Bazar , 24 Noyabr 2024
Drone Cameras

“Rusiya Türkiyənin kosmik dövlətə çevrilməsinə kömək edə bilər” – Amur Hacıyev

Bir müddət əvvəl türkiyəli jurnalistlər Moskvada Yuri Qaqarin adına Kosmonavtların Hazırlıq Mərkəzində olublar. Mərkəzin əməkdaşları türkiyəli tələbələrin kosmonavtikaya böyük maraq göstərdiklərini bildiriblər. Məkanda jurnalistləri qarşılayan kosmonavt Sergey Revin isə Ankaranın istəyəcəyi təqdirdə Türkiyə üçün kosmonavt hazırlamağa, o cümlədən türk kosmonavtla kosmosa uçmağa hazır olduğunu deyib.

Qeyd edək ki, Türkiyə tarixində ilk dəfə olaraq, Rusiyanın köməyi ilə AES tikilir.

Tanınmış türkoloq, Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun elmi işçisi, Türkiyə üzrə mütəxəssis Amur Hacıyev Yenicag.ru-ya müsahibəsində Türkiyə-Rusiya münasibətlərinin perspektivini dəyərləndirib.

– Rusiya ilə Türkiyə arasında kosmik sahədə əməkdaşlıq imkanları necədir?

Amur Hacıyev

Rusiya Türkiyənin kosmik dövlətə çevrilməsinə yardım edə bilər?

– Hər şeydən əvvəl qeyd olunmalıdır ki, kosmik dövlətə çevrilmək heç də asan məsələ deyil. Bunun üçün müəyyən resurslar və siyasi iradə tələb olunur. Ehtimal edək ki, Türkiyə bu məsələdə qətiyyətli mövqe tutub, yetərincə elmi, texnoloji resurs potensialına malikdir və bu sahədə Rusiya ilə əməkdaşlığa can atır.

Moskva çətin ki bu istəyin əleyhinə çıxsın. Həm də ki artıq iki ölkə arasında strateji məsələlər və toxuculuqdan tutmuş enerji sektoruna qədər konkret layihələr üzrə əməkdaşlıq təcrübəsi mövcuddur. Eyni zamanda, Türkiyədə Rusiyanın S-400 zennit-raket sistemləri əsasında yerli hava hücumundan müdafiə sistemi yaradılır.

– Ümumiyyətlə, Türkiyənin NATO-dan çıxması gözlənilir?

– Türkiyənin NATO-dan mümkün çıxışına gəldikdə deyilməlidir ki, alyansın heç də bütün addımları Ankaranı razı salmır. Bu gün Türkiyə regional siyasətin müstəqil, suveren subyektidir və onun Yaxın Şərqdə, Balkanlarda, Aralıq və Qara dəniz hövzələrində maraqları ilə hesablaşmaq lazımdır.

Tükiyədən, onun resurslarından öz ambisiyalarını həyata keçirmək üçün faydalanmağa çalışan, Ankaranın maraqlarını, milli təhlükəsizliyini nəzərə almayan Qərb dövlətlərindən fərqli olaraq, Rusiya Türkiyənin mənafelərini görməzdən gəlmir.
Biz bu yanaşmanı Suriya və İraq məsələlərində, Egey akvatoriyasında, həmçinin də Kipr nizamlamasında görmüşük. Digər tərəfdən, NATO-nun heç də bütün dövlətləri Türkiyənin regional proseslərə təsir imkanlarının artmasından məmnun deyillər. Beləliklə də, qarşılıqlı narazılıq artır. Bunun nə ilə nəticələnəcəyini isə zaman göstərəcək. Lakin Türkiyənin NATO-da qalıb-qalmamasından asılı olamayaraq, Ankara Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İttifaqı və digər formatlarda iştirakını özü müəyyənləşdirəcək.

– İndiki vəziyyətdə Türkiyənin qeyd etdiyiniz formatlara qoşulmaq ehtimalı nə dərəcədə realdır?

– Hazırda Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş statusuna malikdir və bu da Ankaraya həmin qurumun strukturları ilə əməkdaşlıq imkanı verir. Türkiyə təşkilatın müşahidəçi üzvü olmaq istəsə, bu məsələ də qurumun Sammitində müzakirə oluna bilər.

Türkiyənin Avrasiya İqtisadi İttifaqında iştirakı böyük mənada Ankaranın Avropa İttifaqı ilə münasibətlərinə, həmçinin Ermənistan da daxil olmaqla, bu qurumun üzvlərinin yanaşmasına bağlıdır. Məlum olduğu kimi, hazırda Türkiyə Avropa İttifaqı üzvlüyünə namizəddir və Aİ ilə bağladığı Gömrük Sazişinə əsasən, üzərinə müəyyən öhdəliklər götürüb. Sözsüz ki, o sazişin indiki mövcud şərtləri Türkiyəni qane etmir, çünki sənəd birtərəfli xarakter daşıyır. Yəni həmin sazişin tələblərinə görə, Türkiyə Aİ ilə azad ticarət müqaviləsi imzalayan üçüncü ölkələrə öz ərazisində sərbəst ticarət imkanı yaratmalıdır. Ancaq Türkiyə məhsullarının həmin dövlətlərin bazarına çıxarılması üçün rüsum ödənməlidir. Aİ üzvü olan əksər ölkələrin Türkiyəyə yönəlik bu münasibətlərini dəyişmək istəməmələri Ankaranı ciddi alternativlər axtarmağa sövq edir. Bu çərçivədə Avrasiya İqtisadi İttifaqına daxil ölkələrlə azad ticarət zonalarının yaradılması olduqca cəlbedici istiqamət kimi görünür. Ancaq bunun üçün Avrasiya İqtisadi İttifaqının bütün üzvlərinin razılığı tələb olunur. Həm də Türkiyənin bu məsələdə tələb olunan güzəştlərə gedib-getməyəcəyini zaman göstərəcək.

Türkiyənin BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) formatına qoşulmaq imkanına gəldikdə isə deyə bilərik, bu, açıq qurumdur və onun üzvləri tam bərabər hüquqlara malikdirlər. Məsələn, Rusiya xaric edildikdən sonra G-7 istisnalığa can atan “hegemon dövlətlər”in qapalı klubuna çevrilib. O baxımdan, BRİKS-in BRİKST-ə çevrilməsi tam real görünür. Burada əsas məsələ odur ki, BRİKS-ə qoşulmaq Türkiyəyə lazımdırmı? Axı o quruma güclü iqtisadiyyata malik sürətlə inkişaf edən böyük dövlətlər daxildirlər. Eyni zamanda, Türkiyənin xarici ticarətində əsas pay Qərb dövlətlərinə məxsusdur. Məncə, bu suallara cavab tapılması Türkiyənin BRİKS-lə əməkdaşlıq məsələlərinə də aydınlıq gətirəcək.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir