Cümə , 22 Noyabr 2024
Drone Cameras

Samir Adıgözəlli: “Artıq tam sübuta yetdi ki, muzdlu döyüşçülər bizim yox, ermənilərin tərəfində döyüşür”

“Reuters” agentliyinin yaydığı bir reportajda Ermənistan tərəfdən xarici ölkə vətəndaşlarının döyüşdüyü bir daha təsdiqlənib. Məqalədə Livan vətəndaşlarının Ermənistandakı döyüşlərə cəlb edilməsindən bəhs edilir.

Yazı erməni əsilli Livan vətəndaşlarının Ermənistanda döyüşlərə necə qoşulduqları barədə məlumatlar əsasında hazırlanıb: “Livandakı maliyyə böhranı Vartkesi bu yay Ermənistana getməyə məcbur edəndə, o heç Dağlıq Qarabağda döyüşmək üçün könüllü olacağını ağlına gətirmirdi. Livanlı erməni gənc bura köçməsindən qısa müddət sonra Azərbaycan və etnik erməni qüvvələri arasında münaqişə başlayanda çox düşünmədi. Soyadı ilə tanınmamasını istəyən Vartkes telefonla “O gecə getmək istədim” dedi”.

Ermənistan Müdafiə Nazirliyinin rəsmisi isə “Reuters”ə xarici ölkə vətəndaşlarını dəqiq rəqəm qeyd etmədən “diasporadan bir çoxu” kimi təqdim edib və onların könüllü olmaq üçün müraciət etdiyini deyib: “Yerli təlimatçı deyir ki, Argentina və ABŞ kimi uzaq ölkələrdən yüzlərlə adam döyüş təlimi keçmək üçün Ermənistana gəlib”.

Yerevanda döyüş təlimatçısı, yerli və xarici könüllüləri yetişdirən Karapet Agacanyan “Reuters” agentliyinə onun düşərgəsində təxminən 10 Livan vətəndaşı olan erməninin təlim keçdiyini söyləyib. Sentyabrın sonlarında döyüşlərin başlamasından sonra cəbhə bölgəsinə getmək üçün onların Beyrutdan gəldiklərini qeyd edib: ” Cəmiyyətin üzvləri deyirlər ki, çoxsaylı erməni əsilli Livan vətəndaşları döyüşlərdən hələ bir neçə ay əvvəl Beyrutdan İrəvana gedirdilər. Livanın iqtisadi çöküşü və daha sonra avqust ayında təxminən 200 insanın ölümü ilə nəticələnən Beyrut limanındakı partlayış da bu miqrasiyanı tətiklədi.

Erməni İnqilab Federasiyası partiyasının rəhbəri, Livanın millət vəkili Hagop Pakradounyan Livandan könüllüləri qeydiyyata alan və göndərən hər hansı bir təşkilatın olmadığını söyləyib”.

Livanın böyük ölçüdə erməni şəhəri olan Ancar şəhərində isə Ermənistan tərəfdən döyüşdüyü üçün məhv edilmiş Gevork Hacyan adlı Livan vətəndaşının xatirəsi yad edilib: “O, Livanda doğulmuşdu və opera müğənnisi idi. Bir çox sakin onu qəhrəman hesab edir. Müğənninin 74 yaşlı anası Sosse Hadcyan deyir ki, günlərlə televizoru izləyib və öldürülən döyüşçülərə ağlayıb. Ancaq qardaşı ölüm xəbərini deyənə qədər oğlunun cəbhədə olduğunu bilmirmiş”.

Göründüyü kimi, hətta nüfuzlu beynəlxalq media belə Ermənistan tərəfdə muzdluların  döyüşdüyünü qeyd edir. Ancaq maraqlıdır ki, Ermənistan bu yöndə olan ittihamları Azərbaycanın üzərinə yönəltmək istəyir. Ermənistanla bağlı bu cür təkzibolunmaz faktların təqdimatını necə dəyərləndirmək olar?

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan bu cür ifşaları da həzm edə bilmir: “Son günlər obyektiv reportajlar verən dünyanın nüfuzlu media qurumlarına Ermənistanın əli ilə edilən təzyiqlərin şahidi oluruq. Fransanın nüfuzlu telekanalının jurnalistini ermənilərin necə hədələdiyini gördük. ABŞ-dakı nüfuzlu qəzetlərin redaksiyası önündə erməni diasporunun keçirdiyi etiraz aksiyalarına rast gəlirik. Bu ona görədir ki, həqiqəti eşitmək istəmirlər. Muzdlu döyüşçülərlə bağlı məsələ artıq tam faktlarla ortaya qoyulur. Livandan gəlib Qarabağdakı döyüşlərdə ölən adamın anası danışıb faktı etiraf edirsə, bundan başqa hansı mötəbər dəlil ola bilər? Ermənistanın muzdlu döyüşçülərdən istifadə etməsi artıq ənənə halını alıb. Birinci Qarabağ müharibəsində biz bunun şahidi olmuşuq. Hətta Ermənistan hökuməti onların xatirəsini “qəhrəman” kimi əbədiləşdirib də. Ancaq bu müharibə başlayan kimi Ermənistan bizi muzdlu döyüşçü cəlbində ittiham etməyə başladı. Həmin məlumatlar əsasında Fransa prezidenti belə bəyanat verdi. İlham Əliyev onlardan dəlil istəyəndə isə ortaya heç nə qoya bilmədilər. Çünki Azərbaycanın nizami ordusu var və bizə hansısa muzdlu əsgər lazım deyil. Ermənistan çıxış  yolunu Suriyada çəkilən videoları montaj edib verməkdə görür. Həmin kadrlarda danışan  əsgərin güya biz tərəfdə döyüşdüyünü etiraf etməsi iddiası irəli sürülür. Dərhal aparılan araşdırmalardan sonra məlum olub ki, həmin kadrlar Suriyaya aiddir. Bu onların çıxılmaz vəziyyətindən xəbər verir. Artıq tam sübuta yetdi ki, muzdlu döyüşçülıər bizim yox, onların tərəfində döyüşür. Yaxşı olar ki, nüfuzlu ölkələr və beynəlxalq təşkilatlar bu mötəbər dəlilləri öz hesabatlarında nəzərə alsınlar”.

Müsahibimizin sözlərinə görə, Ermənistan nə qədər muzdlu cəlb etsə də, bu müharibəni uduzacaq: “Biz bunu döyüş meydanındakı vəziyyətdən görürük. Çünki onlar şərəfsiz müharibə aparırlar”.

Məhəmmədəli QƏRİBLİ

Boyukmillet.com

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …