Rusiyada azərbaycanlı yenidən deputat seçilibRusiyanın Sankt-Peterburq şəhərinin Petroqrad rayonunda azərbaycanlı Sabir Məsimov yenidən bələdiyyə şurasının üzvü seçilib.
Report-a sentyabrın 8-də keçirilən seçkiləri səciyyələndirən soydaşımız namizədliyinin Petroqrad rayonundan irəli sürüldüyünü, seçki nəticəsində Vedenski bələdiyyə dairəsinin deputatı seçildiyini qeyd edib:
“Bu, iştirak etdiyim sayca beşinci seçki kampaniyasıdır. İkinci çağırışdan etibarən deputat seçilirəm”.
Seçki kampaniyasının gərgin keçdiyini, lakin seçicilərin ona yenə də daha çox etimad göstərdiyini qeyd edən S.Məsimov Vahid Rusiya Partiyasından namizəd olduğunu diqqətə çatdırıb:
“Cəmi 20 namizəd var idi. Seçkilər çətin keçdi, lakin seçildiyim rayonda uzun müddətdir yaşayıb işlədiyimə görə yerli əhali məni çoxdan tanıyır. Mənə başqalara nisbətən daha çox etimad göstərdilər. Odur ki, bu qələbəni haqqımla qazandığımı deyə bilərəm”.
Qeyd edək ki, sentyabrın 8-də Sankt-Peterburq şəhər qubernatorluğuna da keçirilən seçkilərdə qubernator əvəzi, əslən bakılı Aleksandr Beqlov qalib gəlib.
Bunu şərh edən S.Məsimov azərbaycanlı diasporunun bu hadisəni sevinclə qarşıladığını qeyd edib:
“Aleksandr Dmitriyeviçlə şəxsən tanışıq. Bu günlərdə qubernatorluğa namizədlərin ictimai və diaspor təşkilatlarının nümayəndələrilə görüşü olmuşdu. Mən də Sankt-Peterburq şəhərinin azərbaycanlı diasporunun rəhbəri olaraq bu görüşdə iştirak edərək təşkilatımızın nəşr etdirdiyi “Bakı qalası. İçərişəhər” adlı kitabı Beqlova hədiyyə etdim. Onu da deyim ki, o əsl bakılıdır, Azərbaycan dilini bilir, soydaşlarımıza da böyük rəğbət bəsləyir. Onun seçilməsini çox istəyirdik və buna şadıq”.
Check Also
NAXÇIVAN DÖVLƏT BÜDCƏSİNİN TALANMASININ YOLLARINDAN BİRİ…
Mövcud qaydalara görə Azərbaycan Dövlət Tibb Universitetinin,Naxçıvan Dövlət Universiteti Tibb fakultəsinin məzunları həkim mütəxəssis kimi …