Cümə , 22 Noyabr 2024
Drone Cameras

“Sədr dedi ki, bunu heç kimə demə…” – AzTV-nin aparıcısı elə iddialar ortaya atdı ki… (Sensasiyalı MÜSAHİBƏ)

Türkiyədə yaşayıb fəaliyyət göstərən, Azərbaycanın əməkdar incəsənət xadimi, İstanbul Bələdiyyəsinə bağlı Şəhər Teatrları bədii rəhbərin müavini, eyni zamanda, yaxın müddətə qədər AzTV-də aparıcılıq edən Məlahət Abbasova News24.az-a müsahibə verib.

O, müsahibəsində AzTV-də yaşanan və qarşılaşdıqları qalmaqallı məsələlərdən söz açıb. 

Mia.az həmin müsahibəni təqdim edir:

– Məlahət xanım, “Məlahətli söhbətlər”də yenə nə baş verir? ATV-dən inciyib çıxmışdınız. İndi də AzTV ilə yollarınızı ayırdınız…  

– Hamınız bilirsiniz ki, “Məlahətli söhbətlər” ilk əvvəl ATV-də yayımlanırdı və bir il ardıcıllıqa nümayiş olundu. Daha sonra ATV-nin rəhbəri Azər Xəlilov verilişimin formatında dəyişiklik etmək istədi, mən də buna razılıq vermədim. Ona görə də ordan ayrılmalı oldum. Düzdür, öncə onlardan bir az incidim. Çünki hər veriliş müəllif üçün övladı qədər dəyərlidir, amma sonra onları başa düşdüm. Anladım ki, ATV özəl kanaldır və oranın özünəməxsus tələbləri var. O səbəbdən də ATV ilə yollarımı ayırıb yenidən İstanbula qayıtdım və “İblis” tamaşasının üzərində çalışmağa başladım. Ondan bir neçə ay sonra AzTV-nin baş prodüseri Nazilə Babayeva mənimlə əlaqə saxladı. İsrarla AzTV-yə gəlməyim üçün mesajlar göndərməyə başladı. Ona tamaşanı təhvil vermədən gələ bilməyəcəyimi izah eləsəm də, Nazilə Babayeva təkid edirdi ki, Rövşən Məmmədov sizi gözləyir. Mən də bu səbəbdən məcbur olub bir günlük Bakıya gəldim. Səfər zamanı AzTV-nin yeni sədri Rövşən Məmmədovla görüşdük. Məni çox gözəl qarşıladı. Dedi ki, sizin verilişinizi çox izləmişəm. İstəyirəm ki, layihə bundan sonra AzTV-də yayımlansın. Çünki bu veriliş kanalımız üçün böyük prestijdir. Hətta verilişin “Teleteatr”da çəkilməsini təklif etdi və Nazilə Babayevanı da proqrama rejissor təyin elədi. Qeyd edim ki, o zaman “Məlahətli söhbətlər”in altı sponsoru var idi. Mən verilişin yayım xərcləri haqda danışanda izah elədim ki, bu verilişin xərcləri çoxdur.
 
“Bilirdim ki, AzTV bunun altından qalxa bilməyəcək”
 
Çünki bilirdim ki, bir müddət sonra AzTV bunun altından qalxa bilməyəcək. Ona görə də Rövşən Məmmədov mənə iki şərt qoydu. Dedi ki, ya bütün sponsordan gələn məbləğ kanala ödəniləcək, mənə maaş verəcəklər, ya da mən 3 sponosorla çalışacam, bütün xərcləri özüm çəkəcəm və mənə kanaldan heç bir ödəniş olmayacaq. Eyni zamanda onu da dedi ki, veriliş prodakşın layihəsi kimi deyil, məhz AzTV-nin proqramı kimi efirə veriləcək. Mən də deyilənlərlə razılaşdım və müqavilə bağlandı. Razılaşmağıma səbəb isə verilişin dayanmayacağı, xüsusən də, dövlət kanalında yayımlanacağıydı. Çünki bu proqram birbaşa təbliğat xarakteri daşıyır. Biz Xalq artistləri Əlixan Səmədov, Cahangir Novruzovun da daxil olduğu bir qrup sənət adamı Türkiyədə “Bir millət, iki dövlət” amalı ilə çalışırıq. Azərbaycan Prezidenti İlham Əliyevin xaricdə Azərbaycanın təbliğatı yönündəki siyasətinə dəstək olmaq üçün əlimizdən gələni edirik. “Məlahətli söhbətlər” də məhz iki ölkə arasındakı dostluq körpüsünü gücləndirmək, bu işdə bizim də əməyimizin olması məqsədi ilə yaradılıb. Bu məqsədimi dövlət kanalında gerçəkləşdirməkdən gözəl nə ola bilərdi? Mən də bu səbəbdən qoyulan şərtləri qəbul elədim.
 
“Verilişdə ancaq studiya çəkilişləri olsun, vəssalam”

– Bəs, sonra nə baş verdi ki, aranızdan “qara pişik” keçdi?  

– Problem ilk olaraq Nazilə Babayevayla oldu. Yəni, o, verilişin AzTV-də efirə getməyinə israr etdiyi kimi, bitirməyinə də səbəbkar oldu. Bunu oradakıların hamısı çox yaxşı bilir. O, Rövşən Məmmədovun yaxın dostudur. Nazilə nə deyirsə, Rövşən Məmmədov da onunla razılaşır. Onun sözü ilə oturub-durur. Onunla ilk narazılığımız verilişimə gələn qonaqların Şəhidlər Xiyabanı, Fəxri Xiyaban və Türk Şəhidliyini ziyarət etmələri ilə başladı. Gələn qonaqların hamısı bu məkanları ziyarət etmək istəyirlər. Amma Nazilə buna etiraz edib mənə “axı, bu kimə lazımdır?” dedi. Onun sözlərindən şoka düşdüm. O, istəyirdi ki, verilişdə ancaq studiya çəkilişləri olsun, vəssalam. İkinci narazılıq proqramda milli mətbəximizidən nümunələrin sərgilənməsiylə bağlı oldu. Nazilə Babayeva ona da qarşı çıxdı. O, paxlava, şəkərbura, mürəbbələrimiz, bir sözlə, mətbəx nümunələrimizin qonaqlarımıza nümayiş olunmasına imkan vermirdi. Deyirdi ki, əgər proqramın rejissoru mənəmsə, bunların heç biri olmayacaq. Bu, bizim milli-mədəniyyətimizin tanıdılmasına vurulan bir balta idi. Elə bununla da onunla aramızda fikir ayrılıqları, problemlər başladı. Buna görə də çəkilişləri dayandırdım.  

“Məni yanına çağırıb dedi ki, bu haqda heç kimə heç nə danışma”

Bizim studiyadakı dekorasiyalar, bütün avadanlıqlar sponsorlarla “barter” hesabına quraşdırılıb. Amma Nazilə Babayeva bu dekorları da öz istədiyi şəkildə dəyişməyə çalışırdı. Nəticə də onun uğursuz dəyişiklikləri narazılıq yaradırdı. Beləcə, Nazilə Babayevanın problemi bir yandan, dekorasiya söhbət digər tərəfdən, nəticədə çox bərbad vəziyyət yarandı. Mən qəti şəkildə verilişi davam etməyəcəyim haqda qərar verdim və çəkilişləri dayandırdım. Bunu eşidən Rövşən Məmmədov məni otağına çağırdı və xahiş etdi ki, bu haqda heç yerdə danışmayım. Nazilənin fikirlərinə də əhəmiyyət verməyim. Mənə görə, bu, kanal rəhbərinin bir prodüsserin qarşısındakı acizliyi idi. 

Nə isə… İsrar elədi ki, bu proqramı istəyirəm və çəkilişlərinizə davam edin. Sonra əlavə elədi ki, proqrama yeni rejissor ayıracaq. Rövşən Məmmədov bunu deməsəydi, mən AzTV-dən gedəcəkdim. 
 
“Məlahət Abbasova küçədən müğənni tutub efirə gətirir”

Onun sözlərindən sonra məndə inam yarandı və qalıb işimə davam elədim. Həmin gündən Nazilə Babayeva məni təhdid eləməyə başladı. Hətta bir dəfə hamının içində mənə “bu veriliş onsuz da mənim əlimdən keçəcək, əgər nəyisə bəyənməsəm, onu efirə verməyəcəyəm” dedi. Mən Nazilənin belə ultimatumlarına əhəmiyyət vermirdim. Amma onun ürəyi soyumadı, bu dəfə mənə studiyadan çıxmağım haqda ultimatumlar göndərməyə başladı. Hətta bir dəfə televiziyanın reklam rəhbəri mənə zəng edib dedi ki, “Məlahət xanım, siz çalışdığınız studiyadan çıxın, “Qarabağ” studiyasına keçin”. Mən də mübahisə olmasın deyə razılaşdım, amma nəticədə məlum oldu ki, “Qarabağ” studiyası çəkiliş üçün uyğun deyil. Ondan sonra xəbər yolladılar ki, indi də Kinostudiyaya gedin. Ona da razılaşdım, amma sonra o da alınmadı. Yəni onlar nə deyirdisə, mən hamısıyla razılaşırdım. Düşünürdüm ki, eybi yox, təki çəkiliş davam eləsin. Amma “İki dövlət, bir millət”i təbliğ edən bir verilişə, AzTV-nin belə ögey münasibətini heç cür anlaya bilmirdim. Ona görə də Rövşən Məmmədova xəbər göndərdim ki, bu veriliş Məlahət Abbasovanın deyil, AzTV-nindir. Ona bu nə ögey münasibətdir belə?! Təəssüf ki, mənim narazılıqlarıma Rövşən Məmmədov əhəmiyyət vermədi. Ümumiyyətlə, etirazlarımı ciddiyə almadı. Nəticədə mən də kollektivə dedim ki, dekabrda proqramı dayandıracam. Çünki heç vaxt belə problemlərlə qarşılaşmamışdım, belə səviyyəsiz yanaşma görməmişdim. Yeri gəlmişkən deyim ki, Rövşən Məmmədov Teleteatrı bütünlüklə Nazilə Babayevanın səlahiyyətinə verib. Bunu AzTV-nin bütün əməkdaşları bilir. O da Teleteatrdan öz şəxsi mülkiyyəti kimi istifadə edir və özündən başqa heç bir yapımçıya, rejissora orda veriliş çəkməyə icazə vermir. Bizim teleteatrdan çıxrlmağımızın bir səbəbi də o idi. Nə isə… Beləcə, verilişimin, seyrçilərimin xatirinə inadla layihəni iki sponsorla davam etdirdim. Bir müddət sonra isə ciddi maliyyə problemləri yarandı. Məcbur olub çətinliklərə rəğmən, proqramı öz hesabımı da qataraq maya qədər davam etdirməyə çalışdım. Amma alınmadı…
 
– Bəs, nə zaman verilişi tam olaraq dayandırmağa qərar verdiniz? 
 
– Hər Bakıya gələndə Rövşən müəllimlə görüşməyə çalışırdım, amma mənimlə görüşməkdən yayınırdı və telefonlarımı açmırdı. Amma buna qədər mən Diaspora Komitəsi, Nərgiz Fondu ilə danışıqlar aparmışdım. Türkiyədə mənim də çox yaxından tandığım azərbaycanlı tarixi şəxsiyyətləri – Ənvər Paşa, Kazım Karabekir, İrəvan və Cavad xanın varisləri, dünyaca tanınmış Dilbər Ortaylı mənim verilişimə gəlməyi qəbul elədilər. Bununla bağlı Daspora Komitəsində təcili heyət yaradıldı.Onların səfərinin təşkili ilə bağlı məsələlər həll olundu. Fevralın 26-27-28-i tarixlərində təyyarə biletləri rezervasiya edildi. Mən bununla bağlı Bakıya zəng elədim. Amma AzTV bu şəxsiyyətlərin Bakıdakı çəkilişləri üçün heç imkan yaratmadı, onların ölkəmizə gəlişini əngəllədilər. Halbuki,  Ənvər Paşanın varisi Arzu xanım və Kazım Karabekirin varisi Timsal xanım bu dəvətdən çox sevincliydilər, duyğulanmışdılar. Eyni zamanda Nərgiz Fondu ilə xeyriyyə konsertləri üçün Bakıya gələn bütün məşhurların mənim proqramıma qatılması ilə bağlı razılaşdıq. Bununla həm də xeyriyyə konsertlərinin reklamı aparılacaqdı. Ölkəmizə xeyriyyə konserti üçün gələn Haluk Ləvəntin “Məlahətli söhbətlər”ə qatılması da bu razılaşmanın bəhrəsiydi. Amma çox heyif ki, onların da, mənim də bu istəyim yarımçıq qaldı. Və səbəb kimi mənə Nazilə Babayevanın studiyanı çəkiliş üçün vermədiklərini dedilər. Halbuki studiya həftə içi saat 1-dən sonra hər zaman boş olurdu. Bu, təkcə mənə yox, həm də tarixi şəxsiyyətlərimizn varislərinə hörmətsizlik idi. Çarəsiz qalıb onlara xəstələndiyimi və çəkilişlərin başqa tarixə keçirildiyini dedim. Xalq artistimiz Əlixan Səmədovla çəkdiyim veriliş isə münasibətlərimizin son qırılma nöqtəsi oldu. Həmin verilişdə Əlixan Səmədovun qızı mahnı oxudu. Mənə deyildiyinə görə, Nazilə Babayeva verilişə yarıdan baxaraq televiziyanın rəhbərinə deyib ki, “Məlahət Abbasova küçədən pulla müğənni tutub efirə gətirir”. Rövşən Məmmədov da onun sözü ilə həmin buraxılışa baxmadan verilişi dayandırmağa qərar verib. Sonra R.Məmmədova ona yanlış məlumat verildiyi söylənsə də, o, verdiyi qərardan geri addım atmadı. Mən məsələni aydınlaşdırmaq üçün yenə R.Məmmədova zəng elədim, o isə telefonu üzümə bağladı. Bu, Azərbaycan Dövlət Televiziyası sədrinə yaraşmayan bir hərəkət idi. Mən pandemiya ilə bağlı ora gələ bilmirdim. Telekanaldan mənə dedilər ki, çəkilmiş son 7 verilişin efirə getməyəcək. Halbuki, o verilişlərdə həm Azərbaycanın, həm də Türkiyənin tanınmış simaları vardı. R.Məmmədov zənglərimə cavab vermədiyi üçün mən onun köməkçisi Zaura və telekanalın reklam departamentinin rəhbəri Süleyman Məmmədova zəng etdim. Onlardan verilişlərin hansı səbəbdən yayımlanmayacağını soruşdum. Onlarsa mənə “Rövşən müəllim belə istəyir, ona görə yayımlanmayacaq” dedilər. Mən yenə təkrar Rövşən Məmmədova zəng elədim, amma təəssüf ki, o yenə də telefonlarıma çıxmadı. Böyük çabalarımdan və baş redaktorumuzun da səyi ilə proqramların nümayişinə razılıq verildi, amma bu dəfə də sponsorsuz yayımlanacağı deyildi. Mən təkrar reklam Departamentinin sədri Süleyman Məmmədovla əlaqə saxlayıb müqavilədə verilişin sponsorsuz yaylmlanmayacağı haqda bəndini xatırlatdım. S. Məmmədov mənə haqq verdiyini və sədrlə bununla bağlı görüşəcəyini dedi. O, sədrlə görüşdən sonra təkrar məni yığdı və dedi ki, Məlahət xanım, siz kanala ödəniş etməlisiniz. Mən imzaladığımız müqavilədə belə bir şərtin olmadığını xatırlatdım və dedim ki, kanalın belə bir tələbi var idisə, onu müqavilə bağlanmazdan öncə deməli idi. Cavabında isə Süleyman Məmmədov bildirdi ki, sədr tapşırıb sizə çatdırım ki, “ödəniş edilməyəcəksə, verilişlər efirə getməyəcək”. Bu, rəsmən telekanal sədrinin məni hədələməsi idi. Mən verilişlərin efirə getməsi naminə onların dediyini qəbul etmək məcburiyyətində qaldım. Məndən 8 veriliş üçün 7 min manat pul istədilər. Dedilər ki, əgər 7 min manat ödənməzsə, verilişlərin efirə getməsi mümkünsüzdür. Mən əlacsız qalıb bu şərti də qəbul elədim və verilişlər yayımlandı. Amma pandemiya vaxtı gecə-gündüz zəng elədilər ki, pulu nə vaxt ödəyəcəksiniz? Mən koronavirusla bağlı Türkyədəki real vəziyyəti və gələ bilmədiyimi anlamalarını istədim. Dedim ki, pandemiya bitən kim özüm gəlib Rövşən müəllimlə görüşəcəm və iki mədəni insan kimi söhbətləşib vidalaşacam.  Amma köməkçisi Zaur və Süleyman Məmmədov dedilər ki, sədr tapşırıb ki, pandemiyanı-filanı kənara qoysun və təcili pulu ödəsin. Bu arada mənim də qulağıma sədrin tolantıda arxamca dediyi “Məlahət xanımı da yola salırıq, gedir. Çünki o sponsorlardan çoxlu pul qazandı, amma bundan bizə xeyir olmadı” kimi fikirlər çatırdı. Sonra mən vəkillə danışdım və bu pulu ödəməyimin qanuni olmadığını dedi. Çünki bu şərt müqavilədə göstərilməyib. Mən yenə bunu eşidən kimi təkrar onunla danışmağa cəhd elədim. Amma təəssüf ki, bu dəfə də zənglərimə cavab verilmədi. Rövşən Məmmədovla danışsaydım, ondan tək bir ricam olacaqdı, tarixi şəxsiyyətlərin varislərini çəkdikdən sonra verilişi dayandırsın. Amma Rövşən Məmmədov buna imkan vermədi. Müavini Zaur dedi ki, sədr sizin bu fikrinizə “lazım deyil” cavabı verib. Yenə də deyirəm, AzTV –nin mənim verilişimə bir qəpik də xərci çıxmayıb. Əgər deyirlərsə, çıxıb, o zaman bunu mənə isbat etsinlər. Mənim qarşıma faktlarla gəlsinlər, yalançı demaqoqluq eləməsinlər. Yalançı məlumatlar vermək Azərbaycan Dövlət Kanalının rəsmilərinə heç yaraşmır.
 
“Məni ora yalvara-yalvara çağırıb indi dekorasiyamı sındırırlar?” 
 
– Maraqlıdır ki, sizin dediyiniz fikirlərlə AzTV-nin mövqeyi üst-üstə düşmür…  

– AzTV-nin haqqımda yaydığı bütün məlumatlar yalandır və heç bir əsası yoxdur. Birincisi, mətbuat katibinin dediyi kimi, veriliş 1 il deyil, 6 aydır yayınlanır. Kaş ki, onlar bu açıqlamadan əvvəl müqavilənin tarixinə və şərtlərinə bir daha baxardlar. Onlar iddia edirlər ki, guya verilişin əməkdaşlarına maaş veriblər. Halbuki kanalın mənim verilişimə bir qəpik pulu çıxmayıb. Hətta verilişin “şapka”sı, reklamların dublyajı, pavilyondakı suya qədər bütün xərcləri özüm çəkmişəm. Onlar hansı puldan danışırlar? Deyirlər ki, guya ilk gündən maaşları ödəməmişəm. Müqaviləmdə maaşla bağlı heç bir bənd olmasa da, mən oktyabr ayından könüllü olaraq rejissorun, redaktorun, studiyadakı pianoçunun əmək haqqını, rejissor dəyişimindən sonra yanvar ayında bu yana yenə rejissor, redaktor, pianoçu və üç köməkçinin maaşlarını könüllü olaraq ödədim. Belə yalan açıqlamalarla məni nüfuzdan salmağa çalışdılar. Nəyə dayanaraq belə yalan danışırlar?! Pandemiya dönəmində Cənab Prezident qərarı verdi ki, heç kimin maaşları kəsilməsin. Amma buna rəğmən Rövşən Məmmədov “Məlahətli söhbətlər” verlşinin rejissorunun, redaktorunun və bir əməkdaşının 3 aylıq qonorarını kəsdi. Hansı səbəbə görə? Bu, Cənab Prezidentimizin qərarına qarşı çıxmaqdır! Bu bəsdeyilmiş kimi, Nazilə Babayeva Rövşən Məmmədovun əmri ilə mənə xəbər verlmədən teleteatrda içində sponsorların məhsulları olan dekorasiyamı sındırıb. Bu, çox böyük hörmətsizlikdir. Məni ora yalvara-yalvara çağırıb indi də üstümə böhtan atırlar. Əgər dediklərimdə yanlışlıq varsa, niyə Rövşən Məmmədov mənimlə danışmaqdan qaçır? Adama deyərlər, axı, məni ora siz dəvət eləmişdiniz? Mənə böhtan atmaqla nə qazandınız? Mən vətəndən uzaqda Azərbaycan xalqına təmənnasız xidmət edən sənət adamıyam. Hazırda dünyanın ən böyük teatr olan İstanbul Şəhər Teatrlarında direktor müavini vəzifəsinə qədər yüksəlmiş yeganə azərbaycanlı qadınam, sənət insanıyam. Türkiyə teatrlarına 15-dən çox Azərbaycan əsərini qazandırmışam, bir çoxunu səhnəyə qoymuşam. 2015-ci ildə Türkiyədə azərbaycanlı müəllifin əsəri ilə “ilin ən yaxşı rejissoru” seçilmişəm. Azərbaycan əsərlərini xarici festivallarda nümayiş etdirərək mükafatlar qazanmışam. Türkiyə Böyük Elçiliyi, Azərbaycan Baş Konsulluğu və Diaspora Komitəsi və Mədəniyyət Nazirliyi mənim bütün xidmətlərimin təmənnasız olduğunu gözəl bilir. Mən başda “İblis” olmaqla səhnəyə qoydugum bütün əsərlərinin qonorarlarından imtina etmiş sənətçiyəm. Çünki mənim üçün önəmli olan Azərbaycanmızın təbliğatıdır. Bu qədər xidmətləri olan insanı pulgir, fürsətçi kimi təqdim etməyə utanmadılarmı?! Mən həm Türkiyədə, həm də Azərbaycandakı vəkillərimlə danışdım, hamısı dedilər ki, sizdən müqavildən kənar nəsə istənilməsi qanunsuzdur, rüşvətdir! Hətta vəkilim bildirdi ki,  əməkdaşlar üçün maaş istənməsi və qonorarların kəsilməsi də qanunusuzluqdur. İndi qanunsuz iş görən kim olur, mən, ya onlar?! Görəsən, onların Cənab Prezidentimizin rüşvətlə baglı ölkədə apardığı işlərdən xəbərləri yoxdurmi? Mən imkan vermərəm ki, belə insanlar üstümə palçıq atıb kənarda dursunlar!

“İlham Əliyev və Mehriban xanıma müraciət etmişəm”
 
– İndi neyləməyi düşünürsüz? Bununla bağlı haralarasa müraciət edəcəksinizmi? 

– AzTV-də mənim başıma gəlməyən qalmadı. İki verilişim silindi, son verilişim pul verə bilmədiyim üçün yayımlanmadı, dekorasiyam qırıldı, tarixi şəxsiyyətlərin varislərinin ölkəyə gəlişi əngəllədi, mənə çirkin iftira ataraq nüfuzuma zərbə vurmağa çalışıldı. Ən mühümü isə Azərbaycanı təbliğ edən “İki dövlət, tək millət” adına yaradılan bu gözəl missiyanın daşıyıcısı olan proqram Azərbaycan Televiziyası sədri Rövşən Məmmədov və Nazilə Babayevanın tamahkarlığı üzündən dayandırldı. Halbuki bu proqram Anadolu Ajansının geniş işıqlandrdığı yeganə veriliş idi. Üstəlik, mən dövlət məmuruyam. İstanbul Bələdiyyə Teatrları İdarə Heyətinin üzvü və direktor müaviniyəm. Yaşadığım ölkədə dövlət məmurlarının sıx-sıx başqa ölkələrə gedib-gəlməsi qadağandır. Amma İstanbul Bələdiyyə Başqanlığı mənim “İki dövlət, bir millət” missiyasıyla veriliş hazırladığım üçün və onların Azərbaycana olan sevgilərindən dolayı xüsusi icazə verdilər ki, Bakıya müntəzəm gedib-gəlim. Yəni hər kəsin bu qədər dəyər verdiyi bu verilişə və mənə olan münasibət çox üzücüdür. Bu səbəbdən də Cənab Prezidentimiz İlham Əliyevə və I vitse-prezidentimiz Mehriban xanıma müraciət eləmişəm. Çünki mən dövlətimin və onun rəhbərinin ədalətinə çox inanıram. Rəhbərimiz də, dövlətimiz bilir ki, biz onun xaricdə yaşayan sadiq əsgərləriyik. Hər zaman harda olmağımdan asılı olmayaraq, vətənimə şərəflə xidmət etmişəm, bundan sonra da edəcəyəm. Mənim xidmətlərimin hansını Rövşən, yaxud da Nazilə edib? Ona görə də Prezidentimizdən xahiş edirəm ki, AzTV-dəki bu qanunsuzluğun araşdırılmasına göstəriş verilsin. 

 – AzTV-yə gəldiyiniz üçün peşmansınız? 

 – Xeyr, peşman deyiləm. Amma AzTV dövlətimin kanalıdır, ora elə bir rəhbərin başçılıq elədiyinə görə üzülürəm. Çünki Rövşən Məmmədov Cənab Prezidentin etimadını doğrultmadı. Bunlar mənə çox pis təsir edir. Təəssüflənirəm ki, dövlət kanalında qanunsuzluq var. Onların hər bir əməlinə layiqincə cavab veriləcəyinə ümid edirəm. Mən xalqımı da, Vətənimi çox sevirəm və fəxr edirəm ki, azərbaycanlıyam.  

 – Çox ciddi ittihamlar səsləndirdiniz. Bəs bunları sübuta yetirəcək faktlarınız varmı?  

– Bəli, var. Söylədiyim hər şeyə bağlı əlimdə olan faktları, səs yazılarını və yazışmaları saxlamışam. Lazım gələrsə, onları müvafiq orqanlara təqdim edə bilərəm. Son olaraq bir söz də demək istəyirəm. Mən istəməzdim belə xəbərlərlə gündəmə gəlim. Bu nə mənim adıma, nə bu gün tutduğum mövqeyə, nə də sənətimə yaraşır. Amma təəssüf ki, Azərbaycan Dövlət Kanalının rəsmiləri mənə elə bir böhtan atdı ki, artıq susa bilmədim, bunları danışmağı məcbur oldum.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …