Fevralın 9-da keçiriləcək parlament seçkisində 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı seçicilərlə görüşlərini davam etdirir.
Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində görüş zamanı namizədin vəkili, rayonun tanınmış ziyalılarından olan Etibar Əbilov Sabir Rüstəmxanlının Neftçalanı seçməsinin yerli əhali üçün tarixi şans olduğunu söyləyib. O, Sabir Rüstəmxanlının yaradıcılığından, keçdiyi həyat yolundan bəhs edib və hər bir sakini bu prosesdə aktiv olmağa çağırıb: “Milli Məclis təcrübə meydanı deyil. Orda xalqın dərdini dilə gətirə bilən, səsi hər yerdən eşidilən, hörmət sahibi olan şəxslər təmsil olunmalıdır. Şəxsən mən çox fəxr edərəm ki, bizim rayonu Sabir Rüstəmxanlı boyda şəxsiyyət təmsil etsin. Müstəqilliyə gedən yol Meydandan başlandı. Meydan hərəkatı deyəndə isə ilk yada düşən Sabir Rüstəmxanlı olur. Sabir Rüstəmxanlı xalqımızın o şəxsiyyətlərindədir ki, Meydan hərəkatında bütün Azərbaycan xalqı ona öz adından danışmaq səlahiyyəti vermişdi. İndi biz Neftçala adından ona bu səlahiyyəti niyə verməyək?
Onun biz neftçalalıları Milli Məclisdə təmsil etməsini niyə istəyirəm? Mənə Milli Məclisdə xalqın güvəndiyi, xalqın istək-arzularını dilə gətirən, cəsarətli, qətiyyətli insan lazımdır. Mənə Milli Məclisdə xalqımızın rifahına xidmət edəcək qanunları qaldıran, onu həyata keçirə bilən, tətbiqinə nail ola bilən insanlar lazımdır. Mənə Milli Məclisdə xalqın mənafeyini öz mənafeyindən üstün tutan insanlar lazımdır. Mənə Milli Məclisdə sözü ciddiyə alınan söz sahibi lazımdır.
Sadaladığım keyfiyyətləri yalnız Sabir Rütəmxanlıda görürəm. Milli Məclisə seçkilərdə səhvə yol vermək bağışlanmazdır. Çünki bu səhvi düzəltmək üçün 5 il lazımdır. Ona görə də seçimimizdə yanılmayaq və Sabir bəyə səs verək”.
Neftçalanın Tatarməhəllə kəndindəki görüşdə sakinlər Sabir Rüstəmxanlının gördüyü işlərdən danışıb, onun zaman-zaman mətbuatda xalqın problemləri ilə bağlı qaldırdığı məsələlərdən söz açıblar. Onlar Sabir Rüstəmxanlıya səs verəcəklərini və bundan qürur hissi keçirdiklərini bildiriblər: “Bu dairədən xeyli adam namizəd olsa da, biz Sabir Rüstəmxanlını seçirik. Çünki səsimizi aidiyyəti qurumlara çatdıra bilən bir şəxsiyyətin millət vəkilimiz olmasını istəyirik. Burdan namizədliyini irəli sürən digər biri seçilsə də, qapılar arxasında gözləyəcək. Amma Sabir bəy həmin qapıları asanlıqla aça bilən şəxsiyyətdir. Buna görə də neftçalalılar, eləcə də kəndimizin sakinləri yekdil olaraq Sabir Rüstəmxanlını dəstəkləyirik”.
Tədbirdə çıxış edən Ümid Partiyasının Neftçala rayon təşkilatının sədri Əlibaba Əliyev ölkənin tanınmış şəxsiyyətlərinin Sabir Rüstəmxanlı haqqında dedikləri fikirləri səsləndirib, sonra isə sakinlərin yekdil olaraq ona səs verəcəyini deyib: “Sabir bəy Neftçalanı seçdi, biz də onu seçəcəyik. Bu, bizim vətəndaşlıq missiyamızdır. Mən başqa namizədlərin plakatlarına baxanda, onların verdikləri vədlərlə tanış olanda, açığı, təəssüf hissi keçirirəm. Qardaşlar, axı sadaladığınız problemləri həll etmək sizin gücünüz daxilində deyil! Namizədlər arasında həmin məsələləri həll edə biləcək bir insan var, o da Sabir bəydir. O, xalq şairidir, o, ölkə hüdudlarından kənarda da tanınan şəxsdir, o sözü məmurlar tərəfindən eşidilən, hörmət qoyulan ictimai xadimdir. Ona görə də sizin qapınıza gələn namizədlərə deyin ki, bağışlayın, bizim namizədimiz var, o, Sabir Rüstəmxanlıdır.
Mən də bu dairədən namizədliyimi irəli sürmüşdüm. Eşitdim ki, Sabir Rüstəmxanlı gəlir, geri götürdüm. Eyni addımı Müsavat Partiyasının yerli təşkilatının sədri də atdı. Mən təklif edirəm ki, yerdə qalan namizədlər də Sabir Rüstəmxanlını dəstəkləsinlər, namizədliklərini geri götürsünlər”.
Xol Qaraqaşlı kəndində baş tutan görüşdə kənd sakinləri adından çıxış edən Azərbaycan dili və ədəbiyyatı müəllimi İdris Abbasov Sabir Rüstəmxanlıya Neftçala rayonunu seçdiyi üçün minnətdarlıq edib: “Mən bu kənddə 50 il dərs demişəm. Bu baxımdan hamının adından danışmaq haqqı hiss edirəm özümdə. Sizin kimi bir ziyalının, həmişə xalqın dərdini öz dərdi hesab edən bir şəxsiyyətin bizi deputat kimi təmsil etməsindən yalnız qürur hissi keçirmək olar. Sabir müəllim bu millətə həmişə sədaqətlə xidmət edib. Mən inanıram ki, bizim Neftçalamızı da eyni şövqlə təmsil edəcək. Hələ deputat seçilməyib, amma artıq rayonumuzda bir canlanma hiss olunur. Problemlərimizin həlli istiqamətində müəyyən addımların atılacağı xəbərlərini eşidirik. Sizi əmin edirəm ki, hamımız birmənalı şəkildə sizi dəstəkləyəcəyik”.
Daha sonra rayon ziyalılarından Fərhad Əzizbəyli çıxış edib: “Vaxt var idi siz cavan oğlan idiniz, amma ölkənin ağsaqqal kişiləri ilə bir yerdə ölkənin taleyüklü məsələlərini həll edirdiniz. İndi o ağsaqqalların çoxu həyatda yoxdur. İndi ölkədə 4-5 ağsaqqal varsa, onlardan biri sizsiniz. Siz onsuz da seçilmiş adamsınız. Deputatı seçmək olar, amma ağsaqqalı biz seçmirik, özü seçilir, tale seçir. Sabir bəy çox böyük şəxsiyyətdir, nəinki biz neftçalalılara, bütün Azərbaycana, türk dünyasına lazım olan siyasətçidir. Mən onu lap gənclik illərindən tanıyıram. Ona görə də mən qohumumu, şagirdimi, rayonlumu deyil, Sabir Rüstəmxanlını dəstəkləyirəm. Əgər mən Sabir bəyi dəstəkləyirəmsə, inanıram ki, siz də dəstəkləyəcəksiniz. Biz onu 20 il deputat kimi sınamışıq və görmüşük ki, həmişə xalqın sözünü deyib, millətin dərdini dilə gətirib.
Məni sizin hamınız tanıyırsınız. Bilirsiniz ki, mən heç vaxt kiminsə xoşuna gəlmək üçün söz demərəm. Sizə tam səmimiyyətimlə bildirirəm: əgər bu dairədən mənim oğlum da namizəd olsaydı, mən Sabir bəyi dəstəkləyərdim. Çünki o mənim arzularımı həyata keçirən adamdır: bayrağımızı görmək istəyirdim, Sabir bəy o bayrağı dalğalandırandır; himnimizi eşitmək istəyirdim, o himnimizin bərpasında müstəsna xidmətlər göstərdi; o, Müstəqillik Aktına imza atanlardan biri oldu.
Mən sevinirəm və fəxr edirəm ki, Meydan hərəkatında mən də Sabir bəyin yanında olmuşam.
İnanıram ki, seçki günü hər bir neftçalalı bu böyük şəxsiyyətə səsini verəcək, onu özünün təmsilçisi edəcək”.
Görüşün sonunda Sabir Rüstəmxanlı Neftçalanın problemlərindən danışıb. Bu rayonla bağlı geniş planlarının olduğunu, insanları narahat edən problemlərin həlli üçün ayrıca bir proqramın hazırlanmasının vacibliyini bildirib.
Neftçalanın Aşağı Qaramanlı kəndində sakinlər iqtisadi, sosial problemlərinin illərdir həll edilmədiyini, rayonun təbii resurslarından, daxili imkanlarından lazımi səviyyədə istifadə olunmadığını, bunun da güzəranda müxtəlif çətinliklər yaratdığını bildiriblər. Onlar vurğulayıblar ki, namizədlər içində üst-üstə qalaqlanan bu problemləri həll edə biləcək yeganə şəxs Sabir Rüstəmxanlıdır, çünki onun bu sahədə uzun illər ərzində toplanmış zəngin təcrübəsi var.
Sakinlər namizədlər arasında Sabir Rüstəmxanlı adını gördükdən sonra problemlərinin ölkə səviyyəsində dilə gətiriləcəyinə, Neftçalanın iqtisadi durumunun güclənəcəyinə inandıqlarını vurğulayıblar.
Sabir Rüstəmxanlı isə deyib ki, iştirak etdiyi bütün görüşlərdə səsləndirilən problemləri tək-tək qeydə alır. Millət vəkili seçiləcəyi təqdirdə təkrar görüşlər keçirəcək və problemlərlə daha yaxından tanış olacaq. Bundan sonra isə Neftçala sakinlərini narahat edən, güzəranlarını ağırlaşdıran problemlərin həlli üçün vahid plan hazırlayacaq: “Bu plandan sonra var gücümlə çalışacam ki, Neftçalanın inkişafı ilə bağlı ayrıca bir qanun olsun, ayrıca bir qərar qəbul edilsin”.
Sabir Rüstəmxanlı 1946-cı ildə Yardımlıda doğulub. 1968-ci ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1967-1978-ci illərdə indiki “Ədəbiyyat qəzeti”ndə müxbir, şöbə müdiri vəzifələrində çalışıb. 1978-1989-cu illərdə “Yazıçı” nəşriyyatının, 1989-1991-ci illərdə “Azərbaycan” qəzetinin baş redaktoru olub. 1991-1995-ci illərdə mətbuat və informasiya naziri postunu tutub.
Milli azadlıq hərəkatının öncül şəxslərindən olan Sabir Rüstəmxanlı 1992-ci ildən Vətəndaş Həmrəyliyi Partiyasının sədridir.
Filologiya elmləri doktorudur.
Sabir Rüstəmxanlı 1990-2015-cı illərdə parlamentin deputatı olub.