Yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” Ticarət Mərkəzində baş verən yanğında ziyan çəkən sahibkarların bundan sonrakı durumu aktuallaşıb.
Qeyd edək ki, yanğın nəticəsində ümumi sahəsi, təxminən, 10 ha olan “Sədərək” Ticarət Mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700m² olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza yanıb və yüzlərlə insan iş yerini itirib.
Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayından ticarət mərkəzindəki bütün mağazaların sığortalanmasına başlanıb.
Artıq bazardakı əksər mağazalar sığortalanıb. Yəqin ki, yanğın baş verən ərazidəki mağazalar da sığortalıdır.
Bəs, iş yerini itirən sahibkarlara kompensasiya veriləcəkmi?
İqtisadçı-ekspert Vüqar Oruc Bizim.Media-ya açıqlamasında xatırladıb ki, ticari fəaliyyət göstərən obyektlərin özünün, həm də mallarının sığortalanması mütləqdir:
“Sığorta həyatımızda çox vacib elementlərdən biridir. Bu, yarana biləcək hər hansı bir situasiyada, fors-major vəziyyətində, o cümlədən bu tipli yanğın, faciə və hadisələrdə həm sahibkar, həm də obyekt sahiblərinə imkan yaradır ki, sığortadan faydalansənlar. Mövcud hadisə bir daha onu sübit edir ki, yaşayış evləri, mənzillər, obyektlər, o cümlədən fəaliyyətin özü və nüansları sığortalanmalıdır. Bu, həm də baş verən hadisələrin qarşısının alınması, zərərin ödənməsi üçün əsas amildir”.
Ekspert qeyd edib ki, onda olan məlumata görə Sədərək Ticarət Mərkəzində baş verən hadisə ilə bağlı sahibkarlara kompensasiya veriləcək:
“Həmçinin oradakı obyektlər sığortalanıb. Bu məsələdə hər hansı bir problem görünmür. Hər şey təbii ki, sığorta şirkətləri ilə bağlanmış müqavilələr əsasında həyata keçirilir. Sadəcə kimsə öz obyektini sığortalamayıbsa, bu xidmətdən yararlanmayacaq. Hesab edirəm ki, digər sahələrdə də çalışan sahibkarlar bu cür hadisələrdən ibrət götürüb sığorta şirkətləri ilə müqavilə bağlamalıdırlar ki, sonradan hansısa çətinliklərlə üzləşməsinlər”.
Alçina Amilqızı, Bizim.Media