Bazar ertəsi , 23 Dekabr 2024
Drone Cameras

Sərdar Cəlaloğlu Şeyxə qarşı: “İdarəsi bağlansın”

Bildiyimiz kimi ötən ay Azərbaycan prezidentinin fərmanı ilə yaradılan “Mənəvi Dəyərlərin Təbliği Fondu”nun geniş hüquq və səlahiyyətləri vardır. Bu qurum məscid tikintisi və təmiri, mənəvi, dini dəyərlərin qorunması və təbliği, dini təhsilə dəstək və s. işlərlə məşğul olacaq.

Qeyd edək ki, bu qurum Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərəcək. Bu fonda da mətbuatda belə fikirlər yer alıb ki, yaradılan yeni fond Türkiyədə mövcud olan dini sistemin bənzəridir. Belə ki, Türkiyədə Diyanet İşləri Başqanlığının yanında Diyanet Vəqfi fəaliyyət göstərir. Bu istiqamətdə addımın atılması isə əslində, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) kənarda qalması, onun səlahiyyətlərinin heçə endirilməsi demək olacaq. Bu fonda da fikirlər səslənir ki, atılan bu addımlar QMİ sədrini narazı salıb.

Məsələ ilə bağlı düşüncələrini yenicag.az-a bölüşən ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, ümumiyyətlə, QMİ-nin fəaliyyətinə son qoyulmalıdır:

“Azərbaycanda İslam dininin idarə edilməsində dövlət və bir qeyri-dövlət təşkilatı var. Qafqaz Müsəlmanları İdarəsi qeyri-dövlət təşkilatı olaraq fəaliyyət göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi isə dövlətin bu sahədə siyasətini həyata keçirir. Ona görə də bu istiqamətdə üçüncü bir fondun, qrupun yaradılmasına ehtiyac yoxdur. İkincisi, İslam dəyərlərini Allahdan başqa heç kim qoruya bilməz. Bu dəyərlərin təbliğ edilməsi də azad olmalıdır. Vətəndaşlar özləri din azadlığına uyğun olaraq, dinə yanaşmalıdırlar. Hansısa inzibati qaydada icma yaratmaq doğru deyil. İnsanlar yığışıb, özlərinə məscid tikib, imam seçib, Allaha ibadət edə bilərlər. Katolik deyilik ki, hansısa bir təşkilat olsun. Dinimizi xristian dininə uyğun şəkildə idarə etmək İslamın mahiyyətinə ziddir. Azərbaycanda mövcud olan sistemi Türkiyə dini sisteminə uyğunlaşdırmaq üçün Dini Komitəni nazirliyə çevirmək və Allahşükür Paşazadənin idarəsini ləğv etmək lazımdır.

Ümumiyyətlə, QMİ Azərbaycan Konstitusiyasına zidd təşkilatdır, ona görə də ləğv olunmalıdır. Dinlə və mənəviyyatla bağlı məsələlər Dini Komitəyə həvalə edilməlidir. Qazilər Şurası da burada olmalıdır. Çünki Azərbaycan qanunlarına görə, ölkədə xarici ölkə vətəndaşlarını öz cərgəsinə daxil edən siyasi, ictimai təşkilatların yaradılması qadağandır. Adından da göründüyü kimi Qafqaz müsəlmanları (çeçenlər, Dağıstan müsəlmanları) QMİ-yə tabedir. Belə olan halda sabah Rusiya bu amildən istifadə edərək, Qafqaz müsəlmanlarını müdafiə bəhanəsilə Azərbaycana müdaxilə edə bilər. Ümumiyyətlə, dünyanın heç bir yerində QMİ-nin fəaliyyətinə uyğun fəaliyyət göstərən islami təşkilatlar yoxdur”. (interpress.az)

 

boyukmillet.com

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir