44 günlük Vətən müharibəsində igidlik və rəşadət göstərmiş Vətən Müharibəsi Qəhrəmanı Sübhan Rahim oğlu Cəbrayılovun şəhadətinin ildönümünü ilə əlaqədar onun adını daşıyan Salyan Peşə Liseyində anım mərasimi keçirilib.
Boyukmillet.com xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, şəhid valideynləri, rayon ictimaiyyətinin nümayəndələri və liseyin pedaqoji kollektivi iştirak ediblər.
Tədbirdə bildirilib ki, Salyan rayonunun Marışlı kəndində doğulan Sübhan Cəbrayılov ömrünün 20 ilə yaxın hissəsini orduda və onun Xüsusi Təyinatlı Qüvvələrində xidmətdə keçirib. O, Aprel döyüşlərində də igidliyi ilə döyüş yoldaşlarına nümunə olub. Sübhan Cəbrayılov Vətən müharibəsinin ilk günündən ağır döyüşlərdə fədakarlıqla vuruşub və 30 yaşayış məntəqəsinin alınmasında iştirak edib. O, oktyabrın 19-da gedən ağır döyüşlər zamanı şəhid olub.
Vətən müharibəsində göstərdiyi igidliyə görə Prezident İlham Əliyev tərəfindən bir sıra medallarla təltif olunub və Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Anım günündə iştirak edənlər Ordumuzun gücündən, Müzəffər Ali Baş Komandanın sərkərdəlik məharətindən, xalqımızın müharibədə nümayiş etdirdiyi birlikdən bəhs ediblər.
Qeyd edilib ki, şəhid və qazi ailələri daim ölkə başçısının və Birinci xanım Mehriban Əliyevanın qayğısı ilə əhatə olunublar.
Tədbir Sübhan Cəbrayılov adına Salyan Peşə Liseyinin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etdirilib.