Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Rusiyanın dostu kimdir?- Azərbaycan, yoxsa Ermənistan?

Rusiya sakinlərinin 9%-i Azərbaycanı dost ölkə hesab edir. “Cümhuriyət” qəzetinin xəbərinə görə, bu barədə “Levada” Mərkəzinin apardığı rəy sorğuları göstərir. Bu göstərici ilə Azərbaycan Rusiyaya dost 10 ölkənin sırasındadır. İlk onluğa Belarus (46%), Çin (39%), Qazaxıstan (34%), Suriya (15%), Hindistan (14%), Kuba (11%), Özbəkistan, Tacikistan və Azərbaycan (9%) daxildir.Rusların düşmən gördükləri ölkələr isə ABŞ (69%), Ukrayna (50%), Polşa (21%), Estoniya (16%), Britaniya (15%), Gürcüstan (9%), Fransa və Türkiyə (9%) daxildir. Sorğu mayın 19-22 tarixlərində Rusiyanın 48 vilayətinin 137 şəhər və qəsəbəsində 1600 nəfər arasında keçirilib.

71 il sonra

71 il SSRİ daxilində Rusiya və Azərbaycan “qardaş” idi. Hətta Sovet Rusiyasının “Domokl qılıncı” Ermənistanı da zorakılıqla Azərbaycana “qardaş” etmişdi.Lakin 71 ildən sonra Sakit okeanın altından – Yaponiya sahillərindən gələn “dağıdıcı qasırğa” qardaşların hərəsini bir tərəfə atdı.Müttəfiqlik pozuldu.Ermənistan ərazi iddiaları ilə Azərbaycana qarşı hücuma keçdi, Rusiya bizim yanımızda deyildi.Münaqişə öz həllini tapmayıb, çünki Rusiya bizim – ədalətin yanında deyil. Lakin bununla belə ölkəmizdə Şimal qonşumuza münasibət birmənalı deyil: sevənlər və sevməyənlər olaraq cəmiyyət iki ayrılır. Hansı tərəfin çox və az olduğu əhəmiyyətli deyil, çünki ölkəmizdə Azərbaycanın Rusiyaya dost olduğunu düşünənlərin sayı da az deyil. Bəs kim – Azərbaycan, yoxsa Ermənistan Rusiyanın dostudur? “Cümhuriyət” qəzeti sual ətrafında yaranmış ziddiyyətli məqamları jurnalistlərlə aydınlaşdırmağa çalışdı.

“Rusiyadan Azərbaycana dost olmaz”

“Olaylar” qəzetinin müxbiri Süleyman İsmayılbəyli hesab edir ki, nadir hallarda ölkələr arasında əsl dostluq münasibətləri olur. Jurnalistin sözlərinə görə, bir qayda olaraq bir sıra ölkələr maraqlar çərçivəsində dost görüntüsü yaradırlar:

“O ki qaldı Rusiyanın kimin dostu olmasına, təbii ki, mənə görə Kremlin Bakıya dost olduğunu demək doğru olmazdı. Rusiya regionda maraqlarının təmin olunması baxımından bizə “dost” deyə bilər. Ancaq reallıq bundan ibarətdir ki, biz Şimal qonşumuzdan dostluq münasibəti görmürük.Əgər Rusiya Azərbaycanın dostu olsaydı, onun sələfi sayılan keçmiş SSRİ 1990-cı ildə Bakıda 20 Yanvar faciəsini törətməzdi.

Yaxud, bilərəkdən Qarabağda münaqişə ocağı yaradıb Azərbaycanın 20 faiz ərazilərinin işğalına yardım etməzdi. Rusiya dost olsaydı, indiyədək münaqişənin həlli istiqamətində ciddi addım atardı, Azərbaycana güzəşt üçün təzyiq etməzdi. Yəni, Rusiyadan dostluq gözləmək mənasızdır.Çünki hazırda da bu ölkə I Pyotrun vəsiyyətlərini icra etməklə məşğuldur.Ermənistana gəlincə, xristian təəssübkeşliyindən irəli gələrək Moskva ilə İrəvan arasında dostluq münasibətləri özünü göstərir. Elə Azərbaycan ərazilərinin işğalı da Rusiyanın Ermənistana dost payıdır”.

“Görünən dağa nə bələdçi?”

Strateq.az saytının əməkdaşı Zaur İbrahimli bildirib ki, böyük siyasətdə dost-düşmən bölgüsü yoxdur. O, hesab edir ki, siyasətdə əbədi maraqlar və onların diktə etdiyi strategiyalar var:

“Ermənilər 300 ildir ki, Rusiyanın dostudur. Çar Rusiyasının İranla, Osmanlı İmperiyası ilə müharibələrdən sonra bağladığı bütün sazişlərdə hər zaman ermənilərin mənafeyi nəzərə alınıb.Eyni zamanda SSRİ-i dövründə də, indiki sərhədlərində də Ermənistanı məhz Kremlin geosiyasi layihəsi kimi qiymətləndirmək lazımdır.Rusiyasız, ruslarsız ermənilər ancaq bir İrəvana sığacaq qədər muxtar statuslu vilayətə malik olardılar.Tarixi və siyasi kontekstdə bu barədə çox danışmaq, dəlillər gətirmək mümkündür.Amma görünən dağa nə bələdçi?Qısa deyək, Ermənistan Rusiyanın Cənub Qafqazdakı forpostu kimi layihələndirilib, silah anbarı və muzdlusu kimi nəzərdə tutulub.300 ildir ki, bu strategiya davam edir”.

Zaur İbrahimli qeyd edib ki, Rusiyanın strategiyasında Azərbaycan isə hər zaman coğrafi qonşu, islam aləminin, türk dunyasının bir parçası, ən vacibi, hər zaman nəzarətdə saxlanmalı olan Cənub giriş dəhlizi kimi nəzərdən keçirilib:

“İkitərəfli münaisbətlərin dinamikasından asılı olmayaraq, bu yanaşma heç vaxt dəyişməyib. Ermənilər vasitəsilə hər zaman Azərbaycanı təsir dairəsində, saxlamağa çalışıblar.Bu strategiya, zaman-zaman bu və ya digər dərəcədə uğurla həyata keçirilib.Azərbaycan cəmiyyəti bunu birdəfəlik yaddaşına yazmalı və buna uyğun da strategiya işlənməlidir. Biz müəyyən zaman kəsiyində Şimal qonşumuzla mehriban ola bilərik, müəyyən zaman kəsiyində ikitərəfli əlaqələrdə dinamika zəifləyə bilər. Amma 300 ildir ki, Rusiyanın dəyişməyən straetegiyasının olması ortadadır və bundan başqa digər məsələlər yalnız fraqmentar xarakterə malikdir.Biz qiymətləndirərkən və perspektivə baxarkən məhz bunu əsas götürməliyik”.

“Şimaldan gələn təhlükə ilə üz-üzəyik”

“Yeni Müsavat” qəzeti baş redaktorunun müavini Azər Ayxan Ermənistanın Rusiyanın əlaltısı, bölgədəki forpostu olduğu qənaətindədir. Jurnalistin sözlərinə görə, Azərbaycanın ərazisini Rusiya Ermənistanın əli ilə işğal edib, bu, danılmaz faktdır:

“Vaxtilə ermənilərin Dağlıq Qarabağ və ətraf ərazilərdə yerləşdirilməsi də Çar Rusiyasının əli ilə həyata keçirilib. Bu, böyük planın tərkib hissəsi olub.Azərbaycanın böyüməməsi, inkişaf etməməsi, əksinə, parçalanması, problemlər bataqlığında boğulması – bütün bunlar Rusiyanın əsrlərdən bəri davam edən siyasətidir.Biz xalq, ölkə olaraq bu vəhşi və ədalətsiz siyasətin altını çəkirik. Proses bu gün də davam edir. İstər tarixilik baxımından yanaşdıqda, istərsə də bu günkü reallıqdan baxdıqda Ermənistanın Rusiyanın nəyi olduğu ortaya çıxır.Azərbaycan isə heç vaxt Rusiyanın dostu olmayıb.Bu da Rusiyanın bizə yanaşmasına görə ortaya çıxan acı reallıqdır.

Azərbaycan istəsə belə, Rusiya onu dost kimi qəbul etmir. Bu gün də Moskvadan ölkəmiz üçün yönələn təhlükəli siyasətlə üz-üzəyik.Şimal qonşumuzun Azərbaycana qarşı yönələn xain siyasəti bu gün də davam edir.Bu gün Rusiyaya qarşı çıxa bilmirik.Səbəbləri bəllidir.Burda sadalamağı gərək bilmirəm.Ona görə də bu ölkə ilə maksimum ehtiyatlı davranmağa məcburuq. Əslində nə biz Rusiyanı özümüzə dost bilirik, nə Rusiya Azərbaycanı dost gözündə görür. Vəziyyət bu qədər ağır və təhlükəlidir”.

“Rusiya ilə müttəfiq olmalıyıq”

Teleqraf.az saytının Türkiyə müxbiri Dilqəm Əhməd Rusiyanın Cənubi Qafqazda dostunun olmadığını deyib:

“Güc vasitəsilə əldə saxladığı dövlət var ki, o da Ermənistandır. SSRİ dağıldıqdan sonra Rusiyanın dəstəyi ilə torpaqlarımız işğal edildi, Xocalı soyqırımı oldu.Rusiya indi də Ermənistanı silahlandırır.Əgər Rusiya tərəfsiz qalsaydı, Azərbaycan bir neçə aya bütün torpaqları işğaldan azad edə bilər.Azərbaycana gəldikdə isə biz Rusiya ilə hər zaman tərəfdaş dövlət olmağa hazırıq. Hətta, münaqişə həll olunsa, Avrasiya İttifaqına da daxil ola bilərik. Tarixi keçmişimiz var, milyonlarla insanımız orada çalışır.Buna görə də Rusiya ilə müttəfiq olmalıyıq.Amma təəssüf ki, Rusiya imperiya maraqlarından əl çəkmir, münaqişənin ədalətli həllində maraqlı deyil”.

“Ermənistan Rusiyanın dostudur”

“Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev hesab edir ki, böyük dövlətlərin dostları olmur, maraqları olur: “Rusiyanın Ermənistanda daha çox marağı var, yəni, bu maralqarı orada realizə etmək imkanı daha genişdir, nəinki Azərbaycanda. Azərbaycan müstəqil daxili və xarici siyasət həyata keçirir və bu iddiasını bütün beynəlxalq tribunlaradan bəyan edir.Məsələyə bu nöqteyi-nəzərdən yanaşsaq, deməli, Ermənistan Rusiyanın dostudur.

“Ermənistandan daha yaxın deyilik”

Tərcüməçi-yazar, köşə yazarı Nadir Qocabəyli vurğulayıb ki, Rusiya böyük dövlətdir, bu ölkə digər böyük güclərlə geopolitik mübarizə aparır və bizim “çəpər” qonşumuzdur:

Ermənistan və ya Azərbaycan kimi dövlətlərə münasibətlərinə də şübhəsiz ki, bu kontekstdə yanaşmaq məcburiyyətindədir. Yəni, geosiyasi hədəflər uğrunda mübarizədə kim ona daha çox dəstək verirsə, kim onun yanında dayanırsa, o da istər-istəməz onunla dost olur. Bu mənada Rusiya ilə dost və ya düşmən olmaq, eyni zamanda, Rusiyanın kimin dostu, yaxud düşməni olması daha çox onun özündən asılıdır. Mənim müşahidələrimə görə, hazırda müharibə şəraitində olduğumuz Ermənistan Rusiya ilə dostluğa daha çox can atır, bu istiqamətdə daha çox əməli səylər göstərir. Erməni lobbisi və diasporunun Rusiyada, onun paytaxtı Moskvada, digər iri şəhərlərində bizimkilərə nisbətən daha məhsuldar fəaliyyətlə məşğul olması heç kəsə sirr deyil.

Ermənilərin Rusiyanın elmi, mədəni müəssisələrində, dairələrində, inzibati strukturlarında bizdən xeyli dərəcədə ağır çəkiyə malik olmaları da faktdır.Təəssüflər olsun ki, bu hal ATƏT-in Minsk qrupunun digər üzvləri olan ABŞ və Fransada da eynidir, yəni ermənilərin xeyrinədir”. Nadir Qocabəylinin sözlərinə görə, Rusiyanın önəm verdiyi bir çox yeni geosiyasi ideya və layihələrdə də qonşularımız bizi qabaqlayaraq, daha yaxından iştirak edir, fəallıq nümayiş etdirirlər: “Məsələn, eşitdiyimə görə, Ermənistanda artıq Beynəlxalq Avrasiya Hərəkatının filialı, hətta gənclər komitəsi fəaliyyət göstərdiyi halda, biz hələ də nədənsə gözləmə mövqeyindəyik. Belə olduğu halda, özümüzü Rusiyaya Ermənistandan daha yaxın dost saymaq üçün heç bir əsasımız yoxdur. Bu təbii olaraq qarşı tərəfin münasibətində də özünü göstərməlidir”.

“Dövlətlər arasında əmioğluluq olmur”

Jurnalist İlqar Atabəyli qeyd edib ki, nə Azərbaycan, nə də Ermənistan Rusiyanın dostu deyil:“Dağlıq Qarabağ münaqişəsi olmasa, hər iki ölkə Rusiyadan canını qurtarar. Rusiya bu münaqişə ilə ikisini də nəzarətdə saxlayır.İkincisi, dövlətlər arasında qardaşlıq, dostluq, əmioğluluq olmur.Ümumi maraqlar olur, vəssalam”.

Mənsur Rəğbətoğlu

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir