Bu klub mənim üçün həddindən artıq maraqlıdır.
Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında İspaniyanın “Barselona” klubunda təcrübə keçən “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
46 yaşlı mütəxəssis Kataloniya təmsilçisinin düşərgəsinə yollanmaqda ona yardımçı olanlara təşəkkür edib: “Burada təcrübə keçəcəyimi eşidəndə sevinmişdim. Həftəsonunadək müxtəlif görüşlərim olacaq. Azərbaycan qayıdandan sonra daha ətraflı danışa bilərəm. Xavi və ya digər baş məşqçinin olması fərq etmir, “Barselona”da oyun üslubu var. Xavi gənc mütəxəssisdir, onun işini də bəyənirəm. Çempionlar Liqasında Fransada PSJ ilə matçda, La Liqada “Real”la görüşdə göstərdiyi futbol xoş idi. Akademiyadan gənclər komandaya cəlb edilir və əsas heyətdə meydana çıxırlar. Onların oyuna adaptasiyası, fiziki hazırlıqları, gəncləri mental olaraq necə hazırlanması mənə maraqlıdır. Artıq onlar nələr etməli olduqlarını bilirlər. Buraya gəldiyim üçün şadam. Əziyyət çəkən insanlara minnətdaram”.
Abasov “Barselona”nın “Real”a səfərdə 2:3 hesabı ilə uduzduğu matça da toxunub: “El Klasiko”dakı ab-havanı canlı izləmək arzum idi. Bu qarşılaşmalarda hər iki komandanın heyətindəki oyunçulardan asılı olmayaraq həmişə gərginlik olur. Ona görə bu matçı seçdim. Görüşdən çox onun ətrafında baş verənlər maraqlı idi. Oyundan əvvəl baş verən prosesləri sözlə ifadə etmək mümkün deyil. Oyuna gəlincə, məncə, “El Klasiko”ya yaraşmayan hakimlik oldu. Günlərdir bu barədə danışılır. Bunların hamısı Barselona şəhərində müzakirə edilir. “Barselona”nın qələbə qazanmasını istəyirdim. Buradakı insanlar da yaxşı əhva-ruhiyyədə olardılar”.