səfərbər olan qüvvələr ayrı-ayrı fərdlərin və bəzən də araya girən, işimizə qarışan düşmən qüvvələrin baş tutan diversiyalarının güdazına getdi. Bir sözlə, o zaman Şuşa təslim edildi…

Bu yazdıqlarım, Ali Baş Komandan, Respublika Prezidenti İlham Əliyevin 30 il sonra düşünülmüş hərbi-siyasi taktikası ilə işğalda olan ərazilərimizi, xüsusilə, mədəniyyət mərkəzimiz olan Şuşanı azad etməsi ilə, əslində, illərlə əvvəl içimizdəki xəyanətkarlıqları ortaya çıxardı. İndi illərlə susan Beynəlxalq təşkilatıar, ikiüzlü qonşu dövlətlər hərəkətə keçiblər. Onlara tarixi xatırlatmağa ciddi ehtiyac duydum yazımın bu yerində…

1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələrinin irimiqyaslı əməliyyatı nəticəsində Şuşa şəhəri işğal olunub. Əməliyyat şəhərin intensiv şəkildə artilleriya atəşinə tutulması ilə başlayaraq səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin çoxsaylı canlı qüvvəsi üç tərəfdən Şuşaya hücum edib. Hücum Rusiyanın erməniləri dəstəkləyən 366-cı alayın himayəsi altında həyata keçirilib. Bu alayın zirehli texnikalarının Şüşa istiqamətində marşla hərəkəti çox zəif, bəzi hallarda yalnız kiçik çaplı atıcı silahlarla silahlanan qüvvələrimizi çaşbaş saldı və Şüşa kiçik müqavimətlər istisna olmaqla asanlıqla ələ keçirildi. Çoxsaylı erməni və rus qüvvələrinə cox az sayda azərbaycan döyüşçüsü müqavimət göstərirdi. Və azlıqda olan Azərbaycan əsgərləri son ana qədər döyüşərək kömək gözləyirdilər.

10 saatdan artıq davam edən döyüşlərdə 1860 döyüşçümüz yaralandı 480-i həlak oldu. Şüşanın düşmən əlinə keçməsi ilə 22 min nəfər öz yurdundan didərgin düşdü. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.Yayılan məlumatlara görə Şuşanın işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tadevosyan hazırlayıb. Əslində ermənilər şəhərin işğalı ilə bağlı nə elə bir ağıllı əməliyyat-döyüş planı cızıblar, nə də ki, böyük zəhmət sərf ediblər. Onlar sadəcə Şuşadakı “alınmaz qala işğal oluna bilməz” arxayınçılığından və təşkilatsızlıq amilindən məqamında istifadə edərək rusların himayəsi altında böyük qüvvə ilə qəfil hücuma keçib çaxnaşma yaradaraq qüvvələrimizə müdafiə olunmaq şansı belə qoymayaraq küçə döyüşlərində itki versələr belə öz məqsədlərinə nail ola biliblər.

Qüvvələri səfərbər edib möhkəmlənməyə macal tapmayan özünümüdafiə qüvvələrimiz və ordumuzun bölmələri şəhəri tərk edib. Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin yaralanıb və həlak olub, əsir və itkin düşüb. 289 kvadrat kilometr ərazisi olan Şuşa şəhərində həmin dövrdə 24.900 əhali yaşayıb. Yerli əhalinin 200 nəfəri şəhid, 150 nəfəri isə əlil olub. 22 minə yaxın insan qaçqın düşüb, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası dağıdılıb.. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Beş minə yaxın eksponatı olan Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyi, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları dağıdılıb və talan olunub, müqəddəs məbəd və məscidlər təhqir edilərək dağıdılıb, kitabxanalar yandırılıb, misilsiz əlyazma nümunələri məhv edilib.

Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir. Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya onların erməniləşdirilməsinə nail olublar. Yazdıqlarımın bu hissəsini isə xüsusi qeyd edirəm… Şuşanın işğalı Rusiyanın hərbi-siyasi dairələrinin iştirakı ilə təşkil olunub. Məqsədsə, ilk növbədə, Azərbaycanın Rusiyadan uzaqlaşmasına yol verməmək idi. İşğalın ilk günlərində Rusiya generalları və müxtəlif səviyyədə siyasətçilər ehyamla bildirirdilər ki, Azərbaycan öz silahlı qüvvələrini vahid MDB komandanlığına tabe etməyə razı olsa, həmçinin rusiyapərəst xarici və daxili siyasi kurs aparsa şəhər qaytarıla bilər. 1992-ci il mayın 14-də hakimiyyətə qayıdan prezident Ayaz Mütəllibov Şuşanın işğalını “hərbi dövrün şıltaqlığı” adlandırmışdı və şəhərin azad olunacağına işarə etmişdi. Lakin bir sutkadan da az vaxtda A.Mütəllibov devrildi… İndi nə Mütəllimov var, nə də Elçibəy, nə də ki,Heydər Əliyev… İndi Azərbaycanın xarici siyasətini Heydər Əliyevin yolu ilə gedib davam etdirən savadlı, siyasi çəkiyə malik, dostu, düşməni taniyan bir Prezidenti var.

Vaxtə ilə ermənilər Azərbaycanın işğal altında olan Şuşa şəhərində təsviri sənət muzeyi açmaq fikrinə düşmüşdülər. O vaxtlar “Armenia Today” saytının verdiyi məlumata görə, Separatçı Dağlıq Qarabağ respublikasının “prezident”i bununla bağlı geoloq və sənətşünasları qəbul etmişdi.

Ermənilər Şuşanı işğal etsələr də, “abadlaşdırıra” bilmədilər. Bunu Azərbaycan Prezidenti Şuşanın azad olunmasından bir ay sonra göstərdi. Separatçıların Azərbaycanın mədəniyyət və musiqi beşiyi olan qədim paytaxtımızda «Shushi Grand Hotel» tikmək istədiyi yerdə indi bizim “Xarıbülbül” çiçəklənir. Terrorçu və separatçı ermənilər tikmək istədikləri bu mehmanxananın qondarma «Dağlıq Qarabağ Respublikasının» paytaxtının bir rəmzi olacağını düşünürdülər. Amma separatçıların heç biri düşünmürdü ki, Şuşa mütləq «Dağlıq Qarabağ Respublikası»nın paytaxtı olacaq, separatçıların Stepanakert adlandırdıqları Xankəndi isə onlar üçün müvəqqəti sığınacaq olacaq. Yeri gəlmişkən, illərlə Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması məsələsində aparılan müxtəlif formatlı danışıqlarda Şuşanın adı belə çəkilmirdi. Necə ki, ermənilər Şuşa və ümumən Dağlıq Qarabağla bağlı tutduqları mövqedən geri çəkilmirdi.

İtirdiklərimizin ən əzizi olan Şuşanı qaytardıq! Dərdimizi, nifrətimizi, həsrətimizi süngüyə çevirib düşmən üstünə getdik və cəngavər oğulların gücü hesabına Şuşanı azad etdik!!! Zamanında bir verilişdə sağollaşarkən də belə demişdim:

“…Gün gələcək bu gün işğal gününü qeyd etdiyimiz Şuşa da, düşmən əlində qalan digər ərazilərimiz də azad olunacaq. Çünki bu gün əli tətikdə, ürəyi o yerlərdə olan yüzlərlə doyüşçümüz var. Azərbaycanımızı bütöv, torpaqlarımızı azad görmək arzusu ilə salamat qalın!
O mübarək gün gəldi. O təbərrik arzumuz çin oldu! Gözün aydın, VƏTƏN! Yolumuz Vətənin bütövlüyünə aparır. Çünki bu gün əli tətikdə, ürəyi o yerlərdə olan yüzlərlə doyüşçümüz var. Azərbaycanımızı bütöv, torpaqlarımızı azad görmək arzumuz çin olar inşaAllah!

İmza: Sizin Rahib QƏRİB, hərbi jurnalist..

Check Also

Ağaevli Əli Hacıdan TƏZƏ ŞEİRLƏR 

O,dünyanın daş qapısı- bu dünyanın əl işidi ! Gələnlərin ağ donunu gedənlər kəfən daşıdı ! …