Cümə , 26 Aprel 2024
Drone Cameras

Rauf Zeyni: “-…Ermənistan hakimiyyəti ona qarşı mənəvi terror həyata keçirib…”

Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfransa 10-dək ölkənin səfirliyinin, beynəlxalq təşkilatların nümayəndələri, QHT və media qurumlarının təmsilçiləri qatılıb.

Tədbiri giriş sözü ilə açan Milli QHT Forumunun prezidenti Rauf Zeyni “Ermənistan, Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi, münaqişənin həlli istiqamətində atılan addımlar, vətəndaş cəmiyyəti institutlarının bu prosesə töhvə verməsinin vacibliyi, habelə mədəniyyət xadimlərinin sülh danışıqlarının aparılmasında iştirakının vacibliyindən danışıb. Rauf Zeyni bildirib ki, Bakıda keçirilən konfransa yazıçı-publisist, ictimai xadim Vahe Avetyan və Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan və “Meridian” qeyri-hökumət təşkilatının sədri, jurnalist Syuzan Çaqinyan da dəvət edilib. Qeyd edilib ki, konfrans 3 panel üzrə işini davam etdirəcək.
Konfransın moderatoru Rauf Zeyni məlumat verib ki, bu gün “Meridian” qeyri-hökumət təşkilatının sədri, jurnalist Syuzan Çaqinyan Bakıya gəlməyə çalışsa da Ermənistan hakimiyyəti ona qarşı mənəvi terror həyata keçirib və onu qətlə yetirilməklə hədələyib. Bu səbəbdən Syuzan Çaqinyanın konfransa qatılmasında gecikmə var, ona yaradılan problemlər aradan qaldırılarsa skype vasitəsilə tədbirə qoşula bilər.

“Yeddi rayonunun işğaldan azad edilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində əlverişli zəmin kimi” mövzusunda panelin moderatoru – Qafqaz Tarix Mərkəzinin direktoru Rizvan Hüseynov qeyd edib ki, Ermənistanda baş verən hazırkı hadisələr bu ölkədə siyasətin sabit olmadığını göstərir: “Ona görə də vətəndaş cəmiyyəti nümayəndələrinin bu görüşü müzakirələrə böyük töhfə verəcək”. Moderator qeyd edib ki, Azərbaycan münaqişənin həllində maraqlıdır. Ancaq təəssüflər olsun ki, “25 ildir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ortaq bir mövqeyə gəlməyiblər”.

Yazıçı-publisist Vahe Avetyan əvvəlcə qonaqpərvərliyə görə təşəkkür edib. Tədbirə həm yazısı, həm də vətəndaş kimi qatıldığını deyən erməni qonaq bir neçə məcburi köçkün ailəsi ilə görüşdüyünü, Bakıdakı Xocalı abidəsini ziyarət etdiyini deyib. “Xocalı abidəsinin qarşısında, günahsız insanların qarşısında baş əymişəm” deyən Avetiyan Xocalıdan olan insanlarla görüşdən çox təsirləndiyini dilə gətirib. O, Xocalı soyqırımına görə erməni xalqı adından Azərbaycan xalqından üzr istədiyini bildirib. Onun fikrincə sülhün əldə olunması üçün qarşılıqlı səfərlərin tez-tez həyata keçirilməsinə ehtiyac var. “Bizə beynəlxalq təşkilatlar lazım deyil, özümüz öz problemlərimizi həll edə bilərik. Sülh niyyətində olan yazıçılar, QHT-lər arasında münasibətlər mütləq qurulmalıdır”.

Panelin digər iştirakçısı Azadlıqdan Məhrumetmə Yerlərinin Monitorinqi İctimai Birliyinin sədri, prof. Kamil Səlimov Azərbaycanın ədalətsizliyə məruz qaldığını, torpaqlarının işğal olunduğunu xatırladıb. O bildirib ki, BMT Təhlükəsizlik Şurasının işğal olunmuş torpaqların azad edilməsi barədə qətnamələrinə riayət edilməlidir. “Azərbaycan daxilində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi mümkündür”- deyən QHT təmsilçisi Dağlıq Qarabağ ətrafındakı 7 rayonun ilk mərhələdə azad edilməsini zəruriliyini qeyd edib. K. Səlimovun fikrincə, sülhün əldə edilməsində vətəndaş cəmiyyəti institutları mühüm rol oynaya bilər.

Konfransın politoloq Rasim Ağayevin moderatorluğu ilə keçən “Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın yekun hüquqi statusunun müəyyənləşdirilməsi” adlı panelində Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan çıxış edib. O, bu tədbirin əhəmiyyətindən danışaraq bildirib ki, belə konfransların keçirilməsi ilə Azərbaycan sülhə doğru addım atdığını nümayiş etdirir. “Ermənistanda azərbaycanlılara qarşı soyqırım törədən şəxslər hakimiyyətə gəliblər. Onlar əslində bu gün Ermənistanda da soyqırım törədirlər. Erməni kilsəsi Azərbaycanda çoxlu sayda erməni yaşadığını bilir, mən onların bir neçəsi ilə görüşmüşəm. Azərbaycanda erməni abidələri qorunur, Ermənistanda isə azərbaycanlılara məxsus məscidlər, abidələr dağıdılıb”. Erməni dissident hesab edir ki, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, jurnalistlər, yazıçılar bu prosesə cəlb olunmalıdır. “İnanmaq istəyərdik ki, yaxın vaxtlarda xalqlarımız bizim fəaliyyətimizin nəticələrini görəcəklər. Elə bir sadə erməni tapa bilməzsiniz ki, 25 ildir davam edən münaqişədən məmnun olsun. Yalnız 300-500 erməni var ki, münaqişənin davam etməsində maraqlıdır, onlar da soyqırım törətmiş insanlardır”. Vahan Martirosyan qeyd edib ki, davamlı sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyünün bərpası vacibdir. Bunun üçün isə Ermənistanın ilkin olaraq Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğaldan azad etməsi və məcburi köçkünlərin yurdlarına qayıtması lazımdır: “Biz bu gün onlardan bir neçəsi ilə görüşdük və onların acınacaqlı vəziyyətdə yaşadıqlarını gördük. Onların bandit Sarkisyanın və onun mafiyasının silahlı birləşmələrinin nəzarəti altında olan doğma yurdlarına dönmək haqqı var”.

R. Ağayev bildirib ki, Azərbaycan öz ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa ən yüksək muxtariyyət statusunun verilməsi təşəbbüsü ilə çıxış edib: “Biz burada iştirak edən ermənilərin fərqli fikirlərini eşidirik və bu, bir irəliləyişdir”. Sovet dövründə Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin sülh şəraitində yaşadığını xatırladan R. Ağayev “Azərbaycan indi də xalqların sülh şəraitində yaşaması üçün variantlar təklif edir” deyib.

Panelin digər iştirakçısı İctimaiyyətlə Əlaqələrin İnkişafına Dəstək İctimai Birliyinin sədri Şəlalə Həsənova qeyd edib ki, münaqişənin həlli ilə bağlı prezidentlər arasında danışıqlar aparılsa da, Ermənistandakı rejimin mahiyyəti ilə əlaqədar münaqişə həll olunmayıb. “İnanıram ki, erməni cəmiyyəti bu cür erməni fəalları sayəsində Azərbaycan reallıqları barədə məlumatlar əldə edəcəklər”. Ş. Həsənova Azərbaycan cəmiyyətində ksenofobiya olmadığını, ölkənin multukultural cəmiyyət olduğunu vurğulayıb: “Biz kompromisə hazırıq”.

Konfransın üçüncü, “Dağlıq Qarabağda azərbaycanlılar və ermənilərin birgə yaşayışı: kommunikasiyaların bərpası, sosial və iqtisadi proqramların investisiyalaşdırılmasının həyata keçirilməsi” panelinin moderatoru Siyasət və Təhlükəsizlik üzrə Beynəlxalq Mərkəzin direktoru Elxan Əsgərov bir çox ölkələrdə azərbaycanlılarla ermənilərin birgə yaşadıqlarını xatırladıb: “ Bəs, Dağlıq Qarabağda niyə birgə yaşaya bilməzlər? Çünki Ermənistandakı rejim bunu istəmir. Bu gün “Meridian” qeyri-hökumət təşkilatının sədr müavini, jurnalist Suzanna Çaqinyanın Bakıya gəlməsinə əngəl törədilməsi bununla bağlıdır, o, hədələnir. Ermənilərlə azərbaycanlılar yenə də birgə yaşaya bilərlər. Dağlıq Qarabağda yüz illərlə Azərbaycan və erməni icmaları birgə yaşayıblar”.

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvü, millət vəkili Rövşən Rzayev bu gün müharibədən çox sülh barədə düşünənlər olduğuna diqqət çəkib: “Biz dialoqun əsasını qoyacağıq, Dağlıq Qarabağın azərbaycanlı və erməni icması arasında münasibətlər qaydasına düşəcək. Danışıqlar masasına əyləşmək üçün müharibəyə ehtiyac yoxdur. Azərbaycan prezidenti İlham Əliyev bəyan edir ki, Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verə bilərik. Bununla bəyan edilir ki, Azərbaycan heç bir ərazisini güzəştə gedə bilməz”.
R. Rzayev bu ilin aprel ayında baş verən qısamüddətli müharibəni xatırladaraq deyib ki, biz razılığa gəlməsək, yüzlərlə qurban olacaq: “Ermənistanda analar deyirlər ki, nə üçün övladları Qarabağda ölməlidir?”

Azərbaycanlı millət vəkili bildirib ki, “Biz 2009-cu ildə Şuşada olduq, mən bilirdim ki, mən Şuşaya bir saatlıq gəlmişəm. Qayıdandan sonra ürəyim ağrıdı. Mən 2012-ci ildə İrəvanda olarkən Serj Sarkisyandan soruşdum ki, niyə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında dialoqa imkan vermirsiniz? Bu sualıma cavab tapmadım. Biz erməni katolikosuna Şuşa məscidinin bərpası ilə bağlı məktub yazdıq, ancaq cavab gəlmədi. Sonradan Şuşa məscidi Moskvada yaşayan qazax əsilli bir iş adamı tərəfindən təmir etdirildi”.

R. Rzayev deyib ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilərsə, bu, sülh yolunda mühüm addım olacaq.

Humanitar Tədqiqatlar İctimai Birliyinin sədri Əvəz Həsənov, Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin sədri Azər Həsrət, “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev çıxış edərək münaqişənin sülh yolu ilə həllində vətəndaş cəmiyyəti fəalllarının iştirakının əhəmiyyətini vurğulayıblar.

Sonda “Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfransın iştirakçıları adından müraciət qəbul edilib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir