Cümə , 29 Mart 2024
Drone Cameras

“Azərbaycanda islamı siyasiləşdirən qruplar cavanları…”

Dünya və Azərbaycan siyasi gündəminin baş mövzusu İranda baş verən hadisələrdir. “İraq və Şam İslam Dövləti”nin qonşu ölkədə törətdiyi terakt regionun siyasi xəritəsinin “refreş” olunduğu ehtimalını yaradır.

Boyukmillet.com xəbər verir ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı BakuPost.az-a müsahibəsində İranda baş verənləri və hadisələrin ölkəmizə olan təhlükəsini şərh edib:

– Sabir bəy, İran kimi sabit dövlətə də İŞİD girə bildi. Əslində, regionda nələr baş verir?

– İranda sabitlik nisbi idi və buna tam güvənmək olmazdı. Bu sabitlik bir sıra xalqların hüquqlarının əlindən alınması, assimliyasiya edilməsi, susdurulması, zindanlarda məhv edilməsi, edam olunması nəticəsində yaranmışdı. Ölkənin daxilində bir sabitlik hökm sürmürdü.

Xüsusən də, azərbaycanlılar arasında hüquqlarının təmin olunması istiqamətində hərəkatı ildən-ilə güclənir. Ancaq sabitlik faktorunu bir tərəfə qoyuram: söhbət külli bəşəriyyətin bəlasına çevrilmiş terrordan gedir.

Dünyanın harasında olursa-olsun terror pislənməlidir. Dünya Azərbaycanlıları Konqresinin həmsədri olaraq mən də və güman edirəm ki, konqresdəki hər kəsi İrandakı cinayət təəssüfləndirir.

Çünki Azərbaycanın sərhədlərinə yaxın bölgədə terror törədilir. O ölkədə ki, azərbaycanlılar başqa xalqlarla iç-içə yaşayırlar.

Güman edirəm ki, yaralılar arasında azərbaycanlılar da var… Ona görə də İŞİD deyilən bir təşkilat dünya və bölgə üçün təhlükədir.

Sadəcə bu bölgənin xəritəsini dəyişmək, yeni don biçmək istəyənlər regionu qarışdırırlar. İranda olanlar da İslam aləmini xaosa soxmaq istəyən qüvvələrin işidir.

Bu müddətdə İslam aləmində yaranmış və bəyənilməyən dini cərəyanların, müxtəlif terror təşkilatlarının uzantısı, kökü Avropa və Amerikaya çıxdığını görürük. Açıq-aşkar görünür ki, bu təşkilatlar orda yaradılır və məqsəd islamın radikal simasını yaratmaqdır.

Bu yolla islama qarşı təzyiqləri gücləndirirlər. Sanki islam aləmi terror mənbəyidir və bu onun kökünü kəsmək üçün islam ölkələrinə ciddi hərbi-siyasi müdaxilələr olmalıdır.

Bunu Əfqanıstan, İraq, Suriya, Misir, Liviyada həyata keçiriblər və halqa daralır Türkiyə ilə İrana yaxınlaşır. Əfsus ki, islamfoblarla əməkdaşlıq edən və onların fitvasına uyan islam dövlətləri də bu ssenarinin içində var. O baxımdan İranda baş verənləri qətiyyətlə pisləyirəm.

Üstəlik, İrandakı terroru İŞİD-in öz boynuna götürməsi o demək deyil ki, onlar edib. Bəlkə də başqa qüvvələrin əməlidir və ciddi şəkildə araşdırılılmalıdır.

Təəssüf ki, İranda bu hadisə hakimiyyətin dinc əhaliyə qarşı sərtləşməsinə gətirib çıxaracaq. Biz bunu istəməzdik.

– Regionun siyasi xəritəsində dəyişiklik planları quranlar İranı Suriyaya çevirə bilərmi? Çünki 6 ildir Suriyada müharibə dayanmır…

– Suriyadakı müharibənin bir səbəbkarı da elə İrandır. Körfəz ölkələrində, islam dövlətlərində olan müharibədə İran da var. Amma Tehran bilməliydi ki, bu çomağın iki başı var və bir gün ona da dəyə bilər.

İran ərəb və qonşu ölkələrlə münasibətlərdə hergermonluq iddiasında, siyasi şiəçiliyi yaymaq statusunda çıxış edir. Bu da zərərli bəhrəsini verməkdədir.

İran “papağını qabağına qoyub” fikirləşməlidir. Lakin bölgədə Türkiyə və İran söhbəti getmir, bütünlüklə regionun taleyi qaranlıq görünür. Həm türk dünyası, həm islam aləmi bir araya gələrək müzakirələr etməli, ortaq məxrəci tapmalıdır.

– Azərbaycan üçün təhlükələr yaxındadırmı?

Əgər terroru törədən İŞİD adlı silahlı qruplaşmadırsa, istənilən ölkədə peyda ola bilər. Azərbaycandan da İŞİD-ə qoşulanlar var. Təhlükə hər yerdə var. Amma Türkiyədə terroru İŞİD-dən daha çox, PKK edir, İŞİD adına çıxarılır.

Azərbaycanda daxildə qarşıdurmalar yoxdur. Məni narahat edən islamı siyasiləşdirən qüvvələrin böyük məbləğdə maliyyə xərcləməsi, cavanları öz tərəfinə çəkməsidir. O qruplar var və istənilən vaxt cavanları öz tərəfinə çəkə bilər.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir