Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sabir Rüstəmxanlı: “Kəndlərimizin çoxunda bankomat yoxdur”

Araz olmasa, ayrılmazdıq? – ilginc reaksiyalar …

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azadlıq meydanında keçirilən Zəfər paradında çıxışı çoxlarının ürəyinə ox kimi sancıldı. Xüsusən də Ərdoğanın “Arazı ayırdılar” bayatısını paradda səsləndirməsi Tehran tərəfindən siyasi bir ismarış kimi qiymətləndirildi. İran tərəfindən verilən təpkilər və Türkiyə ilə yaranmış qısamüddətli gərginlik hamının yadındadır. “Yeni Müsavat” bildirir ki, həmin bayatıda deyilir:

Arazı ayırdılar

Lil ilə doyurdular.

Mən səndən ayrılmazdım

Zülm ilə ayırdılar.

İran xarici işlər naziri Cavad Zərif isə sosial şəbəkə hesabından paylaşım edib: “Heç kim Prezident Ərdoğana Bakıda dediyi şeirdə Arazın şimalındakı ərazilərin vətəni İrandan zorla qoparılmasının təsvir olunduğunu deməyib. O, bu sözlərin Azərbaycan Respublikasının suverenliyinə xələl gətirdiyini anlamır?”

Bu açıqlamadan sonra İranın bir çox şəhərlərində insanlar pəncərələrdən “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirərək Azərbaycana həmrəyliklərini bildiriblər.

Soydaşlarımız həm də “Arazı ayırdılar” trendi başladıblar. Onlar müxtəlif şəhərlərdən “Arazı ayırdılar” misralarını səsləndirərək trendə qoşulublar. Düzdür, məsələ yoluna qoyuldu, tərəflər bir-birini dinlədilər.

Yəni Ərdoğanın məlum şeiri söyləməsində Ankaranın heç də Tehrana qarşı hər hansı siyasi mesajı olmadığı qənaətinə gəlindi, lakin bir həqiqətdir ki, bizi bir millət olaraq bu çay ayırıb, o tay – bu tay edib.

Və tarixi gerçəkliyi dəyişmək, ona fərqli don geyindirmək mümkün deyil. Faktiki Arazın o tayında 30 milyon, bu tayında 10 milyon azərbaycanlı yaşayır.

Amma yer üzündə çayların, hətta dənizlərin ortadan ikiyə, üçə böldüyü ölkələr, şəhərlər var. Onları bir-birindən ayıran olmadı.

Məsələn, Dunay çayını qeyd etmək olar. Almaniya, Avstriya, Slovakiya, Macarıstan, Xorvatiya, Serbiya, Bolqarıstan, Rumıniya, Moldova və Ukrayna daxil olmaqla, 10 ölkənin torpaqlarından keçir.

Bu cür nümunələr çox göstərmək olar. Di gəl bizim bir Araz çayımız var, o da başımıza elə oyun açıb ki, necə deyərlər, indiyə qədər cəfasını çəkirik. Bəzən adama elə gəlir ki, Araz olmasaydı, ölkəmiz 1828-ci ildə ikiyə də bölünməzdi. Amma Arazın günahı nədir?

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi, deputat Sabir Rüstəmxanlının “Yeni Müsavat”a bildirdiyinə görə, Araz çayı təkcə Güneylə Quzeyi ayırmır, həm də Naxçıvandan Türkiyə ərazisinə keçir.

S.Rüstəmxanlı hesab edir ki, Ərdoğan bu şeiri deyəndə ürəyində nə fikirləşibsə, İran məsələyə tamamilə gülməli yanaşma sərgilədi. Xalq şairi qeyd etdi ki, həmin bayatı çox qədimdir: “Folklorumuzda Araz haqda buna bənzər və ayrılığı ondan daha sərt ittiham edən bayatılar var. Bu bayatılara görə İran hay-küy salmalı deyil. Onda gedib 40 milyon azərbaycanlıdan soruşsunlar ki, bu şeirləri niyə yazmısınız? Ümumiyyətlə, Araz bir simvoldur, ayrılıq varsa, Araz da var”.

S.Rüstəmxanlının fikrincə, Araz olmasaydı Savalan dağı, Muğan çölləri deyəcəkdik, ayrılığı rəmzləşdirən bir sərvətimiz olacaqdı: “Araz ədəbiyyatımızın parlaq obrazıdır, ayrılığı yox, həm də birliyi, bütövlüyü bildirir. Ona görə Araza yalnız ayrılığın rəmzi kimi baxmaq lazım deyil, birləşdirici çay kimi baxmalıyıq. Çünki üstündən salınan Xudafərin körpüsü ilə bizi birləşdirir. Araz tarix üçün andır, Savalanlı, Şahdağlı, Mil-muğanlı…”

Deputat əlavə etdi ki, Azərbaycan İranla dostdur, onun bölünməsi haqda danışmırıq: “Bu gün İranla yollar açıqdır, insanlar gedir-gəlir, əlaqələr genişlənir, bu münasibətləri qorumaq lazımdır. Amma İran bir şeirə görə səsini qaldırdı, əvəzində məmurun sözünə Təbrizdə minlərlə insan cavab verdi, şeirlər qoşdu, yüzlərlə dildə Araz bayatısı səsləndi. Buna görə İran məmurlarına təşəkkür edirəm ki, bu ayrılığın olduğunu millətin yadına saldılar”.

Emil SALAMOĞLU

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …