Cümə axşamı , 9 May 2024
Drone Cameras

Rusiyada virusdan qorxan azalır, peyvənd olunmaq istəməyən artır

Rusiyada hər üç adamdan ikisi koronavirusun bioloji silah olduğuna inanır.

Boyukmillet.com-un məlumatına görə, bunu “Levada” mərkəzinin keçirdiyi sörğu göstərib.

Sorğu 2021-ci il fevralın 18-dən 24-dək Rusiyanın 50 bölgəsində 1601 nəfər arasında aparılıb.

Respondentlərin 64%-i koronavirusun yeni bioloji silah kimi süni şəkildə yaradıldığını deyib.

Rəyi soruşulanların 23%-i bu virusun təbii şəkildə meydana çıxdığına inandığını söyləyib.

Respondentlərin 13%-i isə bu barədə sualı cavablandırmağa çətinlik çəkib.

Sorğu Rusiyada koronavirusdan qorxanların sayının azaldığını üzə çıxarıb. Respondentlərin 56%-i COVİD-19 infeksiyasına yoluxmaqdan qorxmadığını vurğulayıb. Bu, 2020-ci ilin fevralından bəri virusdan qorxanların sayında ən aşağı göstəricidir.

Virusdan çəkinənlərin sayı 43% təşkil edib.

2020-ci ilin oktyabr ayında, yəni Rusiyada infeksiyaya yoluxmanın yüksəldiyi ərəfədə aparılan sorğu respondentlərin 64%-nin virusa yoluxmaqdan qorxduğunu göstərmişdi. Onda virusdan çəkinənlərin sayı 34% idi.

“Levada” əhalinin koronavirus əleyhinə peyvəndə münasibətini də öyrənib. Sorğu peyvəndlənməyə tərəddüd edənlərin sayının artdığını üzə çıxarıb.

Respondentlərin 62%-i Rusiya istehsalı olan “Sputnik V” peyvəndini vurdurmaq istəmədiyini söyləyib. Bu vaksinlə peyvənd olunmaq istəyənlərin sayı 30% təşkil edib.

“Sputnik V” peyvəndinə şübhə gənclər arasında daha güclüdür: 74%. Yaşlılar arasında yerli peyvəndə şübhə edənlər 56%-dir.

Sorğu göstərib ki, “Sputnik V”ə marağın azalması əsasən respondentlərin peyvəndin əks təsirlərindən, bu peyvənd üzrə kliniki sınaqların sonadək aparılmamasından ehtiyatlanmaları, bəzilərinin isə ümumiyyətlə vaksinin təsirinə inanmamaları ilə bağlıdır.

Hər beş rusiyalıdan dördü özünün və ya tanışlarının COVİD-19 infeksiyasına yoluxduğunu deyib. Respondentlərin 28%-i isə öz ətrafında bu virusa yoluxan adama rast gəlmədiyini bildirib.

“Levada” mərkəzi keçirdiyi sorğunun nəticələrini Çində koronavirusun mənşəyini araşdıran Dünya Səhiyyə Təşkilatının bu virusun Uhandakı laboratoriyadan sızmadığına dair açıqlamasından sonra yayıb. Alimlər COVİD-19 infeksiyasına səbəb olan virusun heyvanlardan insanlara keçdiyini daha çox ehtimal edirlər.

Check Also

Rusiya XİN: Üçtərəfli bəyanat aktuallığını qoruyur

Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat indiki şəraitdə öz aktuallığını saxlayır, onun …