Cümə , 22 Noyabr 2024
Drone Cameras

Sabir Rüstəmxanlı Neftçalada seçkiyə möhür vurdu: MÖHTƏŞƏM GÖRÜŞ – VİDEO+ FOTOLAR

Neftçala rayon X.Məmmədov adına Mədəniyyət Evində 61 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd, Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlının seçicilərlə möhtəşəm görüşü keçirilib. Minə yaxın seçicinin iştirak etdiyi görüşə rayon fəalları, ziyalılarıla yanaşı ölkənin tanınmış elm, ədəbiyyat və mədəniyyət adamları da qatılıb. Görüş Azərbaycanın istiqlalı uğrunda şəhid olan soydaşlarımızın ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.


Tədbiri aparan Neftçala rayon ədəbi-bədii ictimaiyyətinin tanınmış nümayəndələrindən biri, şairə Ruhəngiz Nəcəfova Sabir Rüstəmxanlının yaradıcılığı, həyat yolu haqda geniş çıxış edib: “Sabir Rüstəmxanlı bir ömür boyu millətin istiqlalı, haqqı uğrunda savaşdı, həm ictimai-siyasi fəaliyyəti, həm əsərləri ilə bu savaşı apardı. “Nə qədər ki, Azərbaycan zəbt olunmuş torpaqlarını geri qaytarmayıb, nə qədər ki, müstəqilliyimizin, dövlətçiliyimizin, milli azadlığımızın tam təminatı yaranmayıb, heç bir qələm sahibinin meydandan çəkilməyə haqqı yoxdur” – deyən Sabir Rüstəmxanlı bizlərə bir şans, özünə isə yeni qurub-yaratmaq meydanı kimi Neftçalanı seçdi.

“Mən Neftçalanı seçdim, inanıram ki, Neftçala da məni seçər” şüarı ilə yola çıxan Sabir Rüstəmxanlı seçicilərə müraciətində deyir: “Müstəqillik illərində parlamentə keçirilən seçkilərində Azərbaycanın çox bölgələrindən təkliflər almışam, onların rayonunu parlamentdə təmsil etməyimi istəyiblər. Ancaq mənim üçün heç bir fərqi yox idi, hansı bölgədən, hansı rayondan seçilirəmsə seçilim hər zaman bütövlükdə Azərbaycan xalqının iradəsini və Azərbaycan dövlətinin mənafeyini müdafiə etmişəm, vətəndaşların problemlərinin həllinə, Azərbaycan dövlətinin güclənməsinə yönələn qanunların Milli Məclisdə qəbul olunmasına çalışmışam. Haqqı nahaqqa verməmişəm, həmişə millətin sözünü demişəm, xalqı Azərbaycan naminə birliyə çağırmışam və Azərbaycan siyasi mühitinə vətəndaş həmrəyliyi ideyasını gətirmişəm. Milli Məclisə növbədənkənar seçkilərə bu dəfə Neftçaladan qatılıram. Azərbaycanın unikal bölgələrindən olan Neftçalanı ləyaqətlə təmsil edəcəyəm və Neftçala əhalisinin yanında olacağam”.
Məncə, namizədimizin diqqətini yalnız bu məqamlar və Neftçalanın Kürlə Xəzərin qovşağında yerləşməsi cəlb etməyib. Neftçala ictimaiyyətinin Milli Azadlıq Hərəkatında fəal iştirakı, torpaqlarımızın işğaldan azad olması uğrunda döyüşdə minlərlə neftçalalı gəncin fədakarcasına vuruşması, şəhid olması, son aprel döyüşlərində Samir İmanov kimi Milli Qəhrəmanımızın olması kimi nüanslar da Sabir Rüstəmxanlının diqqətindən yayına bilməzdi. Sabir Rüstəmxanlının bu seçimi həm də biz neftçalalılar üçün böyük bir şansdır”.
“Sabir Rüstəmxanlı deyəndə bir dağ kəndindən yol alıb ölkənin paytaxtında özünə şərəf və ləyaqət taxtı quran bir kişi yada düşür”

Görüşə ölkənin tanınmış elm, ədəbiyyat və sənət adamlarının gəldiyini bildirən Ruhəngiz xanım ilk sözü xalq artisti, Akademik Dram Teatrın aktyoru Nurəddin Mehdixanlıya verib.
O, Neftçalanın millətin ləyaqətli övladlarına dəyər verməyi bacaran insanların yaşadığı bir yer olduğunu deyib: “Burada zəhmətkeş , çörəyini halallıqla qazanan insanlar yaşayır. Azərbaycanın Milli Azadlıq Hərəkatında çox aktiv şəkildə iştirak edən, Azərbaycanın müstəqillik qazanmasında böyük rolu olan insanların yaşadığı bir rayondur Neftçala. Sabir Rüstəmxanlı bütün Azərbaycan, o cümlədən Neftçala üçün doğma adamdır. O, bütün varlığı ilə Azərbaycan, bu ad altında Azərbaycan xalqı və Azərbaycan dövləti üçün yaşayan adamdır. Sabir Rüstəmxanlı deyəndə Ana Dilimiz, tariximizin Cavad xan kimi şəxsiyyəti, Gəncə qapısı, millətimizin ömür kitabı olan “Ömür kitabı”, Meydan hərəkatı, müstəqil mətbuatın əsası olan “Azərbaycan” qəzeti, Dövlət Müstəqilliyi göz önünə gəlir. Sabir Rüstəmxanlı deyəndə Azərbaycanın bütövlüyü yada düşür. Sabir Rüstəmxanlı deyəndə bir dağ kəndindən yol alıb ölkənin paytaxtında özünə şərəf və ləyaqət taxtı quran bir kişi yada düşür. Nəhayət, Sabir Rüstəmxanlı deyəndə Azərbaycan qanunverici orqanının ən ləyaqətli, ən təcrübəli millət vəkillərindən biri yada düşür. 9 fevralda seçiləcək parlament dövlətimiz və xalqımızın tarixində mühüm rol oynayacaq. Milli Məclisdə millətin haqqı uğrunda savaşmağı bacaran, söz deməyə haqqı olan insanlar təmsil olunmalıdır. Biz bir millət olaraq bu halda qazana bilərik. Buna görə hər birimiz seçimimizdə bu məqamı nəzərə almalıyıq. Mən inanıram ki, Neftçala vətəndaşları düzgün seçim edəcək və Sabir Rüstəmxanlıya səs verəcəklər. Mən sizi Azərbaycanın haqqının ən ləyaqətli vəkilinə, “Ömür kitabı”na, Cavad xana – Sabir Rüstəmxanlıya səs verməyə çağırıram”.

“Sabir Rüstəmxanlıya səs vermək elə Əli bəy Hüseynzadəyə səs verməkdir”

Daha sonra çıxış edən “Ədəbiyyat” qəzetinin baş redaktoru, əməkdar mədəniyyət işçisi Azər Turan Sabir Rüstəmxanlının Nefçala üçün çox böyük şans olduğunu bildirib: “Mən bura həm də öz yerlilərimə Sabir Rüstəmxanlının Neftçaladan deputat olması Neftçalanın problemlərinin həllinə inanılmaz dəstək olacağını deməyə gəlmişəm. Sabir Rüstəmxanlı Uyğurstandan ABŞ Konqresinə qədər Azərbaycan dərdlərini danışan adamdır. Bu həm də Neftçalanın, neftçalalıların problemlərinin dilə gətirilməsi, həll olunması deməkdir. Buna görə, 9 fevralda neftçalalıların Sabir Rüstəmxanlıya səs verəcəklərinə əminəm. Bizim dövlət bayrağımızı yaradan insanlar bu torpağın övladıdır. Əli bəy Hüseynzadə bu bayrağı yaradan şəxsiyyətlərdən idisə, Sabir Rüstəmxanlı bu bayrağı ucaldan şəxsiyyətlərdəndir. Mən bu görüşə gəldim öz həmyerlilərimə deyim ki, Sabir Rüstəmxanlıya səs vermək elə Əli bəy Hüseynzadəyə səs vermək deməkdir”.

“Neftçala camaatı Sabir Rüstəmxanlını millət vəkili seçərək bir dəyərə sahib olacaqlar”.

Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev Sabir Rüstəmxanlının Dünya Azərbaycanlılarının həmrəyliyi üçün gördüyü işlərdən danışaraq, onun bir şəxsiyyət, siyasət adamı kimi Milli Məclisdə yerinin əvəzsiz olduğunu bildirib: “Sabir Rüstəmxanlı nə qədər mülayim və humanist ruhlu insan olsa da, milli, xalqın və dövlətin haqqı olan məsələlərdə bir o qədər də sərtdir. Inanıram ki, sizin hər biriniz seçki məntəqələrinə gələrək, millətin düşmənlərinə sərt, öz xalqına humanist olan şair və siyasətçi Sabir Rüstəmxanlıya səs verəcəksiniz. Neftçalanın millət vəkili olaraq onun sizin yanınızda olacağına əmin olun.”

Türk dünyasının tanınmış şairi Rüstəm Behrudi söz alaraq Sabir Rüstəmxanlı ilə bağlı xatirələrin danışıb: “Sabir Rüstəmxanlı özündən sonrakı nəsil üçün əvəzolunmaz bir müəllim oldu. Bu müəllimlik həm də Meydan günlərindən başlayan Milli Azadlıq Hərəkatında da davam etdi. Bir şair, bir siyasətçi, bir hərəkatçı, bir dost kimi ən yüksək dəyərə və qiymətə malikdir. Neftçala camaatı Sabir Rüstəmxanlını millət vəkili seçərək bir dəyərə sahib olacaqlar”.

“Bu elin sevinci bundan sonra daha çox olacaq”
Sonda Sabir Rüstəmxanlı çıxış edərək hər kəsə təşəkkürünü bildirib: “Mənim haqda xoş sözlər deyən hər kəsə təşəkkür edirəm. Bu günə qədər keçdiyim yolda mənimlə çiyin-çiyinə olan dostların, əqidə yoldaşların hamısını bura dəvət etsəydim, bu zal onlar üçün azlıq edərdi. Bu gün bura gələn hər kəsə təşəkkür edirəm. Xüsusilə Neftçala camaatına minnətdaram. Mən burda çox böyük sevgi gördüm. Neftçala camaatının sevgisi məni duyğulandırdı. Eyni zamanda ən ucqar kənddə sadə bir vətəndaşın belə dövlətçilik, milli maraqlar baxımdan prosesləri düzgün təhlil edib, ən mükəmməl baxışla baxması məni çox sevindirdi. Bir daha əmin oldum ki, Türk Dünyasının böyük fikir adamı, üçrəngli bayrağımızın ideoloji yaradıcısı Əli bəy Hüseynzadənin, mənim dostum, üsyankar şair Xəlil Rzanın ruhu bu yerlərdədir.

Təvazökarlıqdan uzaq olsa da, özümü dərk edəndən, 20 yaşından bu xalqın ruhu, ürəyi, ləyaqəti olaraq yaşamağa çalışmışam. Ona görə Neftçala da mənim üçün doğma məkandır. Yurdumun bir parçasıdır. Mən 1988-ci ildə bakılı, naxçıvanlı, qarabağlı olaraq toparlanıb azərbaycanlı kimi ayrıldığımız Meydana 17 gün rəhbərlik edən bir şəxsəm. Bu vətənin Təbrizi də, Bakısı da, Şirvanı da, Muğanı da mənim üçün vətəndir. Mənim üçün mübarizə millət vəkili olmaq mübarizəsi deyil. Mən ədəbiyyatda, Milli Azadlıq Hərəkatında qazandığım nüfuzu qazanmışam, millət vəkilliyi statusu bunlardan üstün deyil. Mənim üçün mübarizə bu millətin haqqı, Azərbaycan insanının hüququ, vətənin dərdləri uğrundadır. Meydan hərəkatı zamanı atam mənə bir məktub yazmışdı, demişdi ki, bu sistem 37-ci ildə sənin kimi çoxlarını məhv edib, sən də çox arxayın olma. Gərək, bu yola girməyəydin, əgər girmisənsə onda axıra kimi get! Mən axıra kimi bu yolu gedəcəm! Mən sona qədər bu millətin yolundayam!

Mən bu günlər ərzində 30-dan artıq görüş keçirmişəm. Bu görüşlərdə insanların sevgisini görməklə yanaşı, Neftçalanın problemlərini də gördüm, bildim. Təbii ki, seçiləcəyim təqdirdə bura tez-tez gələcəm. Problemlərin həlli üçün nə mümkündüsə edəcəyəm. Mən demirəm ki, bir sehrli çubuqla hər şeyi bir anda dəyişmək olacaq. Amma bir kənddə bir qadının dediyi kimi, neftçalalılar belə yaşamalı deyil axı. Qaz çəkilməyən kəndlər var, hələ də kanal suyu içən kəndlər var. Bu belə olmamalıdır. Mən bu rayonun, bu insanların yanında olacağam. Onların dərdi-səri ilə bir yerdə olacağam, onların sevincini bölüşəcəyəm. İnanıram ki, bu elin sevinci də bundan sonra daha çox olacaq. Sizin hər birinizə, bütün Neftçala camaatına bu sevgiyə görə təşəkkür edirəm”.
Görüş bədii hissə ilə davam edib.

(Bakupost.az)

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …