Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Səfir harınlamış məmurlara MİSAL ÇƏKDİ

Dördüncü ya beşinci sinfində oxuyanda bir gün xəbər çıxdı ki, məktəbimizdə hansısa qocaman bolşeviklə görüş keçiriləcək. Tapşırdılar ki, səliqəli geyinək, pionerlər mütləq qalstuk taxsınlar. Ayrıca iclas salonu olmadığından partaları çıxarıb enli koridora düzdülər.

Təyin olunan gün qocaman bolşevik gəldi. “Qocaman” deyəndə bəlkə də mənim indiki yaşımdan daha cavan idi. 20-ci illərin sonunda Cəbrayıl qəza komitəsində (bu bölgə camaat arasında daha çox Qaryagin kimi məşhur idi) işləmişdi. Direktorun təqdimatından sonra xeyli danışdı.

Təbii ki, üstündən yarım əsrdən artıq vaxt keçdiyinə görə dediklərinin çoxu indi yadımda qalmayıb. Amma bir epizodu danışdığı kimi xatırlayıram. Deməli, 20-ci illərin sonunda veteranı qəza komitəsinə çağırıb hansısa məsələləri yoluna qoymaq üçün Bakıya ezamiyyətə göndərirlər. Təbii ki, qaydalara uyğun şəkildə nəqliyyat, mehmanxana, yeməkpulu da verirlər. Ağsaqqal danışırdı ki, o vaxta qədər bu boyda pulu bir yerdə görməyibmiş. Deyirdi ki, qəza komitəsindən çıxandan sonra düşünüb: “Mənim dövlətim gənc dövlətdir, yüz şeyə ehtiyacı var. Mən niyə bu pulları havayı yerə xərcləməliyəm? Bir az canıma cəfa basıb onu dövlətimə qaytarsam, daha yaxşı olmazmı? Odur ki, yük vaqonu (“tovarnı”) ilə Bakıya gəldim, bir gecə vağzalda, 3-4 gecə də tanış-bilişin evində qaldım, tapşırılan işləri görüb, yenə və “tovarnı” vaqonla geri qayıtdım. Qəza komitəsinə gedib katiblə görüşdüm. Məlumat verəndən sonra pulları qabağına qoyub dedim: “Bir manatına da toxunmamışam. Xahiş edirəm, dövlətin ehtiyaclarına sərf edin””.

Dediyinə görə, katib dərhal iclas çağırmış, onun nümunəvi hərəkəti haqqında bütün əməkdaşlara məlumat vermiş, pulları dövlət kassasına keçirib özünə də təşəkkür elan eləmişdi…

Yadımdadır ki, o zaman biz veterana heyran kəsilmişdik, onu uzun-uzadı alqışlamışdıq…

Yəqin ki, indi yeganə reaksiya “Axmaq adam! Guya böyük bir iş görüb?” şəklində olardı.

Görünür, bütün zamanlarda idealist insanlara ehtiyac var! Başqa cür hansısa böyük ideyaları həyata keçirmək mümkün deyil!

Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …