Cümə , 22 Noyabr 2024
Drone Cameras

“RUSİYANIN BU DAVRANIŞI FAŞİZMDƏN BAŞQA BİR ŞEY DEYİL” – Turan Partiyasından Dağıstan olayları ilə bağlı SƏRT BƏYANAT

“Rusiyanın məkrli siyasətinin içində, onunla birlikdə boğulacaqsınız”

Turan Partiyasının Rusiya ilə sərhəddə yaranmış böhranla bağlı bəyanat yayıb. Boyukmillet.com həmin bəyanatı olduğu kimi təqdim edir:
“Dəyərli soydaşlar! 
Rusiya-Azərbaycan sınırında yurddaşlarımızın alçaldılması və Azərbaycana dönüşləri üçün sorunlar yaşanması hər bir azərbaycanlı kimi bizləri də üzməkdədir. Olayların dinamikasından görünür ki, 1000-ə yaxın soydaşımızın təşkilatlanmış şəklə gətirilməsində Rusiya xüsusi xidmət servislərinin əli vardır.
Pandemiya salğını dünya dövlətlərini həmrəy olmağa, bir-birinə arxa durmağa məcbur etdiyi bir zamanda Rusiya tərəfinin uluslararası hüquq normalarını pozması göz önündədir. Rusiyanın belə bir davranışı faşizmdən başqa bir şey deyildir.
Rəsmi Azərbaycan Rusiyanın antihümanist və insanlıq dışı davranışını pisləməlidir. Gecikmədən dövlət millətlə birlikdə olub, soydaşlarımızın ölkəmizin ərazisinə daxil olmasına çalışmalıdır.
Belə ağır durumda gizli niyyətlərin açığa çıxdığı zamanda, daxildə olan “kuklalar”ına “ayağa qalxın” komandası verən Rusiya, dışarıdan təzyiqləri artırıb, ölkəmizdə siyasi sabitliyi pozmağa və vətəndaş qarşıdurmasını hədəfləməkdədir.
Əziz soydaşlar!
Biz dövlətimizə qarşı deyil, dövlətimizlə birlik nümayiş etdirməli, dövlət yetkililərində əminlik yaratmaqla, sınırdakı soydaşlarımıza sahiblənməliyik. Bizlər qarşıdakı zamanda belə etapların yenə də olacağını istisna etməyərək, birlik içində olmalıyıq. “Ölkə dağılarsa, dövlət əldən gedərsə, xalqı ağ günə çıxardacağam”, – deyərək “Rusiyanın oynadığı oyuna alət olanlar nəyin nəsi olacaqlar” sorusuna cavab vermək haqqında düşünməlidirlər.

Biz macəraçı, qisasçı siyasətbazlara səslənirik. Gəlin, sorunlarınızı millət və dövlət olaraq birlikdə çözək. Yox, belə olmayacaqsa, faciələrə sürükləmək istədiyiniz bu millət sizlərin oyununuza gəlməyəcək. Rusiyanın məkrli siyasətinin içində, onunla birlikdə boğulacaqsınız. Biz inanırıq ki, sayın Cumhurbaşqanı İlham bəy Əliyev zaman itirmədən fürsətçilərin niyyətini gözündə qoyub, millətlə əl-ələ verib, bu sınaqdan şərəflə çıxacaq.
Dövlətin bütünlüyü, istiqrarı, bağımsızlığı, millətin birliyi üçün Turan Partiyası hər yöndən dövlətin yanında olacağını bir daha bəyan edir.
Yaşasın Bağımsız, Birləşik Azərbaycan!

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …