Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun nəşi martın 15-də Bakıya gətiriləcək.
Dəfn tarixi barədə əlavə məlumat veriləcək.
Xatırladaq ki, xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib.
Kinorejissor uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
R.İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- İbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan “Sibir bərbəri” 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb. 1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub. Onun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.