Rusiya vətəndaşı olan tarixçi martın 26-da Yekaterinburq şəhərindəki evindən çıxıb və onunla əlaqə kəsilib
Rusiyada yaşayan talış tarixçi Zəhirəddin İbrahimovun yoxa çıxdığı, daha sonra isə Bakıda Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) təcridxanasında saxlanıldığı bildirilir.
Bu barədə Meydan TV-yə onun yaxınları məlumat verib.
Rusiyanın Yekaterinburq şəhərində yaşayan, Kirovqradskaya küçəsi 71a ünvanında qeydiyyatda olan, 1954-cü il təvəllüdlü, tarixçi alim, Rusiya vətəndaşı Zəhirəddin İbrahimovun bu il martın 26-da evdən işə getmək məqsədilə çıxdığı və həmin vaxtdan etibarən onunla əlaqənin kəsildiyi bildirilir.
Yaxınlarının sözlərinə görə, Zəhirəddin İbrahimov 1995-ci ildən Rusiyada yaşayır və fəaliyyət göstərir. O, 2002-ci ildən Azərbaycan vətəndaşlığından imtina edərək Rusiya vətəndaşlığını qəbul edib.
Əslən talış olan Zəhirəddin İbrahimov illərdir talış dili, mədəniyyəti və adət-ənənələrinin təbliği ilə məşğul olub.
Zəhirəddin İbrahimov öz çıxışlarında və yazılarında Azərbaycanın milli azlıqlara, xüsusilə talışlara qarşı apardığı siyasəti kəskin tənqid edirdi. O, həmçinin Rusiya ərazisində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının davranışlarını da dəfələrlə tənqid etmişdi.
Yaxınları Zəhirəddin İbrahimovun yoxa çıxmasının ictimai fəaliyyəti ilə birbaşa əlaqəli olduğunu düşünürlər. Hadisədən dərhal sonra Rusiya hüquq-mühafizə orqanlarına məlumat verilsə də, bu günə qədər heç bir rəsmi açıqlama verilməyib.
2025-ci il aprelin 1-də Zəhirəddin İbrahimovun Azərbaycanda – Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanıldığı barədə məlumat onun Azərbaycandakı ailə üzvlərinə çatdırılıb.
DTX-dan məsələ ilə əlaqədar hələlik açıqlama verməyib.