“Zəngəzur dəhlizi Türk Dövlətləri Təşkilatı çərçivəsində ticarətin artırılması üçün böyük potensiala malikdir”.
Boyukmillet.com xəbər verir ki, bunu Şuşada keçirilən, Qarabağın bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumunda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib.
“Azərbaycan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin ticarət-iqtisadi əlaqələrinin inkişafına böyük töhfə verib.Türk dövlətləri arasında əməkdaşlığın əsas prinsipi ticarət-iqtisadi sahədə əməkdaşlıqdır. Bu gün türkdilli ölkələrin illik ticarət dövriyyəsinin dəyəri 5 milyard ABŞ dollarıdır ki, bunun da 15%-i Azərbaycanın payına düşür. Biz bu ölkələr arasında ticarət potensialını 500 milyard dollar səviyyəsində görürük”, – deyə o qeyd edib.
Bundan başqa, S.Məmmədov əlavə edib ki, Qarabağın bərpası və onun ölkənin iqtisadi dəyər zəncirinə re-inteqrasiyası Azərbaycan hökumətinin qarşısında duran əsas məsələlərdən biridir: “Təsadüfü deyil ki, ölkə prezidentinin təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində post-müharibə və post-pandemiya dövrü üçün iqtisadi artımın daha dayanıqlı drayverlərinin hərəkətə gətirilməsi, iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi ilə yanaşı, azad edilmiş ərazilərin re-inteqrasiyası və böyük qayıdış kimi mühüm məsələlər də əhatə olunur. Artıq hökumət bu istiqamətdə işlərə başlayıb. İlk növbədə, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi və baza infrastrukturun formalaşdırılması üzrə tədbirlər həyata keçirilir. Sevindirici haldır ki, Türk şirkətləri bərpa işlərində və böyük infrastruktur layihələrinin reallaşdırılmasında yaxından iştirak edirlər.
Vurğulamaq istərdim ki, Qarabağa böyük qayıdış istiqamətində ən böyük maneə Ermənistanın basdırdığı minalardır. Ərazisinin minalarla çirklənmə səviyyəsinə görə Azərbaycan dünyada ilk üçlükdə yer alır. Hazırda bütün ərazilərdə 100 minlərlə minalardan təmizlənmə prosesi dəqiq xəritə olmadan aparılır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra azad olunmuş ərazilərdə 200-dən çox insan minalardan bu və yaxud digər şəkildə zərər görüb.Lakin bütün çətinliklərə baxmayaraq Azərbaycanın ildırım sürəti ilə bərpa işlərinə start verib və bütün Qarabağ tikinti meydançasına çevrilib. Tədbirlərin sistemli, əlaqəli və mütərəqqi təcrübələr əsasında həyata keçirilməsi üçün təşkilati qərarlar verilib, idarəetmə institutları yaradılıb, bir sıra ərazilərin baş planları təsdiqlənib, digərləri hazırlanmaqdadır. Qısa müddət ərzində Şuşaya Zəfər yolu çəkilib, bir sıra ərazilərdə yol infrastrukturu yenidən qurulub, yeni enerji gücləri yaradılıb və digər zəruri ictimai obyektlər tikilib. Ötən il Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Füzulu beynəlxalq hava limanı istifadəyə verilib və artıq Zəngilan beynəlxalq hava limanında işlər tamamlanmaq üzrədir”.
Onun sözlərinə görə, Qarabağda quruculuq işlərində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə olunur: “Yaşıl enerji” zonası və ağıllı şəhər / ağıllı kənd konsepsiyaları əsasında bərpa olunması nəzərdə tutulan Qarabağ ərazisi dünyanın ən müasir yaşayış məskənlərindən biri olacaq. Bu yaxınlarda, Zəngilanda Ağalı – “ağıllı kənd” layihəsinin I mərhələsi tamamlanıb və bir sıra kənd sakinləri artıq öz doğma yurduna qayıdıb. Azərbaycan Qarabağda bərpa-quruculuq işlərinə tərəfdaş ölkələrdən investisiyaların cəlb olunmasında maraqlıdır. Hökumətimiz bu bölgəyə hazırda böyük sərmayələr yatırır. İşğaldan azad edilmiş ərazilərimizin iqtisadi re-inteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-tranzit dəhlizlərinin imkanlarından faydalanmaq həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafına böyük təkan verəcək. Qarabağ bölgəsi nəqliyyat-tranzit, bərpa olunan enerji, kənd təsərrüfatı, sənaye, dağ-mədən və digər sahələrdə böyük potensiala malikdir”.