Çində peyda olan və Azərbaycan da daxil olmaqla 64 ölkəyə yayılan ölümcül koronavirusun yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə bütün dünyada əhalinin sıx olduğu ərazilər dezinfeksiya olunur. Çinin Uhan şəhərinin küçələri, ictimai məkanlar virusun qeydə alındığı tarixdən indiyədək gündə ən azı 2 dəfə dezinfeksiya edilir. Qonşu Rusiya, Gürcüstan, hətta koronavirusun qeydə alınmadığı Türkiyədə belə təkcə ictimai nəqliyyat deyil, həm də bazarlar, ticarət mərkəzlərində bu cür profilaktiuk tədbirlər həyata keçirilir.
Bəs Bakıda necə, əhalinin sıx təmasda olduğu iri ticarət mərkəzlərində koronavirus təhlükəsinin qarşısının alınması üçün dezinfeksiya işləri aparılırmı?
Boyukmillet.com bildirir ki, Yenicag.az-ın əməkdaşı insanların daha çox cəmləndiyi “Sədərək” və “Binə” ticarət mərkəzlərinə baş çəkərək, mövcud vəziyyətlə tanış olub.
Satıcılar burada heç bir profilaktik tədbirlərin aparılmadığını bildiriblər:
Dezinfeksiya işləri aparılsaydı, yəqin ki, biz də evdə qalardıq. Gördüyünüz kimi işimizin başındayıq. Çoxumuz maskalardan istifadə etmirik. İşə avtobusla gedib-gəlirik. Virusun yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər çərçivəsində dezinfeksiya işləri aparılsa, biz də rahat işləyərik”.
Elə alıcılar da mövcud vəziyyətə görə narazılıqlarını bildirib.
Onlar ölkə ərazisində koronavirusla bağlı tibbi-proflaktik vəziyyətə nəzarətin gücləndirilməsinə rəğmən “Sədərək”, “Binə” ticarət mərkəzlərində dezinfeksiya işlərinin aparılmamısından şikayətlənib.