Cümə axşamı , 5 Fevral 2026
Drone Cameras

Rusiyadan Ermənistana yeni xəbərdarlıq

Overçukun açıqlaması Moskvanın İrəvanın addımlarına açıq siyasi siqnallar və xəbərdarlıqlarla reaksiya verdiyini göstərir

“Avropa Birliyinə potensial olaraq qoşulmaq qərarı Ermənistan xalqının seçimidir, lakin İrəvan iqtisadi birlikdən hərbi-siyasi birliyə çevrilən Avropa Birliyinin dəyişən strategiyasını nəzərə almalıdır”.

Boyukmillet.com TASS-a istinadən verdiyi məlumatına görə, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.
 “Əgər onlar rəsmi olaraq belə danışıqlara başlasalar, bu, uzun illər çəkəcək. Əlbəttə ki, biz Avropa İttifaqının özünün dinamikasına, nəyə çevrildiyinə baxmalıyıq. Avropa İttifaqının təməl prinsipləri gözümüzün önündə dəyişir”, – deyə o qeyd edib.



“Ermənilər bu gün Rusiya Federasiyasına qarşı çox aqressiv mövqedə olan hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər özlərinə də bu sualı verməli olacaqlar. Hər halda, dəfələrlə deyilib ki, bu və ya digər inteqrasiya birliyinin lehinə seçim erməni xalqının seçimi olacaq”, – deyə baş nazirinin müavini əlavə edib.
Bu bəyanat Moskvanın Ermənistanın mümkün Avropa İttifaqı kursuna münasibətdə artan narahatlığını br daha açıq şəkildə ortaya qoyur. Overçukun açıqlaması formal olaraq “seçim erməni xalqınındır” tezisi üzərində qurulsa da, mahiyyət etibarilə Ermənistana ünvanlanan siyasi xəbərdarlıq təsiri bağışlayır.

Moskva Avropa Avropa Birliyinin getdikcə iqtisadi birlikdən çıxaraq Rusiya əleyhinə yönəlmiş hərbi-siyasi platformaya çevrilən struktur kimi təqdim etməklə, Ermənistanın mümkün AB kursunu təhlükəli geosiyasi dönüş kimi qələmə verir. Bu yanaşma Kremlin əsas narahatlığını üzə çıxarır: Ermənistanın Qərbə inteqrasiyası Rusiyanın Cənubi Qafqazdakı təsir imkanlarını zəiflədə bilər.

Overçukun “Ermənistan eyni vaxtda iki inteqrasiya birliyinin üzvü ola bilməz” fikri isə faktiki olaraq İrəvan qarşısında ultimativ seçim qoyulduğunu göstərir. Yəni ya Avrasiya İqtisadi İttifaqı və Rusiya ilə mövcud münasibətlər, ya da uzun və qeyri-müəyyən Aİ perspektivi. Bu mesaj Paşinyan hakimiyyətinə yönəlik təzyiq elementlərini də açıq şəkildə nümayiş etdirir.

Eyni zamanda, açıqlamada Ermənistan cəmiyyətinə də birbaşa müraciət var. “Rusiya Federasiyasına qarşı aqressiv mövqedə olan hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı” sualı Kremlin erməni ictimai rəyinə təsir göstərmək cəhdidir. Bu, Qərb seçiminin Ermənistan üçün təhlükəsizlik və iqtisadi risklər doğura biləcəyi fikrini ön plana çıxarmağa hesablanıb.
Ümumilikdə, Overçukun açıqlaması Moskvanın Ermənistanın geosiyasi istiqamətində mümkün dəyişiklikləri sakit müşahidə etmədiyini, əksinə, bu prosesə açıq siyasi siqnallar və xəbərdarlıqlarla reaksiya verdiyini göstərir. Bu isə yaxın dövrdə Rusiya–Ermənistan münasibətlərində gərginliyin daha da artacağını istisna etmir.

Check Also

Ukrayna da SEPAH-ı terror təşkilatı kimi tanıdı: Azərbaycan bu addımı ata bilər?

Rəsmi Kiyevin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıması regionda və beynəlxalq …